![]() |
çap et |
|
|||
Dünya maliyyə sistemində yeni problem yaranıb - bu, kredit kartları üzrə kreditlərin qaytarılmamasıdır. Bir neçə ay öncə Amerika bankları üçün fəlakətli nəticələrə səbəb olan bu problem indi Avropanı bürüməkdədir. Xatırladaq ki, Amerikada kredit kartları üzrə borclar vaxtında qaytarılmadığı üçün ölkənin iri bankları milyardlarla dollar ziyana düşüblər. Kredit kartlarının problemi o qədər ciddi şəkil alıb ki, bəzi banklar gələcək risklərdən qorunmaq üçün müştərilərindən kartları qaytarmağı xahiş edirlər. Bank kartları üzrə Amerikanın ən böyük şirkəti sayılan "Amerikan Ekspres" buna görə mükafat da verir. "Amerikan Ekspres"in ABŞ-dakı müştəriləri borcunu qaytarıb kartı bağlayacağı təqdirdə şirkətdən 300 dollar mükafat alacaq.
BVF-nin məlumatlarına görə, amerikalılar kartlarla götürülən kreditlərə görə banklara az qala 2 trilyon dollar borcludur. Bunun 260 milyard dolları faktik olaraq "batıb". Avropada isə kredit kartlarının sahiblərinin banklara borcu 2 trilyon yarımdır. Kartlarla bağlı ən böyük problem Britaniyada qeydə alınıb. Burda təqribən 30 min nəfər özünü müflis elan edib. Ümumiyyətlə, Britaniyada banka borcu olanlar üçün "qaynar xətt" fəaliyyət göstərir. İndiyədək 41 min nəfər bu xəttə bildirib ki, banka borcunu qaytara bilməyəcək. Rusiyada isə yeni qayda tətbiq olunur. Banklara borclarını vaxtında qaytarmadığına görə, ötən il və bu ilin ilk 6 ayında 140 min Rusiya vətəndaşı xaricə gedə bilməyib. Bu barədə ORT Rusiyanın məhkəmə icraçıları xidmətinə istinadən xəbər yayıb. Xatırladaq ki, Rusiyada borcluların xaricə getməsinə maneələr 2008-ci ildən yaradılmağa başlanıb. İndiki qaydalara görə, hətta borcunu məcburi surətdə ödəyənlər də rəsmiləşdirmə işləri ilə əlaqədar olaraq bundan azı 20 gün sonra da ölkədən çıxa bilmirlər. Azərbaycan bankları isə kredit verəndə müştərinin keçmişi ilə daha çox maraqlanmağa başlayıblar. Söhbət müştərinin kredit tarixçəsindən gedir. Qeyd edək ki, bu məlumatlar Mərkəzi Bankdakı Kredit Reyestrində toplanır. 2005-ci ildən bəri hansısa bankdan bir dəfə də olsun kredit almış müştərilər və onların bu krediti necə qaytardığı barədə məlumatlar kredit reyestrində toplanıb. İndi reyestrdə 596 min borcalan haqqında 1 milyon kredit məlumatı var. Müştəriyə kredit vermək istəyən banklar onun kreditlərə qarşı necə məsuliyyətli olduğunu reyestrdəki məlumatlardan öyrənə bilərlər. Çünki reyestrdə müştərilərin davranışı barədə ən dəqiq məlumatlar, kredit qaytarma prosesinin bütün təfərrüatları qeydə alınır. Məsələn, müştəri kredit üzrə aylıq ödəməni bir neçə gün də olsa ləngidirsə, bu hökmən reyestrə düşür. Deməli, tarixçəsi pis olanların kredit almaq imkanı, demək olar, yoxdur. Reyestrdən verilən məlumata görə, bu ilin ilk 6 ayında ölkə bankları gələcək müştəriləri barədə məlumat almaq üçün reyestrə 21 min 400 dəfə müraciət ediblər. Bu, ötənilki göstəricidən təqribən 4 dəfə artıqdır. İndi ölkə banklarının əksəriyyəti müştərilərini tanımaq üçün reyestrin məlumatlarına üz tutur. Ötən il reyestrdəki məlumatlardan 17 bank istifadə etmişdisə, indi bu bankların sayı 36-ya çatıb. Kredit Reystrindən alınan məlumat bankın müştəriyə kredit verib-verməməsi üçün əsasdır. Müştəri əvvəlki kreditləri yaxşı qaytarıbsa, banklar da ona eyni münasibəti göstərir. Borcalanın kredit tarixçəsi pisdirsə, bu həmin müştəriyə kredit verməmək üçün əsasdır. Yəni onun kredit almaq imkanı sıfıra enir. Müştərilərin krediti necə qaytarmasından asılı olaraq reyestrdə onlar barədə toplanan məlumatlar iki kateqoriyaya bölünür. Təbii ki, "qara siyahı"ya borclarını ödəməyənlərin adları düşür. Qeyd edək ki, 2007-ci ilə qədər reyestrdə fiziki şəxslərin 1000 manatdan, hüquqi şəxslərin isə 5 min manatdan artıq aldıqları kreditlər əksini tapırdı. İndi isə bu hədd aradan qalxıb. Bura bütün kreditlər barədə məlumat toplanır. Hələlik reyestrə yalnız bankların kreditləri barədə məlumat toplanır. Gələn ildən bura qeyri-bank təşkilatlarının müştəriləri barədə məlumatlar da yığılacaq. Gələcəkdə reyestrdəki məlumatlar daha təfərrüatlı olacaq - yəni ən xırda məsələləri də əhatə edəcək. Yəni borcalanın təkcə bu krediti ödəyib-ödəmədiyi yox, onu necə ödədiyi barədə də məlumatlar toplanacaq. Bankirlər bununla kifayətlənmir. Vaxtilə kreditini vaxtlı-vaxtında ödəmiş və müəyyən səbəblərdən aldığı son krediti ödəməyənlərə qarşı tədbirlər görülməsinə çalışırlar. Belə ki, Azərbaycanda banka borcunu qaytarmayan müştərilərə qarşı yeni tədbirlər hazırlanır. Bankirlər kredit risklərini azaltmaq üçün krediti qaytarmayanlara qarşı cinayət işi açılmasını, belələrinin xaricə buraxılmamasını, girovların banka avtomatik keçməsini vacib sayırlar. Bununla yanaşı, banklar bildirir ki, onların əsas məqsədi girov ələ keçirmək deyil, pullarını almaqdır! Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda bank risklərini azaltmaq üçün ölkə qanunvericiliyində bəzi dəyişiklik və təkmilləşmələr aparmaq lazımdır. Ölkə bankirləri hesab edir ki, məsələn, qaytarılmayan kreditlərə görə girovların alınma prosesi sürətlənməli, kredit qaytarmayanlara qarşı cəzalar sərtləşməlidir. Çünki girovları mənimsəmə, özgələşdirmə prosesi çox uzun çəkir. Bəzən buna illər gərək olur. Bankirlər bu qənaətdədir ki, bu iş avtomatik olmalıdır. Artıq bununla bağlı hökumətdə iş aparılır. Bank rəhbərləri bunu dəstəkləyərək bildirirlər ki, bankların məqsədi heç də girovu müştərinin əlindən almaq deyil. Əsas məsələ kreditin vaxtında qaytarılmasıdır. Yəni banklar işini bu və digər girovun müsadirəsi üzərində qurmur. |