Avqustun 26-da Hollandiyanın Rotterdam şəhərində cüdo üzrə kişi və qadınlar arasında dünya çempionatı başlanıb. Medallar uğrunda Azərbaycan cüdoçuları da mübarizə aparır. Mötəbər yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunur. Kişi cüdoçuların yarışında Sərxan Əhmədov (66 kq), Elçin Qasımov (73 kq), Ramil Qurbanov (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparır. Qadınlar arasında isə yalnız Kifayət Qasımova (57 kq) mübarizəyə qoşulub.
Çempionatın ilk günündə yığma üzvlərindən yalnız Sərxan Əhmədov tatami üzərinə çıxıb. O ardıcıl iki qələbədən sonra 1/8 finalda uduzaraq, mükafatsız qalıb. Qitə çempionatı Elçin Qasımov üçün də uğursuz olub. O, ilk mərhələdə fransalı rəqibinə uduzduğundan təsəlliverici mərhələyə qatıla bilməyib. Dünən daha bir cüdoçumuz - Ramin Qurbanov tatami üzərinə çıxıb. Elxan Məmmədov bu gün, Elmar Qasımov isə çempionatın sonuncu günü - ayın 30-da bacarıqlarını nümayiş etdirəcək.
Kişi cüdoçulardan fərqli olaraq çempionatda yeganə qadın təmsilçimiz Kifayət Qasımova ölkəmizin idman şərəfini layiqincə qoruyub. Mübarizəyə birbaşa 1/16 final mərhələsindən başlayan Kifayət ilk görüşdə rusiyalı İrina Zabludinanı 10 saniyəyə məğlub etdikdən sonra 1/8 finalda avstriyalı Sabrina Filzmoseri yarışdan kənarlaşdırıb. 1/4 finalda cüdoçumuz macar Gedviq Karakasa məğlubiyyət acısını daddırıb.
Beləliklə, yarımfinala adlayan xanım cüdoçumuz dünya çempionu olmağa xeyli yaxınlaşıb. Lakin yarımfinada Portuqaliya cüdoçusu Telma Monteyroya uduzan Kifayət qızıl medaldan əlini üzüb. Buna baxmayaraq, o, bürünc medal uğrunda görüşdə braziliyalı Rafaela Silvanı üstələyərək Avropa çempionatının bürünc medalına sahib çıxdı.
Dünya çempionatı cüdo yığmamız üçün ilin ən vacib yarışı hesab olunsa da, millimiz mübarizəyə optimal heyətlə qatıla bilməyib. Belə ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elnur Məmmədli (73 kq) və bürünc mükafatçı Mövlud Mirəliyev (100 kq) dünya çempionatına aparılmayıblar.
|