Jurnalist və hüquq müdafiəçisi, məhbus Səid Mətinpurun vəziyyəti ağırlaşıb, baş ağrıları və baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb. Məhbusun həyat yoldaşı Ətiyyə Tahiri deyib ki, onun sağlıq durumundan narahatdır. Bu azərbaycanlı jurnalist 2007-ci ildə Türkiyəyə səfərdən geri döndükdən sonra həbs edilmişdi. Yaxınlarının dediyinə görə, Səid Mətinpurun tutulmasının əsas səbəbi insan haqları ilə bağlı yazılardır. 2007-ci il həbsindən sonra mülk girovu qoyaraq, sərbəst buraxılmışdı.
Onun vəkili olmuş, hazırda mühacirətdə yaşayan Saleh Kamrani müvəkkilinə qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildirir ki, həmin seminarda iştirakdan iki il sonra onları yenidən həbs etmişlər. Vəkil deyir ki, həbsdə ona və Mətinpura ciddi fiziki işgəncələr verilmişdir.
İranda Azərbaycanlı Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vəhdi Qarabağlı "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyasına müsahibəsində məhbusun vəziyyəti ilə bağlı bunları deyib: "Səid Mətinpurun səhhəti hazırda ağır olaraq qalmaqdadır. Məlumatlara görə, onun saxlandığı yer normalara cavab vermir. 10 nəfərlik yerdə 30 dustaq saxlanır. Ona tibbi yardım göstərilmir. Ailə üzvləri ilə görüşməsi çətinləşdirilib. Ailəsi başqa şəhərdə yaşadığından Tehrana, "Evin" zindanına gediş bir sıra problemlər ucbatından mümkünsüz olub. Mətinpur yalnız həftədə bir neçə dəfə telefonla əlaqə saxlaya bilir".
Qurum təmsilçisi onu da vurğulayıb ki, bu azərbaycanlı jurnalistin vəkili Məhəmmədəli Dadixahi seçkilərdən sonrakı olaylarla bağlı tutulub. Nəticədə o, vəkilsiz qalaraq, məhkəməyə çağırıldı və həbs olundu. "Hazırda onun ailəsi başqa bir vəkillə danışıb. Yeni vəkil isə Səid bəyin səhhəti ağır olduğundan ona tibbi yardım göstərilməsi yönündə uyğun qurumlarla danışıqlar aparır", - deyə Vəhdi Qarabağlı söyləmişdir.
|