![]() |
çap et |
|
|||
Avqustun 26-da Yazıçılar Birliyinin Natəvan klubunda "21 Azər" Təşkilatı, Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Seyid Cəfər Pişəvərinin 117-ci doğum günü qeyd edildi. Millətimizin görkəmli oğlu, dövlət xadimi S.C.Pişəvəri Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində dünyaya göz açıb və həyatını Azərbaycan türklərinin şərəfi, namusu və insan haqları uğrunda amansız mücadiləyə həsr edib. Bu yolda öz həyatını itirib və nəsillərə yaxşı ad qoyub getmişdir.
Dünyanın ideoloji cəhətdən iki qütbə bölünməsi ucbatından ötən əsrdə Azərbaycanın bir çox siyasi və dövlət xadimlərinin fəaliyyəti, həyatı doğru, düzgün və tərəfsiz araşdırılmadı. Bundan başqa, elə şəxsiyyətlərimiz var ki, tariximizin böyük və önəmli dövrü onların adı ilə bağlıdır. Belə şəxslər haqqında danışanda və yazanda az qala Azərbaycanın bir əsrlik tarixi xatırlanır. Onlardan biri də Güney Azərbaycanda qurulmuş ilk Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəridir (Cavadzadə). Bu adam yalnız Azərbaycan üçün deyil, bütün İranın azadlığı, qurtuluşu və demokratikləşməsi üçün ağır mübarizə yolu keçmişdir. 1941-46-cı illərdə İranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz, yaddaqalan xidmətləri İranın müasir demokratik ictimaiyyəti, xüsusən gəncliyi tərəfindən bu gün də ehtiramla yad edilir. Onun 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə birmənalı yanaşmaq mürəkkəb və çətindir. Maraqlıdır ki, ilk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin Bakıda nəşr etdirdiyi "Açıq söz" qəzetində çap etdirmişdi. Pişəvərinin həyatı, siyasi fəaliyyəti həmin dövrə uyğun olaraq, çoxçalarlı olub. Bu səbəbdən də onu fərqli mövqelərdən dəyərləndirirlər. Ancaq kimin necə dəyər verməsindən asılı olmayaraq, S.C.Pişəvəri dövrünün görkəmli, dərin təfəkkürlü, millətini sevən, vətəninə bağlı siyasi-ədəbi və dövlət xadimidir. Zaman keçdikcə onun və silahdaşlarının mübarizəsi və fəaliyyəti şübhəsiz ki, daha əhatəli bir şəkildə öyrəniləcək. 1946-cı ildə S.C.Pişəvəri başçılıq etdiyi hökumət adından BMT-yə müraciət edərək, Azərbaycan Milli Hökumətinin tanınmasını istəmişdi. Həmin müraciətdə Azərbaycan türklərinin milli müqəddəratını təyin etməsi, onların Azərbaycanı idarə etməsi üçün yetərincə güclərinin olduğu vurğulanmışdı. Onun ölümü də hələ müəmma olaraq qalmaqdadır. 1947-ci il iyunun 11-də səhər saat 6-da S.C.Pişəvəri, Nuru Quliyev, general Qulam Yəhyanın oturduğu "Ford" markalı maşını erməni sürücü Qarnik Melikyan idarə edirdi. Həmişə arxa oturacaqda əyləşən Pişəvərini bu dəfə qabaq oturacaqda, sürücünün sağında oturdublar. Yevlaxa 14-15 km qalmış "Ford" yolun sağındakı beton divara zərbə ilə dəyir. Sürücüdən başqa sərnişinlərin hər üçü xəsarət alsa da, yalnız S.C.Pişəvəri xəstəxanada dünyasını dəyişir. Əvvəlcə onu 1947-ci il iyunun 13-də Bakı ətrafında, Buzovnadakı "Yaşıl bağ" ("Nobel bağı") adlanan yerdə dəfn ediblər. 1965-ci il dekabrın 12-də isə onun məzarı oradan Fəxri Xiyabana köçürülüb. |