Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Səhiyyə xidmətlərindən yoxsullara düşən pay
Səhiyyə xidmətlərindən yoxsullara düşən pay
Qanunun verdiyi hüquqların heç 50 faizindən istifadə edilmir
Şənbə, 29.08.2009

mətn ölçüsü  

Keçən il üzrə rəsmi rəqəmlərə görə, əhalimizin 13,2 faizi yoxsuldur. Bu rəqəm neft və qazla zəngin bir ölkə üçün yüksək sayıldığını bir kənara qoyaq. Bəs, bu kateqoriyadan olan insanların səhiyyə xidmətlərinə çıxış imkanları nə şəkildədir? Hər halda, aparılan sorğularda adamlar əlavə dövlət investisiyalarının zəruri istiqamətləri arasında birinci səhiyyəni göstərirlər. Bu ondan xəbər verir ki, sadə vətəndaşın, özəlliklə də yoxsulluq məngənəsində sıxılanların keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanları məhduddur.

1997-ci ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda səhiyyə sisteminin maliyyələşdirilməsini, əhalinin xüsusi qrupları üçün tibbi yardım göstərilməsini dövlət öz üzərinə götürüb. Amma qanundan irəli gələn bu tələb ölkə səhiyyəsində öz əksini tapmır. İqtisadçı İlkin Nəzərov "Ayna"ya müsahibəsində situasiyanı qiymətləndirir və təkliflərini verir. Nəzərov deyir:

- Hökumət neft gəlirlərinin bir hissəsini insan kapitalının inkişafına yönəldir. Mədəni ölkələrdə bu məsələ öndədir. Bu məqsədə çatmaq üçün əsas vasitələrdən biri - səhiyyə xidmətlərini yüksəltməkdir. İnsan kapitalının inkişafı, keyfiyyətli səhiyyə xidmətlərinə bərabər çıxış imkanlarının təmini və bununla da yoxsulluğu azaltmaq xətti götürülüb. Misal olaraq, 2008-2015-ci illərdə "Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı", "Azərbaycanın regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf proqramı" kimi sənədlərdə səhiyyənin inkişafı, xüsusilə yoxsulların səhiyyə xidmətlərinə çıxışlarını yaxşılaşdırmaqla bağlı prioritet istiqamətlər müəyyən edilir. Fəqət proqramların ünvanlılığı arzuedilən səviyyədə deyil.

- Yəni imkansız pasiyentlər qanunvericiliyin verdiyi imkanlardan yararlana bilmir...

- 1997-ci il qanununda pensiyaçıdan tutmuş həbsdə olan insanın tibbi yardım almaq hüquqları təsbit edilib. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi sənədlərdə tənzimlənir. Təbii ki, insanlar bunlardan xəbərdar olmalıdır. Lakin araşdırmalar göstərir ki, əhali öz səhiyyə hüquqlarından lazımınca xəbərdar deyil, qarşı tərəf bunu bilir və bundan yararlanır.

REKLAM

Səhiyyə sahəsində bu hallar var. Mənə görə, vətəndaşlar öz hüquqlarının heç 50 faizindən də istifadə etmir. Çünki bunu bilmirlər.

Qanunla yanaşı, məqsədli dövlət proqramları da müvafiq xəstəliklərin daşıyıcılarına imtiyazlar verir. Məsələn, qan və qan komponentlərinin donorluğu, talassemiya və irsi qan xəstəlikləri, xroniki böyrək çatışmazlığı, yoluxucu xəstəliklərin ümumi profilaktikası, onkoloji xəstələrin həyati vacib dərman preparatları ilə təmini üzrə tədbirlər proqramı, ana və uşaqların sağlamlığının qorunması haqqında proqram, şəkərli diabet xəstələri üzrə proqramlar var. Bu xəstəliklərdən əziyyət çəkənlər dərman və digər vasitələrlə pulsuz təmin olunur.

Bundan başqa, bütün dövlət müəssisələrində profilaktik müayinə və təcili məqsədlər üçün istifadə edilən bir sıra dərmanlar pulsuzdur. Təqdirəlayiq haldır ki, son illər bu dərman və vasitələrin siyahısı tibbi müəssisələrin girişində divardan asılıb. Təcili tibbi yardım xidməti pulsuzdur.

