Firəngiz Mütəllimova: "Firəngiz yatdım, Gülnar oyandım"
 |
Xalq artisti ən böyük xoşbəxtliyi sağlamlıqda görür
Şənbə, 29.08.2009
|
|
"Sumqayıtdan bir xanım gəlmişdi və mənim oynadığım bu tamaşadan sonra atdığı uşağı geri götürdüyünü söyləmişdi"
Bugünkü həmsöhbətimiz, zəngin rollar qalereyası yaratmış olan Firəngiz Bəhər qızı Mütəllimova əslən Şuşalıdır, lakin 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.
Aktrisa 30 oktyabr 1992-ci ildə qurduğu ailənin taleyi ilə bağlı xarici ölkəyə köçüb və bir müddət Türkiyədə, Dubayda, Almaniyada yaşayıb. Üçillik fasilədən sonra Bakıya qayıdan aktrisa 1996-cı ilin sentyabrında Akademik Teatrın truppasına qəbul olunub. Az sonra repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə bənzərsiz rollar oynayıb.
Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan: Gülnar ("Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", Abbas Qəhrəmanov), Mərcan ("Evləri köndələn yar", Anar), Ana və qız ("Unutmaq olmur"), Nazan ("Yad qızı", Əlibala Hacızadə), Almaz ("Topal Teymur", Hüseyn Cavid), Almaz ("Göz həkimi", İslam Səfərli), Günay ("Səninlə və sənsiz", Marat Haqverdiyev) daha çox yaddaşlara həkk olunmuşdur.
Firəngiz Mütəllimova 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
- Deyirsiniz ki, hər gün serial çəkilişinə gedirsiz, bəlkə həmin serial haqqında bizə danışasınız?
- Komediya janrında bir serialdır, ATV telekanalının sifarişi ilə çəkilir. Hələ ki, sınaq çəkilişləri gedir.
- Bu il aparıcılıq fəaliyyətinizi davam edəcəksinizmi?
- Əlbəttə. Proqram qaydasında gedir. Əvvəllər həftədə bir dəfə gedirdi efirə, artıq həftədə iki dəfə gedir. Ona görə mənə çox çətindir.
- Teatrdan aldığınız məvacib, yəqin ki, azdır?
- Əvvəllər az idi. İndi akademik statusum təsdiq olunduğuna görə 300 manata yaxın pul alıram.
- Bacınız Nərgiz niyə efirdə görünmür?
- Doğrudur, Nərgiz efirlərdə az-az görünür. Anam rəhmətə gedəndən sonra depressiyaya düşmüşdü.
Nərgiz anamla birgə qalırdı, ondan sonra bacım özünə gələ bilmirdi. İndiyədək həmin evə gedəndə, xalam qızı onun yanında qalır. Hazırda təzə evə gedəndə xalam qızı yenə onun yanında qalır. Hazırda yeni mahnılar üzərində işləyir. Nərgiz nə toya, nə də şou-proqramlara gedir, çünki mən icazə vermirəm. Onun musiqi təhsili var, pianoçudur. İstəsə dərs deyə bilər. Amma onun ürəyi müğənnilik istəyir.
- Sizi hamı Gülnar obrazı ilə tanıdı...
- Gülnar mənim ilk rolum olub. Hər zaman Tariyel Vəliyevə minnətdar olacağam ki, teatra, müsabiqəyə gələn 300-400 nəfərdən məhz məni seçdi. O məni Gülnar obrazı ilə bütün Azərbaycana tanıtdı.
- Bəs, Gülnarla Firəngiz xanımın oxşarlıqları çoxdurmu?
- Deyərdim ki, heç yoxdur. Gülnar çox ərköyün olub, mən isə heç vaxt ərköyün olmamışam. Ailədə böyüklərin sözünü iki etməmişəm, var - var, yox - yoxdur.
- Bəs, sizcə, nəyə görə Tariyel müəllim məhz sizi seçmişdi?
- Deyirdi ki, gülüşü qeyri-adi olan qız axtarır. Hətta deyirdi ki, sən o qədər gülməlisən ki, Elçin cinlənsin (gülür).
- "Vicdanla üz-üzə" tamaşası haqqında danışaq...
- Bu mənim ən çox sevdiyim obrazlardan biridir. Rəhmətlik Lütfi müəllim mənə söyləmişdi ki, işlədiyim teatra Sumqayıtdan bir xanım gəlmişdi və mənim oynadığım bu tamaşadan sonra atdığı uşağı geri götürdüyünü söyləmişdi.
- Sizcə, övladını atan anaya bəraət qazandırmaq olarmı və özünüz nə vaxtsa övladlığa götürmək istəmişsinizmi?
- Yox, istəməmişəm. Çünki uşaq götürən insanın şəraiti və dolanışığı yaxşı olmalıdır ki, bu uşağı hər şey ilə təmin edə bilsin. Mənə hələ indi hörmətli prezidentimiz İlham Əliyev tərəfindən təqaüd, ev verilib. İndi isə o qədər işim olur ki, istəməzdim ki, hansısa körpənin uşaqlıq çağını məhv edim. Bu addımı 20-30 yaşında ata bilərdim. Onda da cavan qız hardan bilsin ki, ailə quracaq, ya qurmayacaq, ana olacaq, ya olmayacaq. İndi gecdir, mən uşağın həyatı ilə oynaya bilmərəm. Bəraət qazandırmağa qalınca, yox, heç cür bəraət qazandırmaq olmaz. Mən ona görə bu obrazı belə ürəkdən oynamışdım ki, analar baxıb, heç zaman öz övladlarını atmasınlar. Baxmayaraq ki, mən ana deyiləm, uşaqları həddən çox sevirəm. Və mənim imkanım olsaydı, lap zənci uşağı da saxlaram..
|
|
|
Oxşar xəbərlər:
Milli teatr Türkiyə səfərindən qayıtdı
Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"
Röya 4 gün oxuyacaq
|
|
|