Dağlıq Qarabağdan danışmaq indi Qərb və Rusiya diplomatiyasının sevimli məşğuliyyətidir. Bu mövzuda bəziləri karyera qura bilirlər. Bir neçə ildir ABŞ, Fransa və rusiyalı bəzi diplomatlar "Dağlıq Qarabağ vəzifəsində uğurla çalışdıqdan" sonra daha da irəli gediblər. Rusiyanın Yuri Merzlyakovdan öncəki təmsilçisini XİN-də məsul bir vəzifəyə qoydular. Fransalı və amerikan diplomatlar da "həmsədrlik yükündən" məmnuniyyətlə ayrılıb, karyera pilləkənlərində yürüməkdədirlər. İndi də növbə bizim yaxşı tanıdığımız Metyu Brayzanındır.
Nə isə... Həmsədrlərin işləri irəli gedir, Dağlıq Qarabağın işləri isə yerində sayır. Bu məsələ ilə məşğul olanlar "başarılı", ancaq məsələnin özü "başarısız". Bu necə ola bilər? Çünki Rusiya, ABŞ və Fransa elə dövlətlər deyil ki, diplomatları baş girləyə, lakin onları irəli çəkələr. Deməli, bu adamlar iş görürlər! Sadəcə, problemi həll etmək üçün yox, həll etməmək üçün. Onlara tapşırıq belə verilib və diplomatlar üzümüzə gülə-gülə halal torpağımızı qeyri-müəyyənliyə doğru yavaş-yavaş sürükləyirlər. Məsələn, Metyu Brayzanın gülüşləri bölgədə sevinmə modelinə çevrilib. Ona bu yolda uğurlar!
Bizim problem isə ciddidir və hər zaman belə zarafatcıl ola bilmərik. Özü də diplomatını bizim meyarlara görə yarıtmaz, öz meyarlarına görə isə nümunəvi olan fəaliyyətə görə mükafatlandırırlarsa, deməli, burada dövlət səviyyəsində çox ciddi proseslər gedir. Nədən ibarətdir o proseslər?
Öncə problemi sırıdılar
Dağlıq Qarabağı bizə kənardan sırıdılar. İlk müəllif Qərb-Rusiya tandemidir. Biri sovetləri dağıdıb, gələcək işlərinə əsas hazırlayırdı, digəri imperiyanın varisi kimi buraların ağası olmaqda qalacağına mesaj verirdi. Qırılan bizlər və ermənilər oldu. Zatən ermənilər də buna həvəslə getdilər, çünki onların psixoloji kompleksləri var. Hər bir halda problemi kənardan bizə sırıyıb, adını "erməni məsələsi" qoydular. Azərbaycan dövlət kimi ayağa qalxandan sonra prosesin ikinci mərhələsinə başladılar. Bu mərhələnin adı "barış", mənası isə Dağlıq Qarabağa elə bir status verməkdir ki, sonradan istənilən vaxt həm Qərbdən, həm də Rusiyadan müdaxilə etmək mümkün olsun.
Burada da Qərbin öz hesabı, rusun öz hesabı var. Öncə "barış prosesini" nəzarətə aldılar. Gözdən pərdə asmaq üçün Türkiyəni də ora qatdılar, ancaq onu prosesə heç yaxın buraxmadılar. Bununla da məşhur həmsədrlik institutunun süründürməçi, zəhlətökən və eyni dərəcədə bizim üçün yarıtmaz olan fəaliyyəti başladı. Nəzarət əllərində olduğundan məsələni istədikləri müstəvidə qoyub, fırlatdılar. Ortalığı yalnız Qərb və Rusiyanın gözləmədiyi sürətlə Azərbaycanın dövlət olaraq güclənməsi qarışdırdı. Bir də böyük dövlətlərin öz aralarında nüfuz və enerji uğrunda savaşının qızışması təsirini göstərdi. Bu mərhələdə yeni həngamələr start götürdü.
Qərb nə istəyir?
Bu suala cavab vermək üçün uzaqlardan başlamaq lazımdır. Çünki artıq dünya bir-birindən ayrı tutula bilməyən bir sistemdir - onun bütün guşələrində böyük dövlətlərin maraqları var və onlar yerli şəraitdən elə də asılı deyil. Əsas olanı öz dövlətçilik və kültür maraqlarına uyğun saydıqları nəsnələri sırımaqdır. Buna bəziləri qloballaşma da deyir. Hər nə isə Qərb Qafqaza, o cümlədən Dağlıq Qarabağa da bu prizmadan vaxır. Neçə illərdir bu yöndə də fəaliyyət göstərir. Onların əsas vəzifəsi Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək deyil, özlərinə sərf edən geosiyasi modelinə bu problemi uyğunlaşdırmaqdır.
