![]() |
çap et |
|
|||
Qarabağ məsələsinin həllində qırılma nöqtəsinə gəlindiyi (bu artıq şübhə doğurmur) bir zamanda İrəvanda nə düşünürlər? İctimai fikir nəyin üzərində dayanıb, ab-hava necədir? - bu suallar, təbii ki, bizim toplum üçün az maraq doğurmur. Bunu bilavasitə yerində izləmək imkan xaricində olduğundan oradakı ictimai fikrin ruporu olan medianı izləmək lazım gəlir və media səhifələrində yer alan bəyanatlardan, təkliflərdən, mülahizələrdən, gümanlardan, reaksiyalardan özümüz üçün nəticələr çıxarmalı oluruq.
Ölkəmiz, xalqımız, gördüyümüz işlər barədə tamam yanlış təsəvvürlər, təfəkkürün deformasiyası, kin və hiddət, bütün bu neqativlərin üstünə çökmüş ümidsizlik dumanı, vəziyyətin çıxılmazlığını ört-basdır etməkdən ötrü rəsmilərin əl atdıqları söz oyunu... Get-gedə tutqunlaşan geosiyasi perspektiv Erməni çevrələri Amerikanın, Qərbin və İsrailin İran siyasətini açıq sezilən bir həyəcanla izləməkdədirlər. Bu günlərdə mətbuat Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, Baş Qərargah rəisinin keçmiş müavini, istefada olan general-polkovnik Leonid İvaşovun belə bir mülahizəsinə yer vermişdi ki, 2020-ci ilə yaxın KTMT ətrafında vəziyyət kəskinləşəcək, qarşıdakı 10 ildə Rusiya çəkindirmə potensialını itirəcək, onun strateji nüvə qüvvələri Amerikanın nəzarət edə biləcəyi vəziyyətə düşəcək, şərqdə isə Çin öz raket-nüvə qüdrətini Rusiyanın mövcud həddinə çatdıracaq. Rusiya Uzaq Şərq və Sakit Okean rayonunda Yaponiya, güney strateji istiqamətində Türkiyədən zəif düşəcək. Ukrayna və Gürcüstanın NATO-ya qəbulu Rusiyanı Qara dəniz dövləti statusundan məhrum edəcək və Qara dəniz NATO-nun daxili akvatoriyasına çevriləcək. Ola bilsin ki, Azərbaycan bu halda NATO-ya daxil olacaq, bu isə Dağlıq Qarabağ ətrafında situasiyanı kəskinləşdirəcək və Ermənistanda daxili qeyri-sabitlik doğuracaq. İranın darmadağın edilməsi isə Ermənistanı təcrid vəziyyətinə salacaq və perspektivdə onun bir dövlət olaraq yoxa çıxmasına gətirib çıxaracaq. Leonid İvaşovun bu tutqun mülahizəsinə İrəvan mətbuatı da anlaşılan bir diqqətlə yanaşmışdı. Leonid İvaşov Ermənistanın rusiyapərəst siyasətçilərinin istinadgah bildikləri və dördəlli yapışdıqları KTMT (ODKB) barədə də tutqun proqnoz söyləyir. Onun fikrincə, KTMT ölkələrinin yalnız maddi-iqtisadi əsasda birləşmələri perspektivsizdir, çünki bazar iqtisadiyyatı "inteqrasiyanı partlatmağa, dost və müttəfiq ölkəni bir saatın içində düşmən ölkəyə çevirməyə qabil olan rəqabət mühitidir". Yəni sivil birləşdirici bünövrə itirildiyindən KTMT məkanı öz davamlılığını, dayanıqlığını qeyb edəcəkdir. Bir də ki, Rusiya KTMT ölkələrini - Rusiya, Çin və Qərb arasında manevr etməkdə ustalaşmış olan bu postsovet dövlətləri birmənalı surətdə öz ətrafında birləşdirməyə qadirdirmi? Və cəlbedici nələr təklif edir? Bu son günlərdə isə Gürcüstanın MDB-dən çıxması onlarda Ermənistan üçün əlavə problemlər yaradacağı qorxusunu doğurub. Onların təfəkküründə Gürcüstan Ermənistanı MDB-yə bağlayan ərazidir və indi bu ölkə Rusiya ilə barışmaz qarşıdurmaya gedir. MDB üzvü olan Azərbaycanla aradakı formal sərhəd isə "cəbhə xətti"dir. Ermənistan faktik