Ötən həftə Azərbaycan futbol çempionatında yeni mövsümün ilk oyunu keçirildi. Salyan Olimpiya Kompleksinin stadionunda təşkil olunan "Muğan" - "Standard" matçı ilə Premyer Liqanın 2009/10 mövsümü başlandı. Sayca 18-ci çempionatın ilk turunda 4 matç baş tutdu. Bunların 3-də ev sahibləri qalib gəldikləri halda, "Neftçi" ənənəni pozaraq, səfərdə üç xal qazandı. Avroliqa oyunları ilə əlaqədar "Xəzər-Lənkəran" - "Bakı" və "Turan" - "Qarabağ" görüşləri isə təxirə salındı.
Ötən mövsüm Premyer Liqada yerini çətinliklə qoruyub saxlayan "Muğan" açılış matçında qələbə qazandı. Bu qələbə həm də "Muğan"ın latviyalı baş məşqçisi Valdas İvanauskasın Azərbaycanda rəsmi matçda ilk uğuru kimi yadda qaldı. Onun həmkarı, Azərbaycanda çalışan ilk bosniyalı mütəxəssis Kemal Alispahiç isə ilk uğursuzluğunun acısını daddı.
Ötən çempionatın gümüş medallarının sahibi "İnter" "Şəfa" stadionunda "Karvan"ı minimal hesabla üstələdi. Doğma stadionda təmir işləri aparan "Qəbələ" Mingəçevirdə "Simurğ"a qalib gəldi. Ötən il özünün ən pis mövsümünü keçirən "Neftçi" isə çətinliklə də olsa, qələbəni bayram edib. İlk turun nəticələri: "Muğan" - "Standard" - 1:0, "İnter" - "Karvan" - 1:0, "Qəbələ" - "Simurğ" - 2:1, "Olimpik-Şüvəlan" - "Neftçi" - 0:1.
Həftəsonu ölkənin daha 4 stadionunda mövsümün açılışı olacaq. Birinci turdakı oyunu təxirə salınan "Xəzər-Lənkəran" və "Turan" çempionatda ilk oyunlarını keçirəcəklər. II turun ilk qarşılaşması dünən Lənkəranda keçirilib. Mövsümdə ilk çempionat oyununa çıxan "Xəzər-Lənkəran" öz meydanında "İnter"i qəbul edib. Beləliklə, 1 illik fasilədən sonra Ağasəlim Mircavadov Lənkəran klubunun baş məşqçisi kimi ilk rəsmi oyununa çıxıb.
Bu gün və sabah daha üç matç keçiriləcək. "Neftçi" öz meydanında Tovuzun "Turan" kollektivini sınağa çəkəcək, "Simurğ" isə doğma meydanda "Muğan"la qarşılaşacaq. "Karvan" - "Olimpik-Şüvəlan" matçı isə bazar günü keçiriləcək.
Qeyd edək ki, II turun "Bakı" - "Standard" və "Qarabağ" - "Qəbələ" oyunları meydan sahiblərinin Avropa Liqasının dördüncü təsnifat mərhələsində iştirak etməsinə görə təxirə salınıb.
|