çap et  
Bizim nazir Kilimancaro zirvəsini fəth edib
Bizim nazir Kilimancaro zirvəsini fəth edib
Bir çox kəndlərimiz isə susuzluqdan yanır
Şənbə, 22.08.2009


Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi mənzil-qərargahında ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov Azərbaycanın Afrika ekspedisiya qrupunun dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünün başa çatması münasibəti ilə mətbuat konfransı keçirib ("Turan").

Bağırov bildirib ki, 7 nəfərlik ekspedisiya avqustun 11-də yürüşə başlayıb və avqustun 16-da Kilimancaro dağının Uhuru zirvəsinə yürüş müvəffəqiyyətlə başa çatdırılıb. "Ekspedisiya Azərbaycan bayrağını, eləcə də Ulu Öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" və "Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli" sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıb", - deyə nazir deyib.

Onun sözlərinə görə, ekspedisiya elmi-tədqiqat işləri də həyata keçirib. "Yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda, bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrəndik, meteoroloji və geoloji müşahidələr apardıq. Topladığımız materiallar elmi-tədqiqat obyekti kimi mütəxəssislər tərəfindən təhlil olunacaq".

Onun sözlərinə görə, ekspedisiya məməli heyvanlar və entomofaunaya aid zəngin foto-video materiallar toplamağa müvəffəq olub.

Nazir ekspedisiyanın ümumi büdcəsinin 25 min manat olduğunu deyib. "Xərclənən vəsait universitetlərin biri və ona yaxın qurumlar tərəfindən ödənilib".

Habelə Bağırov rəhbəri olduğu federasiya üçün Bakı ilə Sumqayıt şəhərləri arasında ofis binasının tikilməkdə olduğunu deyib. Onun sözlərinə görə, federasiyanın maddi-texniki bazası da yaradılmaqdadır.

Kilimancaroya, dünyanın digər dağ zirvələrinə dırmaşmaq, əlbəttə, gözəldir. Lakin bu gün Azərbaycanın ucqar dağ kəndlərinə elmi-tədqiqat xarakterli ekspedisiyaların təşkili də vacibdir. Məsələn, Lerikin Soru, Ərdəbil, Camaşayır, Noda, Gürdəsər və sair kəndləri dəniz səviyyəsindən cəmi 1500-1700 metr hündürlükdə yerləşir və 2000-ci ildən baş vermiş güclü zəlzələdən sonra bu ərazidəki çeşmələrin suyu quruyub.

Susuzluqdan əziyyət çəkən sakinlər nə əkin-biçinlə, nə maldarlıqla məşğul ola bilir. Hətta bəzi kəndlərdə içməyə belə su tapılmır. Nəticədə isə kəndlər boşalır.

Əgər cənab nazir Azərbaycanın bu ucqar dilbər guşəsinə bir ekspedisiya həyata keçirib, rəhbərlik etdiyi geoloqlarla bərabər əhalinin su problemini həll etməyə nail olsaydı, bu yolla İranla sərhəddə yerləşən bu vacib məkanın boşalmasının qarşısı alınardı. Bu məkanda doğma insanlarımızın qəlbində böyük şəxsiyyətlərin əbədi abidəsini qurmuş olardı.

Cənab nazir başqa bir ekspedisiyasını Naxçıvanın Nehrəm kəndinə təşkil etsəydi, bu da pis olmazdı. Araz çayından cəmi 3 km aralıda yerləşən bu qədim kəndin əkin sahələri hər il dözülməz istilərdə yanıb kül olur. Nazir minbir əziyyətlə məhsul becərən əməksevər nehrəmliyə və müvafiq icraçı qurumlara cəmi 3 kilometrdən su çəkilişinin mümkünlüyünü söyləsəydi, çox gözəl olardı...