|
|
Şənbə, 29.08.2009
|
|
mətn ölçüsü |
|
|
|
Bu yaxınlarda oxuduq ki, YUNESKO İçərişəhəri məhv olan və dağılan abidələr siyahısından çıxarıb. Çox sevindik, ancaq bu məktubu YUNESKO-ya deyil, Sizə yazıram. Çünki hiss edirəm ki, Siz əsl bakılı qızı kimi İçərişəhəri xüsusi məhəbbətlə sevir, onun qayğısını çəkirsiniz. Ancaq iş tapşırılan çinovniklər İçərişəhərin ətraflarını bəzəyib, gözdən pərdə asırlar. Siz İçərişəhərə gələndə bura maşın buraxmır, hər yeri yuyub-təmizləyirlər. Qalan vaxtlar isə bu qoruğu, loru dildə desək, ağladırlar.
Hörmətli Mehriban xanım, İçərişəhər - xəstədir. Mən əslən İçərişəhərdənəm və burada yaşayıram. Bu qədim məkanın hər döngəsini gözüyumulu gəzərəm və onun bərbad vəziyyətinə laqeydliklə göz yuma bilmirəm. Qala divarlarının ətrafını bəzəyənlər heç vaxt daxili məhəllələri gəzməyiblər. Yəqin arxayındırlar ki, Siz də heç vaxt buralarda gəzməyəcək və bu xarabalıqları görməyəcəksiniz.
Təsəvvür edin ki, köhnə həyətlərin kanalizasiya sistemi işləmir, su boruları yüz il bundan qabaq çəkildiyindən tez-tez partlayır, elektrik naqilləri hər tərəfdən sallanıb adamın başına dəyir və külək əsəndə qırılır. Qaz boruları kustar üsulla çəkilib və o qədər köhnəlib ki, uşaqların topu dəyəndə sınır. Evlərin fasadları, eyvanları elə vəziyyətdədir ki, sanki bu dəqiqə uçacaq.
İçərişəhər əhalisinin böyük əksəriyyəti kasıb, sadə camaatdır. Hərə öz qapısının ətrafını səliqəyə salır, həyətinə əl gəzdirə bilir. Hərə öz zövqünə görə. Axı İçərişəhərə plasmas pəncərələr, müasir dəmir seyf qapılar yaraşmaz.
Bu şəhərin özünəməxsus qədim üslubda olan qapı-pəncərələrini restavrasiya etmək lazımdır. Bu işlər isə yalnız dövlət səviyyəsində aparıla bilər. Sakinlər eşidəndə ki, İçərişəhərin abadlaşması üçün dövlət külli miqdarda pul ayırıb, az qalırlar Qız qalasının başından qışqırsınlar: bəs, bu pullar hara gedir?
Hava qaralanda dar küçələr o qədər qaranlıq olur ki, göz-gözü görmür. Qala divarlarının ətrafına işıq çəkənlərə deyəndə ki, içərilərə də işıq çəkin, cavab verirlər ki, bizə göstəriş veriblər ki, ancaq ətrafları işıqlandıraq. Axı İçərişəhər ancaq qala divarlarından ibarət deyil.
Xarici qonaqlar bu küçələri gəzəndə deyirik ki, təmir gedir. Ancaq bilirik ki, özümüzü aldadırıq. Qala divarlarının ətrafına xırda daşlar düzdülər, Sizə göstərəndən sonra bu daşları söküb kanalizasiya və elektrik naqillərini bu daşların altına saldılar. O da yarımçıq, necə gəldi. Kənarlarda gözə görünən eyvanları söküb təzədən düzəltdilər, içərilərdəki eyvanlar bərbad vəziyyətdə qaldı. Həyətlərdə kanalizasiya sistemi işləmədiyindən üfunət iyindən durmaq mümkün deyil, siçovullar küçələrdə sərbəst qaçışır. Sanepidemstansiya işçilərini biz heç vaxt buralarda görməmişik. Halbuki İçərişəhərin xüsusi sanepidemiya şöbəsi olmalıdır. Buranın hər tini, hər döngəsi nəzarətdə saxlanmalı, nəzarət kameraları quraşdırılmalı, zibili küçəyə atanlar cərimələnməlidir.
Yəqin Siz yaxşı bilirsiniz ki, Avropa ölkələrində köhnə şəhərlərə, ümumiyyətlə, maşın buraxılmır. Bizim İçərişəhərə isə yalnız Siz və Prezident gələndə maşın buraxılmır. Başqa vaxtlar şlaqbaumlar simvolik xarakter daşıyır. Gecələr isə bayır şəhərin maşınları İçərişəhərdə dayanacaq yeri alır.
İçərişəhər üçün gördüyünüz işləri yüksək qiymətləndiririk. Bu qədim abidə yalnız Sizin qayğınız nəticəsində diqqət mərkəzinə gəlib. Biz, İçərişəhər sakinləri, inanırıq ki, aparılan işlər bundan da yaxşı görülə bilərdi. Və bu tarixi məkanı həqiqətən qoruğa çevirmək mümkündür. Sadəcə, ayrılan pullar səmərəli sərf olunsaydı...
Hörmətli Mehriban xanım, xahişimiz budur ki, çinovniklərə xəbər etmədən, özünüz İçərişəhərin sakinləri ilə görüşün və bu məkanın arxa məhəllələrini dolaşın. O halda çox şeyin canlı şahidi olarsınız. İçərişəhər daha böyük diqqət tələb edir. Ancaq gələndə dikdaban ayaqqabı geyməyin, arxa küçələr bərbad gündədir. Biz bakılılar Sizinlə fəxr edirik.
Hörmətlə, Tamilla Rüstəmova.
|
|
|
|
|
|
|