Avropa Liqası turnirinin dördüncü təsnifat mərhələsinin cavab matçları başa çatdı. Səviyyəcə Avropanın ikinci klub yarışının qrup mərhələsində mübarizə aparacaq klubların adları məlum oldu. Təəssüf ki, bu mərhələnin iştirakçıları arasında Azərbaycan klubları yoxdur.
Avropa Liqası turnirinin dördüncü təsnifat mərhələsi klublarımız üçün uğursuz oldu. Qitə kubokları tarixində ilk dəfə qrup mərhələsinin bir addımlığında olan "Bakı" və "Qarabağ" istəklərinə çata bilmədilər. Bir həftə əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin "Bazel" klubuna 3:1 hesabı ilə uduzan Azərbaycan çempionu "Bakı" cavab matçında daha ağır məğlubiyyətə düçar oldu - 5:1.
"Qarabağ" isə Bakıda keçirdiyi matçda Hollandiyanın "Tvente" klubunun qapısına yol tapa bilmədi - 0:0. Ağdam klubu bir həftə əvvəl səfər matçında rəqibinə böyük hesabla uduzmuşdu - 3:1.
"Bakı" və "Qarabağ"ın qrup mərhələsinə keçə bilmədiyində gözlənilməz heç nə yoxdur. Klublarımız mübarizəni qrup mərhələsinin bir addımlığında dayandırsalar da, etiraf etmək lazımdır ki, onların fiziki, texniki-taktiki hazırlıq səviyyəsi Avropa kollektivlərindan gözəçarpacaq dərəcədə geri qalır. Buna baxmayaraq, futbolumuzda müsbət meyllər də var. Məsələn, heyətində 10 yerli futbolçu oynayan "Qarabağ" çox intizamlı oyun nümayiş etdirir və baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirir. Ağdam klubunun müdafiədən sürətlə hücuma keçməsi təqdir edilməli amildir.
Azərbaycan komandaları üçün Avropa turnesi başa çatdı. Sözsüz, bu turnenin lideri Avrokuboklarda keçirdiyi altı görüşün yalnız birində uduzan "Qarabağ"dır. Üç görüşdə qələbə qazanan "Qarabağ" Hollandiya və Norveç çempionatlarının güclü nümayəndələri ilə heç-heçə oynadı. "Rusenborq" kimi adlı-sanlı komandanı Bakıda məğlub edən Ağdam klubu sonuncu heç-heçə ilə UEFA reytinqində Azərbaycanın xal ehtiyatını artırdı.
Avrokuboklarda çıxışına Çempionlar Liqasında başlayan "Bakı"nın hesabına isə 1 qələbə, iki heç-heçə və üç məğlubiyyət yazıldı. Ümid edək ki, növbəti mövsüm klublarımız Avropa turnirlərində daha uğurla çıxış edəcəklər. Bunun üçün artıq kifayət qədər zəmin var.
|