çap et  
Yararsız mallar bölgələrdə ticarət şəbəkələrinə ötürülür
Yararsız mallar bölgələrdə ticarət şəbəkələrinə ötürülür
Çünki paytaxt sakinləri mağazadan mal alanda onun istehsal müddəti ilə maraqlanırlar
Şənbə, 22.08.2009


Vaxtı keçmiş və istifadəyə yararlı olmayan ərzağın insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu demək artıqdır. Belə ərzaqla qidalanma insanda ağır xəstəliklərə, bəzən hətta ölümə səbəb olur. Bu, orqanizmdə immunitetin güclü və ya zəif olmasından asılıdır. Nə qədər çox yazılsa, nə qədər çox deyilsə də, bu gün şəhər marketlərində yararlılıq müddəti ötmüş qida məhsullarının satışına hələ də rast gəlmək olur.

Diqqətsiz alıcılar belə məhsulları aldıqlarının fərqinə belə varmır. Doğrudur, müvafiq dövlət qurumları reydlər keçirərək bu malları dövriyyədən çıxarır. Fəqət bu reydlər effekt vermir. Bu dəfə hansısa market və mağazadan yararlılıq dövrü keçmiş məhsullar çıxarılsa da, hər şeyə qazanc prizmasından baxan vicdansızlar bu əməllərindən əl çəkmir, yararsız malları satışdan könüllü olaraq çıxarmırlar.

Bu günlərdə İİN yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı paytaxtın bir sıra ticarət obyektlərində saxta və keyfiyyətsiz məhsullar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərdən də göründüyü kimi, qorxunc bir mənzərə üzə çıxıb.

Əhaliyə yararsız mallar satmış market və mağazalarla tanış olaq: Yasamal rayonunda İmran İsgəndərov və Məhəmməd Bəşirova məxsus ərzaq malları mağazaları, "Nuranə market", "Babək market", "Çinar Market", "Zirvə Market", Nəsimi rayonunda "Qardaşlar market", Xaqani Zeynalova məxsus ərzaq malları mağazası, "MİQ market", Şahverdi Abdullayevə məxsus "Xəzər market", Nizami rayonunda "İllac MMC"yə məxsus "Ayla market", Telman Rufullayevə məxsus ərzaq mağazası, "Sultan Əhməd market", "Assorti market", "Çinar market", "Bravo market", Nərimanov rayonunda Sovetxan Kazımova məxsus ərzaq mağazası, Xətai rayonunda "Eleqant market"...

Bundan başqa, Gəncə şəhərində Sərdar Əsgərova məxsus ərzaq malları mağazası, "İsmayıl" ərzaq mağazası, Sumqayıt şəhərində Alış Bəkirova məxsus ərzaq malları mağazası, Xaçmazda "Şahdağ" pərakəndə ticarət mağazası da bu sıraya aid edilir. Bu obyektlərdə ümumi çəkisi 800 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, kolbasa və qənnadı məhsulları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunmuşdur. Bu mallar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 22 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bundan başqa, Bakının Nərimanov rayonunda "V P LTD" MMC-yə məxsus "Sizin Market"də aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan, saxlama müddəti bitmiş mallar aşkarlanıb. Bildirilir ki, mayın 17-dən bu vaxta qədər xidmət əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi üçün 43 hüquqi şəxsə 165 min manat, 276 fiziki şəxsə isə 414,5 min manat cərimə tətbiq edilib.

Ekspertlər deyirlər ki, vaxtı keçmiş ərzaq mallarının satışı probleminin bir səbəbi də topdansatış şirkətləri ilə mağazalar arasındakı münasibətlərdir. Məhsulun istehsalçıları satılmayan malı geri almadığına görə satıcılar ziyana düşməmək üçün nəyin bahasına olur-olsun onu satmağa çalışırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əslində vaxtı keçmiş məhsullar problemi dünyanın, demək olar, bütün ölkələrində var. Bəzi ölkələrdə onları məhv edir, bəzilərində isə belə mallar xüsusi dükanlarda nisbətən ucuz qiymətə satılır: "Avropada isə belə məhsulları satmaq üçün ayrıca mağazalar var. Mərkəzi Avropa ölkələrində xüsusi dükanlar şəbəkəsi var. Malların yararlılıq vaxtı keçəndən sonra onlar həmin dükanlar şəbəkəsinə ötürülür. Orda xeyli ucuz qiymətə satılır".

Eyyub Hüseynovun dediklərinə inansaq, eyni proses Azərbaycanda da baş verir. Lakin gizli şəkildə. Vaxtı keçən məhsulların böyük hissəsi paytaxtdan rayonlara daşınıb orda satılır: "Şəhərdə mağazalar arasında rəqabət güclü olduğuna, həm də paytaxt əhalisi məhsulun müddəti ilə daha ciddi maraqlandığına görə belə malları kənd bölgələrində satmaq nisbətən asandır".

Problemin həlli üçün məhsulun sahibləri ilə satıcılar arasında müqavilədə malın son taleyi də göstərilməlidir. Birlik sədri deyir ki, bundan başqa, satılmayan məhsul vergidən azad olunmalıdır ki, onu satmağa ehtiyac da qalmasın. "Əgər satıcı və istehlakçı malı məhv edərsə, ondan yenə də vergi tuturlar. Əslində isə məhv olmuş mal üçün vergi verilməməlidir".

Tacirlər Birliyinin rəhbəri Sevgim Rəhmanov hesab edir ki, vaxtı keçmiş məhsulların satılmasında bütün hallarda mağaza sahibləri təqsirkardır: "Sahibkar malı qəbul etməzdən əvvəl bazarı öyrənməlidir. Yəni mağazanın sahibi bilməlidir ki, ay ərzində hansı məhsuldan nə qədər sata biləcək. Bunu müəyyənləşdirəndən sonra istehsalçıdan tələb olunan qədər mal almalıdır. Belə olsa, mal da vaxtında satılar və sonra belə problem də yaranmaz".