İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"
 |
Aktyor bunu kinoya yüngül, bəsit münasibət sayır
Şənbə, 29.08.2009
|
|
Aktyor, xalq artisti İlham Namiq Kamal deyir ki, sərvət yalnız ağıllı adamlar üçün xoşbəxtlik imkanları yaradır. Sərvət arzulamazdan əvvəl ondan istifadəni bacarmaq lazımdır. Müsahibim sənətini ən böyük sərvəti hesab edir.
- Şəxsən mənə yol göstərən üç müəllimim olub. İncəsənət İnstitutuna daxil olarkən məndən Ədil İsgəndərov imtahan götürdü. Ali məktəbə onun qiyməti ilə qəbul olundum. Ədil müəllim "Azərbaycanfilm" Kinostudiyasına keçəndən sonra Azərbaycan teatrının ən böyük sütunlarından sayılan Rza Təhmasibin kursunu bitirdim. Sonra isə taleyimi Akademik Milli Dram Teatrına bağladım. Azərbaycanın ən avanqard rejissoru sayılan Tofiq Kazımovun hazırladığı əksər tamaşalarda çıxış etmişəm. Əlbəttə, insanın sabaha addımlamağında böyük müəllim və böyük şəxsiyyətlərin rolu böyükdür. Bu üç şəxsiyyətin hər biri böyük məktəb idi.
- İnsanın Ay kimi görünməyən tərəfləri olur. Bəlli olmayan tərəfləriniz hansılardır?
- Mən teatr və kino sahəsində çalışmışam. Son 10-15 ildə pedaqoji işdəyəm. Bəlkə elə tamaşaçı var ki, bunu bilmir. Artıq uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində tədrislə məşğulam. Kafedra müdiri, professoram.
Bir zaman oxuduğum ali məktəbdə illər keçəndən sonra özüm tələbə yetişdirirəm.
- "Həyat bir tamaşa, insanlar isə aktyorlardır" fikri ilə razısınızmı?
- Aktyorun teatrda və ya filmdə cilddən-cildə girmək qabiliyyəti var. Ona nə dərəcədə cildə girməyinə görə qiymət verilir. Bu gün nökər, sabah müdir, biri gün padşah ola bilirsən. O dediyiniz Şekspir kəlamına gəldikdə, bunda bir gerçəklik var. Özünə yaraşmayan rollar oynayan insanlar da var. Məsələn, mən hərdən insanlara baxanda təəccüb edirəm.
- Vaxtınızın müəyyən hissəsi məşqlərdə, səhnədə keçir. Həyatda itirdiyiniz günlər çoxmu olub?
- Özümə vaxtım çox az qalır. Daha doğrusu, boş qalmaq imkanım yoxdur. Vaxtaşırı olaraq teatr və televiziya tamaşalarında görünməli oluram.
- İndiki dublyaj işinin vəziyyəti sizi qane edirmi?
- Dublyaj çox çətin bir sahədir. Yadıma gəlir, sovet dönəmində "Azərbaycanfilm"də dublyaj studiyası vardı. Gənclik illərində ora çox gedirdim. Hər obrazı ayrı-ayrı aktyorlar səsləndirirdi, özü də həmin obraza uyğun səs çalarları olan aktyorlar dəvət edilirdi. İndi bəzən görürsən ki, iki nəfər bir filmi dublyaj edir. Bu, kinoya yüngül, bəsit münasibətdir.
- Roldan-rola girmək, başqa taleləri oynamaq sizi özünüzdən uzaqlaşdırmır ki?
- Bu artıq bizim peşəmizdir. Mən çox vaxt istəyirəm ki, tənhalığa üz tutum. Təbiətin qoynuna, yaşıllığa qaçım. Gedim Şamaxıya, orada Mədrəsə kəndində bağ evim var. Təbiət insana güc verir. İstər ekoloji təmiz hava mənasında, istər insanların bir-birinə münasibətində. Kənd mühitində baxıram ki, istər poçt işçisi olsun, istər adi bir kənd adamı, onlar mənim gələcək personajlarıma çevrilə bilər.
- Qurub-yaratmaqla, bağ-bağata qulluq etməklə aranız necədir?
- Əlbəttə, ağac da əkirəm, təmizlik işləri də görürəm. Mənim yaxın dostlarım çox deyil, amma sadiq dostlarım var. Onlarla bağda yığışır, söhbətlər edirik. Allah rəhmət eləsin, Hüseynağa Atakişiyev, Əlabbas Qədirov mənim yaxın dostlarım idi. İndi isə aktyor qardaşım Cəfər Namiq Kamal, Yaşar Nuri, Ramiz Əzizbəyli ən yaxın dostlarımdır.
Qardaşımla bir-birimizə hər bir zaman dəstək oluruq. Hətta eyni tamaşada tərəf-müqabil də olmuşuq. Məsələn, Elçinin "Mənim ərim dəlidir", Xeyrəddin Qocanın "Hərənin öz payı" əsərində tərəf-müqabil olduq.
- 60 yaşınızı ötən il qeyd etdiniz. Az yaş deyil...
- İnsan bilməlidir ki, bu dünya həmişə onun deyil. Yaş ötdükcə daha çox iş görməyə çalışıram. Sonuncu tədris ilində bir elmi iş yazdım. Adı "Sönməyən ulduzlar"dır. Müəllimlərimdən və uzun müddət mənimlə tərəf-müqabil olan, bugünkü gündə dünyada olmayan - Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, İsmayıl Osmanlı, Həsənağa Turabov, Nəsibə Zeynalova kimi sənətkarlardan, təmasda olduğum insanlardan söz açıram. Son bir neçə ildə Musiqili Dram Teatrında da çalışıram. Orada həm rol oynayır, həm də tamaşa hazırlayıram. Yeni teatr mövsümündə məni yeni tamaşalarda görəcəksiniz.
|
|
|
Oxşar xəbərlər:
İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
İlhamə Quliyeva xeyirxah pəri obrazında
"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Namiq Abdullayevi yola salmaq lazımdır
Bəstəkar Kamalın külliyatı işıq üzü görüb
|
|
|