![]() |
çap et |
|
|||
Qazaxıstan, Rusiya, Azərbaycan və Türkmənistan rəhbərləri Aktauda Xəzərin statusunu müzakirə edəcəklər. İlkin məlumata görə, görüş sentyabrın 13-də keçiriləcək. Bu barədə "Trend" informasiya agentliyinə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Dörd Xəzəryanı dövlət başçılarının qeyri-formal görüşü barədə razılıq Qazaxıstan və Rusiya prezidentləri Nursultan Nazarbayevlə Dmitri Medvedyevin çərşənbə axşamı baş tutan telefon danışığı zamanı əldə olunub."Söhbət zamanı Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qeyri-formal görüşü barədə razılığa gəlinib. Görüşdə dövlətlərarası əlaqələrin inkişafı və Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsi, o cümlədən Xəzər dənizinin statusuna dair danışıqların gedişi məsələləri müzakirə olunacaq", - deyə Qazaxıstan prezidentinin mətbuat xidmətinin bir müddət əvvəl yayılan məlumatında deyilir. ![]() Qeyd edək ki, Xəzərin statusu Sovet İttifaqı dönəmində 1921 və 1940-cı illər Sovet - İran razılaşmalarına əsaslanıb. Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi indiyədək davam etdirilir, bir sıra ölkələr arasında ikitərəfli müqavilələr bağlanıb. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin Şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə imzalanıb, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. ![]() 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında 14 may 2003-cü ildə Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb. İran isə dənizin bərabər hissələrə bölünməsini təklif edir (hər ölkəyə 20 faiz). Azərbaycan dənizin bölünməsinin bu prinsipindən imtina edib - bu variantda Azərbaycana məxsus Xəzər ərazisinin üçüncü hissəsi İranın tabeliyinə keçir.Ekspertlər hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində İranın hər hansı bir iddia ilə çıxış etmək hüququ yoxdur. Tehran SSRİ dövründə ona düşmüş hissə ilə kifayətlənməlidir. Xəzərin vaxtilə SSRİ-nin ərazisi olmuş hissəsinin bölüşdürülməsi isə yalnız Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan arasında razılaşdırılmalıdır. Müşahidəçilərin fikrincə, Aktau görüşündə məhz bu kimi məsələlər müzakirə ediləcək. Xatırladaq ki, görüşə İran tərəfi dəvətli deyil. Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyası imzalayıblar. Xəzər dənizinin yeni hüquqi statusunun konvensiyaya uyğun tənzimlənməsi planlaşdırılır. Konvensiyanın mətni xüsusi işçi qrupun iclaslarında razılaşdırılıb. |