Dağlıq Qarabağdan danışmaq indi Qərb və Rusiya diplomatiyasının sevimli məşğuliyyətidir. Bu mövzuda bəziləri karyera qura bilirlər. Bir neçə ildir ABŞ, Fransa və rusiyalı bəzi diplomatlar "Dağlıq Qarabağ vəzifəsində uğurla çalışdıqdan" sonra daha da irəli gediblər. Rusiyanın Yuri Merzlyakovdan öncəki təmsilçisini XİN-də məsul bir vəzifəyə qoydular. Fransalı və amerikan diplomatlar da "həmsədrlik yükündən" məmnuniyyətlə ayrılıb, karyera pilləkənlərində yürüməkdədirlər. İndi də növbə bizim yaxşı tanıdığımız Metyu Brayzanındır.
Nə isə... Həmsədrlərin işləri irəli gedir, Dağlıq Qarabağın işləri isə yerində sayır. Bu məsələ ilə məşğul olanlar "başarılı", ancaq məsələnin özü "başarısız". Bu necə ola bilər? Çünki Rusiya, ABŞ və Fransa elə dövlətlər deyil ki, diplomatları baş girləyə, lakin onları irəli çəkələr. Deməli, bu adamlar iş görürlər! Sadəcə, problemi həll etmək üçün yox, həll etməmək üçün. Onlara tapşırıq belə verilib və diplomatlar üzümüzə gülə-gülə halal torpağımızı qeyri-müəyyənliyə doğru yavaş-yavaş sürükləyirlər. Məsələn, Metyu Brayzanın gülüşləri bölgədə sevinmə modelinə çevrilib. Ona bu yolda uğurlar!
Bizim problem isə ciddidir və hər zaman belə zarafatcıl ola bilmərik. Özü də diplomatını bizim meyarlara görə yarıtmaz, öz meyarlarına görə isə nümunəvi olan fəaliyyətə görə mükafatlandırırlarsa, deməli, burada dövlət səviyyəsində çox ciddi proseslər gedir. Nədən ibarətdir o proseslər?
Öncə problemi sırıdılar
Dağlıq Qarabağı bizə kənardan sırıdılar.
İlk müəllif Qərb-Rusiya tandemidir. Biri sovetləri dağıdıb, gələcək işlərinə əsas hazırlayırdı, digəri imperiyanın varisi kimi buraların ağası olmaqda qalacağına mesaj verirdi. Qırılan bizlər və ermənilər oldu. Zatən ermənilər də buna həvəslə getdilər, çünki onların psixoloji kompleksləri var. Hər bir halda problemi kənardan bizə sırıyıb, adını "erməni məsələsi" qoydular. Azərbaycan dövlət kimi ayağa qalxandan sonra prosesin ikinci mərhələsinə başladılar. Bu mərhələnin adı "barış", mənası isə Dağlıq Qarabağa elə bir status verməkdir ki, sonradan istənilən vaxt həm Qərbdən, həm də Rusiyadan müdaxilə etmək mümkün olsun.
Burada da Qərbin öz hesabı, rusun öz hesabı var. Öncə "barış prosesini" nəzarətə aldılar. Gözdən pərdə asmaq üçün Türkiyəni də ora qatdılar, ancaq onu prosesə heç yaxın buraxmadılar. Bununla da məşhur həmsədrlik institutunun süründürməçi, zəhlətökən və eyni dərəcədə bizim üçün yarıtmaz olan fəaliyyəti başladı. Nəzarət əllərində olduğundan məsələni istədikləri müstəvidə qoyub, fırlatdılar. Ortalığı yalnız Qərb və Rusiyanın gözləmədiyi sürətlə Azərbaycanın dövlət olaraq güclənməsi qarışdırdı. Bir də böyük dövlətlərin öz aralarında nüfuz və enerji uğrunda savaşının qızışması təsirini göstərdi. Bu mərhələdə yeni həngamələr start götürdü.
Qərb nə istəyir?
Bu suala cavab vermək üçün uzaqlardan başlamaq lazımdır. Çünki artıq dünya bir-birindən ayrı tutula bilməyən bir sistemdir - onun bütün guşələrində böyük dövlətlərin maraqları var və onlar yerli şəraitdən elə də asılı deyil. Əsas olanı öz dövlətçilik və kültür maraqlarına uyğun saydıqları nəsnələri sırımaqdır. Buna bəziləri qloballaşma da deyir. Hər nə isə Qərb Qafqaza, o cümlədən Dağlıq Qarabağa da bu prizmadan vaxır. Neçə illərdir bu yöndə də fəaliyyət göstərir. Onların əsas vəzifəsi Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək deyil, özlərinə sərf edən geosiyasi modelinə bu problemi uyğunlaşdırmaqdır.
Bu işdə erməni marağını ciddi surətdə nəzərə almaq niyyəti də var. Belə ki, bütün dünyada müsəlman dövlətçiliyini ya zəiflətmək, ya da məzmununu dəyişmək planı var. Bu proses böyük müsəlman dövlətlərini federallaşdırmağa, digərlərində yaşayan kiçik xalqları iş başına gətirməyə və bütövlükdə hamısını nəzarətdə saxlamağa xidmət etməlidir. Məsələn, İraq, Türkiyə, Pakistan, Əfqanıstan, İran bu aqibətə sürüklənir.
Sonra növbə Uzaq Şərq ölkələri olacaq. Onların tətbiq etdikləri modelin ideologiyasını demokratiya, insan azadlığı, millətlərin öz müqəddəratını təyin etməsi kimi gəlişigözəl sözlər təşkil edir. Azərbaycan bu dalğadan kənarda qalmadı.