Əgər Azərbaycanla NATO arasında əməkdaşlığın daha da güclənməsi, NATO standartlarının ölkə Silahlı Qüvvələrində uğurla tətbiqi qarşıya qoyulubsa, onda bu məqsədlərə qarşı çıxan, xarici ölkələrin maraqlarına xidmət edən media qurumlarının fəaliyyəti bəs nə olsun? NATO-nun tərəfdaş ölkələrlə münasibətlərə dair yeni strategiyasında yeni müddəalar əksini tapacaq və bunların arasında postsovet məkanın NATO ilə sıx əməkdaşlıq qurma perspektivinə malik ölkələrində ictimai rəyi lazımi yönə dəyişdirmək də var. Bu isə tərəfdaş ölkələrdə kənar qüvvələrin, Azərbaycanda isə İran və Rusiyanın təbliğatını həyata keçirən media qurumlarının fəaliyyətini önləmək anlamına gələ bilər. Bu diqqətçəkən məlumat "Ayna"ya Qərbdəki mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, bu və digər məsələlərlə bağlı bütün məqamların ehtiva ediləcəyi yeni strategiya alyansın 2010-cu il sammitində müzakirəyə çıxarılacaq.
Əldə etdiyimiz məlumata görə, NATO-nun yürütdüyü ənənəvi siyasətə bir qədər dəyişiklik ediləcəyi mümkündür. Xüsusilə də tərəfdaş ölkələrlə əməkdaşlığın qurulması istiqmətində. NATO-nun yeni baş katibi Anders Foqh Rasmussen alyansa tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi yönündə konkret addımlar atmaq niyyətindədir. Rasmussen tərəfdaş ölkələrlə əməkdaşlığın perspektiv planlarını yaxın vaxtlarda NATO hərbi-siyasi dairələrinə təqdim edəcək. Gələn məlumatlara görə, NATO baş katibi tərəfdaş ölkələrlə əməkdaşlıq perspektivinin müəyyənləşməsini istəyir. Bu baxımdan, hazırlanan plan aşağıdakı addımları ehtiva edir:
- Tərəfdaş ölkənin NATO ilə əməkdaşlıqda hazırkı vəziyyəti və arzularının əks olunduğu konkret sənədlərin təkmilləşdirilməsi,
- Tərəfdaş ölkənin təhlükəsizliyinin təmin olunma istiqamətində alyansın atacağı addımlar, bu çərçivədə strategiyanın hazırlanması, "Sülh Naminə Tərəfdaşlıq" planında dəyişikliklər.
- Tərəfdaş ölkələrin həyata keçirdiyi islahatların vəziyyəti və yeni əməkdaşlıq çərçivələrinin hazırlanması.
- NATO-ya üzv ölkələrin tərəfdaşlara yardım strategiyasının hazırlanması və hər bir tərəfdaş ətrafında üzv ölkələrdən ibarət müdafiə sipərinin yaradılma perspektivi.
- Tərəfdaş ölkələrdə informasiya mərkəzlərinin yaradılma prosesinin sürətləndirilməsi və təbliğat mexanizmlərinin qurulması.
Əldə etdiyimiz bilgiyə görə, NATO-da hesab edirlər ki, dünyada yaranmış hazırkı vəziyyət alyansın səmərəli perspektivlərinin yaradılması istiqamətində çətinliklər olduğunu üzə çıxarıb. Xüsusilə də Rusiya ilə münasibətlərdəki mövcud problemlər alyansın hədəflərinin müəyyənləşdirilməsində problemlər yaradır. Bu səbəbdən NATO-nun yeni rəhbərliyi xüsusilə də postsovet ölkələri ilə münasibətlərin konkret cizgilərini çəkməlidir. Bu cizgilər elə olmalıdır ki, Rusiya ilə münasibətləri daha da kəskinləşdirməsin, həm də alyansın postsovet ölkələri ilə əməkdaşlığının güclənməsinə, Əfqanıstan əməliyyatları üçün səmərəli şərait yaradılmasına imkan formalaşdırsın.
Bəzi Qərb ekspertləri düşünürlər ki, hazırkı şəraitdə NATO-nun Gürcüstan və Ukrayna ilə əməkdaşlığı gücləndirməsi və bu ölkələrin alyansa üzv olacağı ilə bağlı daim vədlər verməsi hər iki postsovet ölkəsinin xeyrindən daha çox ziyanınadır və baş verən proseslər bunu sübut edir. Həm də NATO-nun digər postsovet ölkələri - xüsusilə də Azərbaycan, Moldova, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanla əməkdaşlıq perspektivləri hələ də qaranlıqdır. Odur ki, NATO-nun həqiqətən də postsovet məkanı ölkələrinə münasibətdə yeni strategiya qəbul etməsinə zərurət yaranıb.