Bu işdə erməni marağını ciddi surətdə nəzərə almaq niyyəti də var. Belə ki, bütün dünyada müsəlman dövlətçiliyini ya zəiflətmək, ya da məzmununu dəyişmək planı var. Bu proses böyük müsəlman dövlətlərini federallaşdırmağa, digərlərində yaşayan kiçik xalqları iş başına gətirməyə və bütövlükdə hamısını nəzarətdə saxlamağa xidmət etməlidir. Məsələn, İraq, Türkiyə, Pakistan, Əfqanıstan, İran bu aqibətə sürüklənir.
Sonra növbə Uzaq Şərq ölkələri olacaq. Onların tətbiq etdikləri modelin ideologiyasını demokratiya, insan azadlığı, millətlərin öz müqəddəratını təyin etməsi kimi gəlişigözəl sözlər təşkil edir. Azərbaycan bu dalğadan kənarda qalmadı. Metyu Brayzanın Ermənistanda son olaraq dedikləri bu fikirlərin konkret təzahürüdür. O, açıq bildirdi ki, ermənilər narahat olmasınlar, Dağlıq Qarabağda referendum keçiriləcək və oradakı əhalinin 65 %-i ermənidir. Yəni birincisi, Dağlıq Qarabağın demoqrafik tərkibini Ermənistan necə təqdim edirsə, elə qəbul edirik. Halbuki Azərbaycan tərəfində tamam başqa, obyektiv rəqəmlər var. Dağlıq Qarabağda nə qədər insan yaşadığını isə yalnız məcburi köçkünlər evlərinə qayıdandan sonra dəqiqləşdirmək olar.
İkincisi, Metyu Brayza ermənilərə mesaj verir ki, referendumda müstəqil olmağa səs verin və sizi müdafiə edəcəyik. Yəni Azərbaycandan ayrılmağınızı təmin edəcəyik. Bunlar absurd iddialar deyil - Qərbin illərdir yeritdiyi siyasətin konkretliklərindən biridir. Bu zaman bu "demokrat" cənabları Qafqazda yaşayan müsəlman və türklərin haqları elə də maraqlandırmır. Məsələn, Borçalıdakı türklərin heç mədəni muxtariyyatından belə danışan yoxdur. Danışmaq istəyəni də ortadan yox edirlər, Avropanın bütün qurumları isə dərhal lal və kar olur. Dərbənddən, Çeçenistandan, İnquşetiyadan danışan yoxdur. İndi Çeçenistanda gündə bir insan haqları müdafiəçisini qətlə yetirirlər və adını da qoyurlar ki, yarıtmaz işləyirdi. Bu, Amerikanın gözünün qabağında Rusiyada baş verir.
Rusiya nə istəyir?
Bunun istədiklərinin sayı-hesabı yoxdur. Mədəniyyətinin Azərbaycanda olmasını istəyir, rus dilinin burada xüsusi status almasını istəyir, neft və qaz istəyir, türk dövlətləri üzərində qəyyumluq etməyi xoşlayır və təbii ki, Dağlıq Qarabağı tamamilə istəyir. Bəli, rəsmi şəxslərin sözdə nə deməsindən asılı olmayaraq, Rusiya hələ də Dağlıq Qarabağı öz torpağı sayır. Bunu orada söz sahibi olmaq formasında reallaşdırır. Rusiya Dağlıq Qarabağı bizdən alıb, müvəqqəti olaraq ermənilərə verib. Bu, bir həqiqətdir. İndi Dağlıq Qarabağ problemini ədalətli həll edəcək? Azərbaycanın ərazi bütövlüyünü təmin etməyin qayğısına qalacaq?
Putinin "Dağlıq Qarabağ məsələsi ilə daha yaxından məşğul olacağı" ilə bağlı Türkiyədə dedikləri isə əslində Ankaranın başına gülmək idi. Çünki problemi Rusiyanın özü yaradıb və hər zaman da çox ciddi surətdə onunla məşğul olur. Problemi həll etmək üçün yox, işğal faktına hüquqi don geyindirmək üçün. Rusiya həmişə bu mövqeyində qalacaq. İndi onun işi daha yüksək status alıb. Meydana enerji təhlükəsizliyi məsələsi çıxıb. Bu faktordan istifadə edərək, Qafqazda daha incə siyasət yeritməyə başlayıblar. Buna bir qədər fərqli müstəvidə nəzər salaq.
