Röyanın oktyabr konsertinin müddətində yenidən dəyişiklik edilib. Daha doğrusu, əvvəlcə 10 günə nəzərdə tutulan konsertin, bu günlərdə 6 gün vaxt aparacağı deyilib. Xatırladaq ki, bundan öncə konsertin sentyabrın ilk ongünlüyündə Yaşıl Teatrda olacağı deyilsə də, sənətçinin heyəti sonradan yeni tarix barədə açıqlama verdi. Bu dəfə konsertin oktyabrın 1-dən 10-dək keçiriləcəyi bildirildi. Lakin bu günlərdə yeni xəbər yayan köməkçiləri konsertin 6 gün davam edəcəyini bəyan etdilər. Röyanın prodüseri Kənanla söhbət əsnasında bəlli oldu ki, konsertin müddəti onlardan asılı olmayan səbəblərdən qısaldılıb: "Bildiyimiz kimi, konserti Opera və Balet Teatrında keçirmək planlaşdırılıb. Bunun üçün biz teatrın rəhbərliyi ilə lazımi müqavilə imzalamalı idik. Lakin bu ərəfədə bizə verilən tarixin 10 yox, 6 gün olduğu bəlli oldu. Hər iki tərəfdən asılı olmayan səbəblər üzündən konsertin tarixi bir qədər qısaldıldı".
Həkim rəyinə əsasən, Röya oktyabrın ikinci ongünlüyündə ana olacaq. 6 gün konsert verməklə adını rekord vuran sənətçi kimi tarixə yazdırmaq niyyətindədir. Lakin ana olmağına sayılı aylar qalanda müğənni fiziki gücünün 6 günlük konsertə yetəcəyinə şübhə ilə yanaşır, yaxud inanmır. Bizimlə söhbətində prodüser Kənan bildirdi ki, Röya konsertin keçirilməsi üçün bütün gücünü səfərbər edəcəyini bildirir. Daima həkim nəzarətində olan müğənni konsert günlərində müqavimətini möhkəmləndirmək üçün müalicə kursu keçəcəyini bildirib.
Prodüser qeyd etdi ki, hazırda konsertin dekorasiyaları üzərində hazırlıq işləri gedir. Eyni zamanda Röyanın bədən quruluşuna uyğun libaslar tikilir. Müğənni səhnədə sadə geyimlərdə olacağını bildirib. Onun saç düzümü də yeni olacaq. Konsertdə bir sıra sürprizlərin olacağını deyən Kənan təfərrüatı ilə danışmaq istəmədi.
|