olaraq MDB sərhədlərindən uzaq düşmüş bir "anklav"a çevrilir. Onu bu siyasi əraziyə yalnız Azərbaycan "bağlaya" bilər. İndiliksə sual budur ki, Rusiyadan gürcü torpağından keçməklə Ermənistana daxil olan kommunikasiyaların taleyi necə olacaq? Hər halda, Gürcüstanın MDB-dən çıxması özlüyündə Ermənistanın Rusiyadan uzaqlaşdırılmasında əlahiddə bir addım kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, Qərb analitikləri hesab edirlər ki, Rusiya tərəfindən Ermənistanın müdafiəsi və himayəsi çox davam edə bilməz. Məsələn, "The Washington Times" qəzetində bu günlərdə dərc edilmiş bir yazıda Moskva Karnegi Mərkəzinin siyasi analitiki Maşa Lipman belə bir mülahizə ilə çıxış edir və onun görümündə, Ermənistan üçün çıxış yolu öz ideologiyasını dəyişdirməsidir və dəyişdirə bilər. Xain xoflu olar İrəvan analitiklərində belə bir instinktiv narahatlıq var ki, Gümrüdəki Rusiya hərbi bazasının təchizatı üçün Rusiya Türkiyənin ərazisindən istifadə etmək istəyir və bunun üçün onların arasında nəsə gizli danışıqlar gedir. Ankaradan buna az qala söyüş kimi səslənən reaksiyalar gəldi. İrəvan "analitiklərinin hesabınca, bu gün Gümrüyə İran vasitəsilə daşımalar həddən artıq baha başa gəlir və elə bu detal onları öz alverçi düşüncələrini "qaşımağa" vadar edib ki, Rusiya öz təchizat daşımalarını az xərclə həyata keçirmə arzusunu gerçəkləşdirmək üçün Türkiyədən Ermənistana gələn yoldan istifadə etmək fikrinə düşə bilər. Onları vahiməyə salan da budur, belə ki, Türkiyənin bunun üçün şərtləri məlumdur - erməni analitiklərini narahat edən də bu elementdir. Yəni onlar narahatdır ki, Moskva bu məsələdə Ermənistana təzyiq göstərə, onu Türkiyənin (və dolayısı ilə Azərbaycanın) tələblərini yerinə yetirməyə məcbur edə bilər. Bunun forması isə öz növbəsində minimum olaraq Dağlıq Qarabağ ətrafındakı bölgələrdən dincliklə çəkilmə ola bilər. Bütün erməni çevrələri bu variantdan oddan qorxan kimi qorxurlar. Çünki onların böyük əksəriyyətində belə bir fikir özünə möhkəm yer edib ki, Dağlıq Qarabağ ətrafında heç olmasa bircə rayondan geri çəkilmə bütün Dağlıq Qarabağın onlar üçün itirilməsi demək olacaqdır. Qarabağla nə olsun? Bu saat ölkənin problemlərindən çox, erməni toplumunu ən çox bu sual düşündürür. Siyasətlə az-çox bağlı olan hər kəs bir cür mülahizə yürüdür və çox vaxt bu mülahizələr bir-birinə daban-dabana zidd gəlir. Məsələn, birinci prezident, indi isə müxalifətin "bir nömrəli" lideri Levon Ter-Petrosyan hesab edir ki, "Qarabağ artıq Azərbaycana verilib", Sarqsyan rejimi Türkiyə qarşısında "soyqırım" iddiasından əl çəkib və s. Bu, əlbəttə, bir müxalifətçinin nəyəsə hesablanmış qərəzli mülahizəsi də ola bilər. Ümumiyyətlə isə, görürük ki, mediada yer verilən mülahizələrdə Qarabağ ətrafındakı 5 rayonun ilkin mərhələdə qaytarılması onların tərəfindən "milli fəlakət"in başlanğıcı kimi qavranılır və bundan dəhşətli dərəcədə qorxuya düşürlər. İsterik siyasətçilərdən fərqli olaraq, az-çox ağlı, düşüncəsi üstündə olanlar, dünya işlərinin gedişindən az-çox reallığa yaxın biçimdə baş çıxaranlar Dağlıq Qarabağın keçmiş inzibati sərhədləri ətrafındakı rayonlardan minimum bir