- Fəqət etiraf edək ki, bu proqramlardan yararlanma həmişə mümkün olmur. Məsələn, şəkərli diabet xəstələri vaxtaşırı insulin çatışmazlığı ilə üzləşir...

- Yenə bunun üzərinə qayıdırıq ki, insanlar da hüquqlarını bilmirlər. Zəruri normativ-hüquqi sənədlərə əlçatanlıq səviyyəsi də aşağıdır. Yəni baş verənlərə pasiyentlərin məlumatsızlığı yol açır. Amma elə də olur ki, qarşı tərəf qanunu pozmağa elə öyrəşib ki, hüquqlarını sübut etməyə çətinlik çəkirsən. Onlar qanunun verdiyi hüquqları başa düşmək istəmirlər. Səhiyyə işçilərində qanunu pozmaq vərdişləri formalaşıb və bunu tərgitmək müşkül bir işə çevrilib.

- İnsanların sağlamlığı dövlətin sağlamlığı deməkdirsə, onda belə çıxır ki, səhiyyəmiz bunu təmin etməkdə acizdir?

- Bunu söyləməyə məcburuq. Sağlamlığın bu şəkildə qorunması ağır fəsadlar törədir. Məsələn, fərdin təhsilalma imkanlarına mənfi təsir edir. Bu gün Azərbaycanda təhsil səviyyəsi aşağı olanlar yoxsulluqdan daha çox əziyyət çəkənlərdir. Bu onu deməyə əsas verir ki, sağlamlığı qənaətbəxş olmayan uşaq gələcəyin potensial yoxsul ailə başçısıdır.

Bəli, səhiyyə xərclərinin yoxsulluğa təsiri böyükdür. Elə səhiyyə xərcləri var ki, ən yoxsul ailələrin vəziyyətini daha da pisləşdirir. Bu da onların səhhəti böhranlı həddə çatanda olur. Bu halda onlar digər xərcləri məcburi olaraq azaltmalı olurlar.

Ana və uşaq sağlamlığı, onların normal qidalanması, profilaktik müayinələrin keyfiyyətli və intensiv aparılması, yoluxucu xəstəliklərin daim nəzarətdə saxlanması, QİÇS-ə qarşı mübarizə dünyada yoxsulluqla mübarizədə başlıca elementlərdir. BMT Minilliyin İnkişaf Məqsədləri adlı sənədində bu probemlərin həllini dövlətlər üçün hədəf kimi müəyyənləşdirir. Yeri gəlmişkən, Azərbaycan 2000-ci ildə bu sənədə qoşulub.

- Ölkədə yoxsulların səhiyyəyə çıxış imkanları ilə bağlı araşdırmalar varmı?

- Dövlət Statistika Komitəsinin, bir sıra beynəlxalq təşkilatların və son illər bizim tərəfimizdən aparılan araşdırmalar, sorğular var və bunlar xoşagəlməz bir mənzərə sərgiləyir. Böyük əksəriyyət bildirir ki, onlar səhiyyə xərclərini ödəməyə vəsait tapmaqda çətinlik çəkir.

Yoxsul ailələrdə sağlam həyat tərzi aşağıdır. Onların arasında xəstələnmə səviyyəsi daha yüksəkdir. Bizim əhalinin ambulator müəssisələrə müraciəti həm MDB, həm də Şərqi Avropa ölkələri ilə müqayisədə aşağıdır.

Azərbaycan səhiyyə sahəsində qeyri-rəsmi ödənişlərin məbləğinə görə MDB-də öndədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz

Bölmənin digər xəbərləri
 
Gəncənin Doğum evi 78 yaşını haqlayıb
Amma onun nə vaxt təmir edildiyini xatırlayan yoxdur

Bəzi QHT-lər sanksiya ilə üzləşə bilər
Bəzilərinə isə qrantın həcmi artırılacaq

Bakı İslam Universiteti lisenziya aldı
Universitetin şöbələri isə mədrəsə statusu ala bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər