Türkiyənin TRT kanalının bir neçə ay öncə təşkil etdiyi "Sən türkünü söylə" müsabiqəsində iştirak edən gənc ifaçı Samir Piriyev artıq fəaliyyətinin bir qolunu bu ölkəyə istiqamətləndirib. İşləri ilə bağlı son yenilikləri bizimlə bölüşən sənətçi bildirdi ki, yaxın günlərdə iki yeni mahnısını təqdim edəcək. Bəstəkar Vüsalə İlyasovanın "Sən oldun" və "Yorğunam" mahnıları üzərində çalışan ifaçı onların musiqi tərtibatı işini türk musiqiçilərə həvalə etməyi düşünür. Bunun üçün Türkiyə səfərinə hazırlaşan ifaçı oradan aldığı təklifləri də səfər ərəfəsində həyata keçirəcək.
Söhbəti zamanı vurğuladı ki, sözügedən iki mahnını türk həmkarlarından biri ilə duet şəklində oxumaq arzusundadır. Bizdə olan məlumata görə, həmin mahnılardan biri Zərrin Özərlə birlikdə ifa ediləcək. Lakin Samir duet ərsəyə gəlmədiyi üçün bu barədə əvvəlcədən danışmaq istəmədi.
|