İki böyük dövlətin başı Qafqaz qazanına sığacaqmı?
Bu gün Dağlıq Qarabağ problemi enerji təhlükəsizliyi məsələsindən kənarda baxılmır. Bu da bizə yaxşı heç nə vəd etmir. Neft və qazı kimin hansı tərəfə daşıması gündəmin ciddi müzakirə mövzusu olub. Böyük dövlətlər Dağlıq Qarabağla bağlı vədləri o prizmada verirlər. Şərtləri də var - qarışıqlıq olmaması üçün müharibə etmək olmaz! Hər iki tərəf də bundan şantaj üçün istifadə edir.
Məsələn, Rusiya xəbərdar edir ki, enerji marşrutunda problem ola bilər. Gürcüstanı bu faktorla yedilər. Qərbə enerji getməsi dayanmadı, ancaq Gürcüstanın iki bölgəsi getdi işinin dalınca. Eyni məntiqi Dağlıq Qarabağ məsələsinə işlədilər. Ancaq Azərbaycanın dövlət olaraq gücü çox olduğundan bir az ehtiyatlı davranırlar. Azərbaycan diplomatiyası bütün gücü ilə imkanlarını ortaya qoyur və hələlik müəyyən tarazlığı saxlaya bilir. Ancaq Qərb və Rusiya çox güclüdür, onların hesabları başqadır.
Dağlıq Qarabağı enerji süfrəsində bölüşə büləcəklərmi? Hələlik dartışırlar. Tez-tez ortaya bir "model" qoyurlar. İndi bizimlə enerji anlaşması yapıb, 7 rayonu qaytarmağa söz verirlər. Bunun arxasından da Metyu Brayzanın yuxarıda xatırlatdığımız fikirləri gəlir. Deməli, öz oyunlarını davam etdirirlər. Hər mərhələdə bir məqsədə çatıb, sonra yeni mərhələ üçün plan hazırlayır, təməl yaradır, sonra başlayırlar yenidən oynamağa. Bu proses illərdir gedir, hələ dayanmaq bilmir. Biz indi gərək gözləyək görək, iki böyük dövlətin başı Qafqaz qazanına sığacaq, yoxsa sığmayacaq?! Bu başlar çox böyükdür, sığması çətin.
Amma yenə də gözləyək. Lakin Ermənistana niyə birmənalı təcavüzkarsan, işğal etdiyin torpaqlardan çıx, demirlər? Bunu demirlərsə və bizə "modellərdən" danışırlarsa, heç bir həll modeli yoxdur. Əksinə, həll etməmək modeli var. Onu reallaşdırmaqda davam edirlər. Axı, burada çox sadə bir reallıq var - bizim torpağı işğal ediblər, işğalçı getməsə, barış necə ola bilər? Zatən bu paradoksdan xarici ekspertlər də danışmışdılar. Ona görə də 7 rayon məsələsinin necə olmağı hələ tam aydın deyil.
Bunun ardınca Dağlıq Qarabağın müstəqil olması hiyləsi gələcəksə, işlər daha pis. Təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Biz ərazi bütövlüyümüzü Dağlıq Qarabağdan kənarda təsəvvür edə bilmərik. Azərbaycanın maraqları baxımından həll modeli daha önəmlidir.
Azərbaycanın problemi həll modeli
Real model budur. Azərbaycan öz vətəndaşlarına maksimum hüquq və azadlıq verməyə hazırdır. Bu yöndə ölkədə işlər gedir, hüquqi baza tam hazırdır. Azərbaycan Dağlıq Qarabağda ermənilərin özlərini idarəetməsi prinsipini də qəbul edir. Bunlar Avropa dövlətlərinin belə həsəd apara biləcəyi şərtlərdir. Təsəvvür edək ki, ermənilər demokratiyanı qəbul etmirlər. Bəli, onlar məhz demokratiyanı həzm etmir. Onların prinsipi demokratik dövlətdə yaşamaq yox, Azərbaycanı dövlət kimi parçalamaqdır. Bütün oyunları bunun başındadır. Qərb də antidemokrat və antidövlətçi ermənilri dəstəkləyir. Bu zaman özünü demokratiyanın müdafiəçisi kimi təqdim edir. Qərb bu paradoksu çözsə, Azərbaycanın təklif etdiyi həll modeli qəbul olunur. Onda bölgədə sabitlik, inkişaf və sülh bərqərar olar. Ona görə də heç kəs zəhmət çəkib Dağlıq Qarabağla bağlı həll modeli üstündə baş sındırmasın. O model var, sadəcə, Azərbaycanı dinləmək və ona əməl etmək lazımdır.