Yasamal rayon Məhkəməsi üç dəfə imtinadan sonra, nəhayət, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Ədliyyə Nazirliyinə qarşı iddiasını qəbul edib.
Dünən hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında işlə bağlı növbəti iclas 31 avqust saat 11:00-a təyin edilib. Bu barədə "Turan"a SMDT-nin həmtəsisçisi Bəşir Süleymanov bildirib.
SMDT-nin iddia ərizəsində Ədliyyə Nazirliyinin QHT-ni qeydiyyata almaqdan imtina etməsini əsassız elan etmək və bu qurumun əməllərini birləşmək azadlığının pozulması kimi qiymətləndirmək tələb olunur. Cari il yanvarın 26-da SMDT sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərib. Ancaq aprelin 29-da Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdərəsi sənədləri geri qaytarıb. Nazirliyin məktubunda SMDT-nin təqdim etdiyi sənədlər arasında qurumun yaradılması və nizamnaməsinin təsdiqi haqqında qərarın təqdim olunmadığı və qurumun nizamnaməsində "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun adının düzgün qeyd olunmaması göstərilib. SMDT-nin təsisçiləri Ədliyyə Nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə Nazirliyinə qarşı Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət edib.
Yasamal rayon Məhkəməsi may-iyul aylarında üç dəfə SMDT təsisçilərinin müraciətini əsassız iddialarla qəbul etməyərək, sənədləri icraata almaqdan imtina edib.
SMDT 2008-ci ilin mayında dövlət qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) keçmiş əməkdaşları tərəfindən yaradılıb. SMM Azərbaycanda 2000-ci ildən seçkilərin müstəqil monitorinqini aparırdı və ENEMO Avropa monitorinq təşkilatları şəbəkəsinə daxil idi.
|