neçəsini dincliklə boşaltmalı olacaqları fikrini mənimsəmiş kimidirlər. Məsələn, Respublika Partiyası parlament fraksiyasından olan deputat Lernik Aleksanyan deyir ki, "erməni tərəfi azad edilmiş ərazilərdən bir neçəsini güzəştə getməlidir - özgə variant yoxdur". O deyir ki, "hər bir erməni kimi Serj Sarqsyan da mümkün qədər az sayda rayonu vermək istəyər". Deputat sözlərinə əlavə edir ki, "biz heç də onları zəbt etməmişik, o vaxt da ağlımıza gətirmirdik ki, onları tutaq və sonra Ermənistana qalsın". Onu da deyir ki, "Şuşa güzəştə gedilən ərazilərin siyahısına daxil deyil". Türklər və kürdlər gəlib Ermənistana doluşacaq Türkiyə ilə münasibətlərin normallaşması perspektivi onların əndişələrinin üstünə əndişə gətirir. Bu əndişəni ən çox körükləyən faktor bu balaca ölkənin yaşamaqda olduğu əlverişsiz demoqrafik situasiyadır. Onlar bu fikirdədirlər ki, münasibətlər yaxşılaşsa, Ermənistandan çoxlu erməni öz əcdadlarının bir zaman yaşamış olduğu Türkiyə şəhərlərinə qayıdıb, orada yüz minlərin arasında "itib-batacaq", Ermənistan ərazisinə isə çoxlu kürd və türk gəlib yerləşəcək (bu qorxuda bir həqiqət var ki, bu seysmoaktiv zona dayanıqlı dövlət qurmağa yaramır, ikincisi də, axı türklər əsrlər boyu bu dağlardan öz mal-qaraları, qoyun sürüləri üçün otlaq kimi istifadə ediblər). Deputat Stepan Safaryana görə, bu gün Ermənistanın siyasi, iqtisadi və dövlət sistemi sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən gözlənən təhlükələrə duruş gətirmək iqtidarında deyildir. Biz bunu bilirik, amma etirafı onların öz ağzından eşitmək, hər halda, maraqlıdır. "Ermənistan iqtisadiyyatı ölüdür" Bu diaqnozu da özləri qoyurlar. Bir qayda olaraq, İrəvan rəsmiləri mövcud ağır iqtisadi durumun üstünü nə qədər malalamağa çalışsalar da, bəzi rəqəmlər durumun gerçəkdən bərbad olduğunu faş edir. Məsələn, MDB Statistika Komitəsinin hesablamasına görə, Ermənistan 2008-ci ilin birinci yarısının rəqəmləri ilə müqayisədə 2009-cu ilin birinci yarısında MDB ölkələri arasında ÜDM-in azalma dərinliyi və istehlak qiymətlərinin artması üzrə göstəricidə Ukraynadan (20,3 faiz) sonra ikinci yerdədir (16,3 faiz). Üçüncü yerdə Rusiyadır (13,4 faiz). Bu göstərici İrəvan ekspertlərinin proqnozlarını alt-üst edib. Tikintidə geriləmə 53,8 faiz, sənayedə 11,5 faiz olub. Özlərini o yerə qoymayan İrəvan rəsmiləri bu tendensiyanı dünya iqtisadiyyatında ümumi geriləməyə münasibətdə "adekvat" sayırlar. Deputat Vardan Bostancyan sual edir: "Ermənistanda məgər maliyyə bazarı var?", "Məgər o mövcuddur?" Deputat açıq deyir ki, Ermənistan iqtisadiyyatı ölüdür. Açıqlanan bilgiyə görə, bu gün Ermənistanda ixrac idxaldan yeddi dəfə azdır. Bu o deməkdir ki, olan-qalan kapital Ermənistandan kənarda istehsal edilmiş mallara ödənilir, başqa sözlə, kapital ölkədən çıxıb gedir. Beynəlxalq maliyyə böhranı ilə bağlı olaraq, xaricdən yardımlar xeyli azalıb və bu ağır vəziyyət 2010-cu ilin sonlarına qədər davam edəcək - bu tarix onunla əsaslandırılır ki, həmin vaxta qədər ehtimal ki, dünya iqtisadiyyatı böhrandan çıxa biləcək və Ermənistan da kimlərdənsə az-çox yardımlar ala biləcək. Başqa bir deputatın fikrincə