NATO Azərbaycanla münasibətlərdə hansı dəyişikliklər edəcək?
Görəsən, yeni strategiyanın əsas detalları nədən ibarət olmalıdır? Ekspertlərin fikrincə, bu məsələdə əsas diqqət ölkələrin ayrı-ayrı özəlliklərinə yönəldilməlidir. Həmçinin hər hansı proses təbii qaydada həyata keçirilməlidir, hansısa məcburetmə, təlqinetmə səmərə vermir.
Azərbaycanlı ekspertlər hesab edirlər ki, əgər NATO-da Azərbaycanla bağlı müəyyən planlar mövcuddursa, onda bir sıra elementlərə aydınlıq gətirilməlidir.
NATO Azərbaycanla bağlı hansı konkret hədəflərə malikdir? Əgər bu hədəf üzvlüklə bağlıdırsa, onda Azərbaycanda bu hədəfə əngəl olacaq maneələrin aradan qaldırılması istiqamətində davamlı addımlar atılması zəruridir. Alyansın yeni strategiyası ilə bağlı məlumatlı olan mənbələr bildirir ki, NATO qarşıdakı mərhələdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda sürətli dəyişikliklərə, informasiya mexanizmlərinin təkmilləşdirilməsinə üstünlük verəcək. Bu və digər addımlar nədən ibarət olacaq?
1. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində göstərilən yardımlar artırılacaq. Azərbaycanın Rusiyanın hərbi-siyasi təsirindən uzaqlaşdırılması üçün real zəmin hazırlanacaq.
2. Azərbaycanda NATO ilə əməkdaşlığın üstünlüklərini aşılayan informasiya mexanizmləri qurulacaq və ölkədə mövcud olan Avroatlantik mərkəzlərin fəaliyyəti gücləndiriləcək və sayları artırılacaq.
Birinci hədəf bu gün doğrudan da aktualdır. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində bir çox daxili və xarici əngəllər ortaya çıxıb. Xarici əngəllər əsasən NATO ölkələrinin (Türkiyə istisna olmaqla) Azərbaycan ordusuna birbaşa silah-sursat və hərbi texnika satışı və yardımı göstərə bilmədiyi ilə bağlıdır. Nəticədə Azərbaycan Silahlı Qüvvələri silah-sursat və hərbi texnika almaq üçün Rusiya, Ukrayna və Belarus hərbi sənaye kompleksinə üz tutur ki, bunun da nəticəsində səmərəli olmayan hərbi asılılıq yaranır.
Ekspertlərin fikrincə, qarşıdakı dönəmdə, postsovet məkanda alyansla sıx əməkdaşlıq niyyətini bəyan etmiş ölkələrə NATO silah-sursat və hərbi texnika yardımı və satışını həyata keçirməlidir. Bu həmin ölkələrin silahlı qüvvələrinin effektiv şəkildə NATO standartlarına uyğunlaşdırılmasını təmin edər.
NATO-nun Azərbaycanla bağlı planlaşdırdığı addımlara ölkədə Rusiyanın hərbi mövcudluğuna son verilməsi olmalıdır. Ekspertlərin fikrincə, alyans 2012-ci ilə hazır olmalıdır: arzuolunan variant Qəbələ RLS-in Rusiyaya icarə verilməsinə son qoyulmasıdır.
NATO-nun postsovet məkanında təbliğat mexanizminin təkmilləşdirilməsinə gəldikdə, ekspertlər bunu vacib hesab edirlər. Konkret olaraq hesab edilir ki, Rusiya və İranın Azərbaycanda ideoloji təbliğat maşınlarının fəaliyyətinin qarşısı alınmalıdır. Nəzərə alınmalıdır ki, son illər Azərbaycanda Rusiya siyasətini təbliğ edən qurumların sayı artıb. Artıq bir sıra informasiya resurslarında Rusiyanın Azərbaycanla münasibətlərinin, əməkdaşlığının üstünlükləri daha çox qabardılır, müəyyən müsabiqələr təşkil edilir, ölkənin ictimai şüuruna təsir edəcək addımlar atılır və s.
Bununla müqayisədə NATO-nun Azərbaycanda təbliğat maşını çox zəif işləyir. Azərbaycanda NATO ilə əməkdaşlığın üstünlüyünü göstərən çox az sayda təbliğat qurumu mövcuddur. Əgər Gürcüstanda NATO təbliğatının qurulmasında NATO informasiya mərkəzləri xüsusi rol oynayırsa, Azərbaycanla bağlı bunu demək mümkün deyil, Bakıda və Gəncədə fəaliyyət göstərən Avroatlantik mərkəzlər bu işin öhdəsindən o qədər də uğurla gəlmirlər və onların ölkənin ictimai rəyinə təsiri o qədər də güclü deyil.
