Avqustun 26-da Təhsil Nazirliyi Bakı İslam Universitetinə 5 illik müddətə lisenziya verib. Bu lisenziya ilə Azərbaycan təhsil tarixində ilk dəfə olaraq dini təhsil dövlət standartlarına uyğunlaşdırılıb. Bu barədə Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli "Turan"a bildirib. Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir, indiyə kimi universitet lisenziyasız fəaliyyət göstərirdi.
Sabir Həsənlinin sözlərinə görə, lisenziyaya uyğun olaraq, bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 il müddətində olacaq. Rektor bildirib ki, bu ildən ilk dəfə olaraq magistr pilləsinə qəbul aparılacaq. Lisenziyalı ali məktəblər üçün tələbə qəbulunu TQDK həyata keçirir, amma S.Həsənli bildirir ki, İslam Universiteti bu il bu prosesi daxili testlə aparacaq: "Çünki TQDK işini artıq başa çatdırıb. Buna baxmayaraq, bizim həyata keçirdiyimiz qəbul tam qanuni sayılacaq". S.Həsənli bildirib ki, gələn ildən isə universitetin bakalavr və magistr pilləsinə qəbul qaydalarına yenidən baxılacaq.
Rektor lisenziyanın verilməsini müsbət hal sayır: "Çünki lisenziyanın olmaması məzunlarımızın həm elmi fəaliyyətlə məşğul olmasına, həm də əmək bazarında yer tutmasına mane olur. Prezident yanında Ali Attestasiya Komissiyasında bizə davamlı olaraq bildirirlər ki, tələbələrinizin elmi işlərinin təsdiqi mümkün deyil, çünki universitetin adı Təhsil Nazirliyinin siyahısında yoxdur".
Hazırda Bakı İslam Universitetində 490 tələbə, universitetin Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt şöbələrində isə 650 tələbə təhsil alır. Bu ildən Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt şöbələrinə qəbul dayandırılıb. "Ancaq şöbələrdəki bütün tələbələr təhsilini davam etdirəcək və təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr diplomla təmin ediləcək", - deyə S.Həsənli bildirib.
Rektorun sözlərinə görə, universitetin şöbələri gələcəkdə mədrəsə statusunda fəaliyyətini davam etdirə bilər: "Şöbələr dövlət rüsumu ödəməklə lisenziya almaq hüququna malikdir. Onlar mədrəsə kimi fəaliyyət göstərəcək, ali yox, orta dini təhsil verəcəklər".
"Dini etiqad azadlığı haqqında" qanundakı yeni dəyişikliklərə görə, xaricdə dini təhsil alanların Azərbaycanda dini mərasimlərin idarə olunmasına, icmalara rəhbərlik etmələrinə məhdudiyyətlər qoyulub. Şeyxülislam Allahşükür Paşazadə bir müddət əvvəl bildirmişdi ki, bu məhdudiyyətlər dövlətin öz vətəndaşlarını qorumasına hesablanıb: "Biz "Əbu Bəkr" məscidində baş verən hadisəni unutmamalıyıq. Mənim bildiyimə görə, indiyə qədər xaricdə 5 minə yaxın azərbaycanlı tələbə dini təhsil alıb. Ancaq hamı bilməlidir ki, bizim xəttimizlə dini təhsilini təkmilləşdirmək üçün xaricə gedənlər olur. Bu qadağalar həmin şəxslərə şamil olunmur. Bəzi adamlar isə uşaq yaşlarında xaricdə dini təhsil almağa göndərilir. Söhbət məhz bundan gedir".
Bu arada Şəhidlər məscidinin açılmayacağı barədə fikirlər səsləndirilir. "Şəhidlər məscidi açılmayacaq. Biz Ramazan ayına ümid edirdik, ancaq bu ayda da məscidin açılması baş vermədi. Məscidin nə vaxtsa açılacağını deyə bilmərəm. Çox ehtimal ki, bu baş verməyəcək". Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin deyib.
Səfirlik rəsmisi bu ilin aprelində təmirə bağlanan ibadət ocağında müəyyən işlər görüldüyünü deyib. Onun sözlərinə görə, hazırda ibadət etməyə imkan olsa da, məscid açılmayıb: "Görünən odur ki, məscidin açılmasına ümid etmək olmaz. Azərbaycanda bu məsələyə cavabdeh olan şəxslər var. Bizim məscidin açılması ilə bağlı qərar vermək səlahiyyətimiz yoxdur". M.Şahin Azərbaycanda fəaliyyət göstərən digər türk məscidlərinin fəaliyyətində hər hansı problemin olmadığını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə hazırda Azərbaycanda dini icmaların yenidən qeydiyyata alınması prosesinin getdiyini deyib: "İcmalar isə məscidlərdə qeydiyyata alınır. Dini icmaların qeydiyyatı başa çatdırılandan sonra Şəhidlər məscidi ilə bağlı məsələyə baxıla bilər".
|