Aktrisa, əməkdar artist Sənubər İsgəndərli rejissorluq edəcək. Bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Vəkil hekayələri" adlı film çəkilir. Filmə əsas rejissorluğu klipmeyker Ülviyyə Könül edəcək: "Ülviyyə xanım ilk dəfə mənim "Məhəbbət olmayanda" klipimi çəkməklə ilk rejissorluq işinə başlayıb. Bu klip ona rejissor kimi uğur gətirdiyindən mənə həmişə deyir ki, "sən mənim talismanımsan". Ona görə də sözügedən filmin ikinci rejissoru kimi məni həmin filmdə görmək istədi və mən məmnuniyyətlə razılığımı bildirdim".
Sözügedən film komediya janrındadır və Ramiz Fətəliyevin ssenarisi əsasında hazırlanır. Sənubər xanım filmdəki ilk rejissorluq peşəsinin öhdəsindən layiqincə gələcəyini bildirdi. Aktrisa eyni zamanda düşünür ki, onun rejissorluğu kimlərisə qıcıqlandıracaq:
- Bir peşə sahibinin müxtəlif fəaliyyət növü ilə məşğul olmasına birmənalı yanaşmırlar. Bu gün aktrisalar arasında mahnı ifaçılığı, teleaparıcılıqla məşğul olanlar az deyil. Mən bu seçimə pis yanaşmıram. Əgər mənim peşəm aktyorluqdursa, mən mahnı da oxuya bilərəm, qiraət ustası kimi də yetişə bilərəm. Çünki bunlar mənim sənətimin bir qoludur. Amma bunu ağılla etməliyəm. Əgər həmin istedadı özümdə görmədən meydana atılıramsa, tənqidə hazır olmalıyam. Rejissorluq işinə gəlincə, uzun illər kino və ya teatr rejissorları ilə çalışmışam. Rejissorlar bizim işimizə, biz isə rejissorların işinə yaxından bələdik. Bəzən hansısa məşq zamanı aktyor rejissora hansısa məqamda kömək olur. Bu səbəbdən özümü bu peşədə görmək istədim.
Sənubər xanım deyir ki, əgər onun ilk işi uğurlu alınsa, gələcəkdə bu istiqamətdə çalışmaq niyyətindədir: "Demirəm ki, aktyorluq peşəsini ataram. Əksinə, səhnədə oynamaqla yanaşı, hansısa xırda bir əsərin kino həllini tapmasında öz imkanlarımı səfərbər edəcəyəm".
Tətildə olan Akademik Milli Dram Teatrının yeni mövsümdə üç yeni tamaşasında çıxış edəcəyini deyən aktrisa bunların Çingiz Aytmatovun "Ağ bulud", Aqata Kristinin "Tələ" və Əli Əmirlinin "Sevən qadın" əsərləri olduğunu bildirdi. Söhbət zamanı aktrisa teatr rejissoru kimi çalışmaq istəmədiyini sözünə əlavə etdi. Söylədi ki, uzun illərdir teatr rejissorları ilə eyni teatrda çalışmasına baxmayaraq, özünü bu sahədə sınamayıb:
- Ülviyyə xanımın bu təklifi məni həvəsləndirdi. Bilirəm ki, gələcəkdə hansısa bir filmi ekranlaşdırmağa başlasam, bunun öhdəsindən gələ bilərəm. Lakin teatr rejissoru olmaq barədə heç vaxt düşünməmişəm. Filmə gəlincə, mən böyük əsərləri ekranlaşdırmaqdan danışmıram. Kino sahəsində 40-50 dəqiqəlik filmlər var ki, özümü bu sahədə sınamaq istərdim".
|