Odur ki, ekspertlər hesab edir ki, NATO-nun Azərbaycanda hədəfləri və məqsədləri konkretləşdirilməlidir. Əgər NATO ilə Azərbaycanın əməkdaşlığı hazırkı şəraitdə müdafiə və təhlükəsizlik sektorunun islahını nəzərdə tutursa, bu istiqamətdə atılan və ya atılacaq hər hansı addımlar barədə ölkə ictimaiyyətinə mütləq məlumat verilməlidir.
Orduda problemlər qəsdən sızdırılır?
Reallıqda bəllidir ki, Silahlı Qüvvələrin NATO standartlarına transformasiyası ölkənin müdafiə qüdrətinin güclənməsinə birbaşa təsir göstərir. Azərbaycan Ordusunda son illərdə bir sıra NATO islahatları həyata keçirilib ki, onlar da səmərə verib. Lakin ölkə ziyalılarının, ictimai rəyi formalaşdıran şəxslərin əksəriyyətinin bu islahatlardan xəbəri yoxdur. Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətinə cavabdeh olan şəxslər isə hər hansı bir islahat barədə cəmiyyətə konkret və dolğun məlumat vermirlər. Belə olduğu təqdirdə, ölkə KİV-i məcbur olub ordudakı neqativ halları, itkiləri işıqlandırmağa meylli olur. Çünki neqativ hadisələr barədə məlumat KİV-ə daha tez və ətraflı ötürülür və bu tip informasiya axını get-gedə güclənir. Nəticədə şüurlarda istər-istəməz belə bir fikir yaranır ki, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçdikcə orduda problemlər artır. Bu, məqsədyönlü ola bilərmi? Ekspertlər bunu istisna etmir.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin təhqiqatına görə, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi prosesində həlledici qərarların qəbul olunduğu dövrdə ordudakı problemlərlə bağlı KİV-ə sızdırılan məlumatların sayı xeyli artır. Xüsusilə də son aylar ordudakı problemlərlə bağlı mətbuata əsl informasiya axını hiss edilir. "Məsələni diqqətlə araşdırdıqda bəlli olur ki, məhz son aylarda Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının və Müdafiə Nazirliyi Aparatının NATO ölkələrinin müdafiə təsisatlarının ştat-strukturuna uyğunlaşdırılması ilə bağlı həlledici qərarlar qəbul edilib. Belə olduqda hansısa hərbi məmurların islahatlardan narazı qalaraq ordudakı problemlər barədə mətbuata məlumat sızdırması ehtimalı ortaya çıxır", - deyə "Doktrina" mərkəzi bildirir.
Ekspertlərin fikrincə, Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında Silahlı Qüvvələrdə həyata keçirilən NATO islahatları barədə ölkə cəmiyyətinə davamlı informasiya vermək məsuliyyəti var və burda hər hansı "hərbi sirr" məsələsini bəhanə gətirmək düzgün deyil. "Əgər Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar barədə alyansa üzv 28 ölkənin bütün müvafiq qurumlarında (hətta onların səfirliklərində, bu baxımdan NATO ölkələrinin Ermənistandakı səfirliklərində) məlumat varsa, onda bu islahat kimdən və niyə gizlədilir?
Azərbaycan islahatları sürətləndirməlidir
Qeyd edək ki, son vaxtlar hakimiyyətə yaxın dairələrdə Azərbaycan Silahlı Qüvvələrində islahatların sürəti ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bilgiyə görə, Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) əksini tapmış islahatların həyata keçirilməsi ilə bağlı yaranmış lənglik NATO ekspertlərinin diqqətindən qaçmayıb və bu məsələ ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərildiyi barədə məlumat var.
Mənbənin xəbərinə görə, artıq Azərbaycanla NATO arasında imzalanmış sənəd 5 ilə yaxındır ortadadır. "Orada elə islahatlar var ki, onların yerinə yetirilməsi 2007-ci ilə qədər başa çatdırılmalı idi, amma bu baş verməyib. Bəzilərinin yerinə yetirilmə prosesi bu günə qədər davam etdirilir, halbuki bu islahatlar Gürcüstanda 6 aya reallaşdı", - deyə mənbə bildirdi.
Qeyd edilir ki, Azərbaycan hakimiyyəti qarşıdakı dönəmdə Silahlı Qüvvələrdə islahatları sürətləndirməyə qərar verib. Bu qərarın nə dərəcədə ciddi olub-olmadığı isə yəqin ki, yaxın vaxtlarda bəlli olacaq.
Bu prosesin səmərəli şəkildə həyata keçirilməsi NATO-nun mövqeyindən də asılı olacaq...