isə, Ermənistanın zəif iqtisadiyyatı Rusiyaya bağlıdır, Rusiyada isə böhranın ikinci mərhələsi başlanır, odur ki, Ermənistan iqtisadiyyatı üçün 20 faizlik geriləmə gözləmək lazımdır. Bizim kosmik layihəyə istehza Bu son günlərdə prezident İlham Əliyev, artıq xəbər verildiyi kimi, kosmik sənayenin yaradılması və inkişafı haqqında Dövlət Proqramını təsdiqləyən sərəncam imzaladı. Qarşıdakı illərə hesablanmış bu proqramın gerçəkləşməsi Azərbaycanın kosmik dövlətlər sırasında yer almasına gətirib çıxaracaq. Görünür, cəbhənin o tayında bizim ölkə barədə təsəvvürlər o dərəcədə deformasiyalıdır ki, bu niyyətimiz dərhal pıqqıltılı istehza doğurub və bu ironiyalarını ləzzətlə mətbuat səhifələrinə çıxarıblar. Bizim də bu kimi söz sahiblərinə əks-istehza haqqımız var. Xatırladaq ki, bir vaxtlar bizim qurucu millət kimi özümüzü təsdiqləyəcəyimizə onlar öz şəkk-şübhələrini yayır, türk etnosunu yer üzünün barbar xalqları ilə bir sıraya qoymağa, bizim barəmizdə qurucu yox, dağıdıcı millət imici formalaşdırmağa çalışırdılar. Amma biz bu gün çoxmərtəbəli binalar inşa edir, ermənilərin yalnız xəyal edə biləcəkləri yüksək səviyyəli magistral şose yolları çəkə bilir, yeraltı metro stansiyaları tikir, zavodlarımızda avtomobil, traktor, televizor, kompüter yığır, intellektual və idman yarışlarında önə çıxır, süfrəmizə bəs edəcək qədər taxıl yetişdirməyi bacarır, kolbasa üçün Hindistandan camış əti gətirmir, təyyarəmizə öz benzinimizi tökürük. Dəmir yollarımızı Avropa standartlarına uyğunlaşdırmaq planımız var. Xarici markalı avtomobillər məişətimizin ayrılmaz hissəsidir, rahat iritutumlu avtobuslarda, rahat dəmir yol vaqonlarında səyahət edirik. Yeri gəlmişkən, BTC layihəmizi də bir vaxt baş tutmaz sayırdınız, amma neçə ildir ondan uğurla istifadə edirik. Qarsı Bakı ilə birləşdirən dəmir yol xəttimizə də inanmırdınız, bir gün bu xətlə qatarları yola salıb, qarşılayanda görəcəksiniz. Öz fabriklərimizdə tikilmiş əla kostyumlar, köynəklər və ayaqqabılar geyirik. Bəsdir, yoxsa yenə sadalayaq?.. Bizim kosmosla bağlı niyyətimizə gəldikdə, İrəvanda kinayə qarışıq şübhə ilə yanaşanlara onu xatırlatmaq istərdik ki, Azərbaycan alimləri hələ 70-ci illərdən kosmik tədqiqatlarla məşğul idilər, bizdə bu sahədə zəngin təcrübi baza var və indi də işlər pis getmir. "Kosmik gəmi" söhbətinə dair izahat vermək pis olmazdı ki, öz süni rabitə peykimizin yaradılması adi bir kommersiya layihəsidir. Bu bizim üçün iqtisadi baxımdan sərfəli hesab olunur. Peyk istifadəyə veriləndən sonra Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycanı kosmik ölkə kimi tanıyacaq. Peyk istehsalçı şirkət tərəfindən Azərbaycan mütəxəssislərinin müşayiəti ilə Baykonurdan orbitə sovet raketləri vasitəsilə buraxılacaq. Peykdən əldə edilən gəlir ilk vaxtlar özxərciniödəməyə sərf ediləcək, 5-7 il əldə edilən gəlir layihəyə sərf edilən xərci ödəyəcək. Ondan sonrakı 15 ildə isə mənfəət gətirəcək. Bizim peykdən özgə dövlətlər də öz rabitə işlərində istifadə edəcəklər və bu layihə bizə 163 milyon manata başa gələcək. Hesab edirik ki, çox da böyük pul deyil, bu layihəyə girişməyə dəyər. Burada gülməli nə var ki?.. |