Tehran hakimiyyəti 30 ildən sonra yenə də legitimlik problemi ilə üz-üzədir. Belə ki, son hadisələr zamanı İranın ali rəhbəri ayətulla Xamneyiyə qarşı da şüarlar səsləndi və bu, ötən 30 ildə ilk hal idi. "Diktatora ölüm!" şüarı ilə yanaşı "Xamneyiyə ölüm!" birbaşa ona ünvanlanmışdı. Vilayəti-fəqih təsisatı artıq bu ölkədə islahatların yolunda əsas əngəl sayılır. Çünki bu quruma daxil olan idarəetmə sistemləri iki seçkili orqanı - parlament və prezident başda olmaqla nazirlər kabinetindən üstün mövqeyə sahibdir. "GünAzTv"nin məlumatına görə, ali rəhbərin tutduğu vəzifədən uzaqlaşdırılmasına dair şüarlar seçkidən sonrakı növbəti mərhələ sayıla bilər.
İran Ana Yasasının 111-ci maddəsində deyilir: "Rəhbər öz qanuni vəzifələrini yerinə yetirə bilmədiyi təqdirdə, 5-ci və 109-cu maddələrdə göstərilən keyfiyyətlərdən birinə malik olmadıqda, yaxud əvvəldən bəzi keyfiyyətlərə malik olmadığı aşkarlandıqda öz vəzifəsindən kənarlaşdırılacaq...". Bu işi isə Ana Yasanın 108-ci maddəsinə əsasən Haşimi-Rəfsəncaninin başçılıq etdiyi Dini Ekspertlər Şurası həyata keçirməlidir. Bu baxımdan hakimiyyətdaxili vəziyyət heç də Xamneyi üçün ürəkaçan görünmür. Ona görə də ali rəhbər hakimiyyətini və təsiretmə imkanlarını ona sadiq sayılan parlament sədri Əli Laricani və prezident Mahmud Əhmədinejad vasitəsi ilə gücləndirir. Parlament sədrinə qarşı çıxışlar olmasa da, prezidentin əleyhinə təbliğat aparılmaqdadır.
İranda tanınmış jurnalist Əkbər Gəncinin təşəbbüsü ilə dünyanın çeşidli ölkələrində yaşayan 256 ziyalı BMT-nin baş katibinə məktub ünvanlayaraq, Mahmud Əhmədinejad hökumətini tanımamağa çağırıblar.
"Fərda" radiosu həmin məktuba istinadən bildirir ki, hakimiyyət seçkidən sonrakı etiraz aksiyalarına qarşı zor tətbiq edərək, etirazçıların səsini boğdu. Ali rəhbər isə baş verənlərdə tərəfsizlik göstərmədi. Əhmədinejadı dəstəklədi və aksiyaçılara qarşı zorakılığın qarşısını ala bilmədi. Azından 69 nəfər aksiyaçı silahlı qüvvələrin açdığı atəş nəticəsində öldü.
Başqa bir məlumata əsasən, İrandakı 642 nəfər ziyalı, hüquq müdafiəçisi və ictimai cəhətdən fəallar da BMT-nin baş katibi Pan Gi Muna müraciət edərək, ölkədə baş verən son hadisələrlə əlaqədar tədbir görməsini istəmişlər: "Son olaylar sübut etdi ki, prezident seçkisi azad, ədalətli və şəffaf keçirilməyib. Bu isə ölkənin siyasi quruluşunda gerçək dəyişikliklərin baş verməsini əngəlləyəcək". Onlar BMT-nin baş katibindən səslərin yenidən sayılması üçün beynəlxalq komissiya yaradılmasını, həbs olunmuş etirazçıların sərbəst buraxılmasını, söz, mətbuat və fikir azadlığına hörmətin təmin olunmasını, Əhmədinejad hökumətini tanımamağı istəyirlər
İranlı ziyalılar hakimiyyətin ali rəhbərin əlində cəmləşdiyinə toxunaraq, bu anormal vəziyyəti pisləyiblər.
"La Stampa" italyan qəzetinin yazıdığına görə, hazırda İranda baş verənlər Stalin dövründə keçmiş SSRİ-dəki olayları xatırladır. Belə ki, bu ölkədə də dissidentlərə qarşı cəfəng iddialar irəli sürülür, onlardan törətmədikləri cinayətlərə dair işgəncə yolu ilə etiraflar alırlar.
Qəzet yazır ki, "prezident Mahmud Əhmədinejadın "stalinçi" idarəetmə üsulları barəsində dissident-ayətulla Hüseynəli Müntəziri çıxış edir. 1979-cu il fevral inqilabının iştirakçısı "inqilaba sadiqəm" deməklə bir zamanlar Lev Trotskinin söylədiklərini təkrarlayıb". Buna sübut olaraq Tehranda keçirilən iki məhkəmə prosesi göstərilir. "La Stampa" tarixdən başqa bir paralel də gətirir: "1937-ci ildə keçmiş SSRİ-də əsas ittihamlar bunlar idi - hakimiyyətin devrilməsinə dair fəaliyyət göstərmək, sabotaj, xarici dövlətlərin kəşfiyyat qurumlarına işləmək. 1930-cu illərdə Stalin "köhnə qvardiya"dan canını qurtarmaq istəyirdi. İslam inqilabının lideri ayətulla Xomeyninin tələbələri bənzər əməlləri "törədir". Keçmiş prezident Xatəminin müavini olmuş Məhəmmədəli Əbtəhinin televiziya vasitəsi ilə etirafını örnək göstərən bu qəzetin yazdığına görə, onun xanımı sonradan deyib ki, həyat yoldaşı "peşmanlıq çıxışını işgəncəyə məruz qaldığı üçün edib".
|