![]() |
çap et |
|
|||
İranda prezident seçkisinin qalmaqalları, sonuclara etiraz aksiyaları ara-sıra davam etməkdədir və ölkə rəhbərliyi bu təzahürləri susdurmaq üçün bütün mümkün vasitələrə əl atır. Görünür, kütləvi həbslərin, tutulanların zindanda işgəncəyə məruz qoyulmasının hakimiyyətə qarşı işlədiyi dərk olunur. Rejim başçılarının son günlər etirazçıların tələblərinə diqqət yetirdiyi bununla izah edilə bilər. Məsələn, müxalifətin təcridxana və həbsxanalarda saxlanan etirazçılara işgəncə verildiyinə dair bəyanatlarından sonra ali rəhbər Əli Xamneyi Kəhrizək həbsxanasının qapadılması və onun rəisinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı göstəriş verdi.
İkinci bir jest: müxalifət məhkəmələrin çıxardığı qərarlara qarşı çıxırdı. Dövlət başçısı bu iddianın böyüməməsi üçün ölkə ali məhkəməsinin sədri Mahmud Haşimi-Şahrudini tutduğu vəzifədən azad etdi. Onun yerinə parlament sədri Əli Laricaninin 49 yaşlı qardaşı ayətulla Sadiq Laricani təyin olundu. Bu adam əvvəllər Nəzarət Şurasının üzvü olub. Qeyd etmək lazımdır ki, ölkədə keçirilən bütün seçkilərə də nəzarət edən bu 12 nəfərlik qurumun yarısını ali rəhbər təyin edir. S.Laricani də ayətulla Xamneyi tərəfindən təyin olunmuşlardan idi. Ayətulla Şahrudi isə bu vəzifədə 10 ildir çalışırdı. Sadiq Laricaninin bu vəzifəyə təyin olunmasının başqa bir səbəbi kimi isə İranın siyasi dairələrinə bu ailənin təsiretmə imkanları göstərilir. Bir müddət öncə Əli Laricani islahatçılardan sayılırdı. İran toplumunun hüsn-rəğbətini qaytarmağa çalışan Əhmədinejad da hökuməti formalaşdırmaqda bənzər üsullardan yararlanır. Məsələn, baş verən hadisələrdən sonra ölkənin informasiya və təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni-Ejeyi tutduğu vəzifədən uzaqlaşdırıldı. Bundan başqa, Əhmədinejad prezident kimi and içməzdən öncə mədəniyyət, səhiyyə, əmək və ictimai işlər nazirlərini də işdən azad etdi. Məhəmməd Xatəminin prezidentliyi dövründə ETTELAAT naziri işləmiş Əli Yunisinin oğlu Həsən Yunisi bildirib ki, bu qurumun başçısının 4 müavini də işdən çıxarılıb. Buna səbəb kimi ETTELAAT məmurlarının dinc etiraz aksiyası iştirakçılarına qarşı izafi güc tətbiq etməsi göstərilir. Yeni kabinetin formalaşmasında da Əhmədinejad müxalifətin irəli sürdüyü şüarları gerçəkləşdirmək və təşəbbüsü onlardan almaq üçün idarəetmədə manevrlər edir. Əgər xatırlayırıqsa, sekçiöncəsi təbliğat kampaniyası zamanı Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd həyat yoldaşına dəstək üçün Tehranda ölkənin müxtəlif bölgələrindən gəlmiş qadın hüquq müdafiəsi fəalları qarşısında çıxışı zamanı hökumətin zərif cinsə qarşı "təhqiredici, ayrı-seçkilik" siyasətindən şikayətlənmişdi: "Mənim 3 qızım var. Onlar olmasa idi belə, qadınların, anaların problemini bütün varlığımla dərk və hiss edərdim. Ötən illərdə, özəlliklə son 4 ildə hökumətin qadın və gənclərlə bağlı yanlış siyasəti dünyada ölkənin imicinə xələl gətirib. Quranın araşdırıcısı kimi deyə bilərəm ki, İslam qadın və gənclərə qarşı belə bir tərzdə rəftara icazə vermir". Zəhra Rəhnəvərd küçələrdə gənc qadın və qızlara hicab məsələsi ilə bağlı kobudluğu pisləyərək demişdi: "Təhlükəsizlik qüvvələrinin küçələrdə qadınlara "qəyyumluğu" və kobudluğu ən çirkin davranış sayılır. Hicab və geyiminə görə küçədə bir qızın qoluna qandal vurub həbsxanaya aparmağa, onun şəxsiyyətinə toxunmağa heç kimin haqqı yoxdur və olmamalıdır. Cinsindən asılı olmayaraq, bütün siyasi məhbuslar, o cümlədən həbsxandakı tələbələr dərhal azadlığa buraxılmalıdır". Əhmədinejad bu məsələdə də qabağa düşmək üçün ötən həftə bildirdi ki, yeni nazirlər kabinetində üç qadın təmsil olunacaq. Onlardan biri 50 yaşlı Mərziyə Dəstgerdidir. Əhmədinejad onun namizədliyini səhiyyə naziri postuna irəli sürüb. Başqa bir xanım Fatimə Ajorludur. Onun isə rifah və sosial təminat naziri olacağı gözlənilir. Nazir postuna namizəd bilinən üçüncü qadının adı hələ açıqlanmır. Əhmədinejad ETTELAAT naziri postuna Heydər Möslehini elan edib. Nazirlər kabinetinin 21 üzvü və prezidentin 12 müavini olacaq. M.Əhmədinejad yeni kabinetdə gənclərə üstünlük verəcəyini də bildirir. Parlamentin sədri Əli Laricani prezidentin "kadr inqilabı"na qarşı çıxaraq, deyib ki, "daha təcrübəli mütəxəssislərə üstünlük verilməlidir". "PressTV" İran telekanalının xəbərinə görə, məclis sədrinin müavini Məhəmmədrza Bahünər deyib: "Biz Əhmədinejadın bu ideyasına qarşı çıxmırıq. Ancaq nazirlər etibarlı və cürətli olmalıdır". Müşahidəçilərin fikrincə, hakimiyyət bu sayaq addımları ilə etirazçıları sakitləşdirmək, vətəndaş azadlığını genişləndirmək istəyir. Hələ bu ilin iyulunda Əhmədinejad küçələrdən mənəviyyat polislərini yığışdırmağa boyun olmuşdu. Bu polislər hakimiyyətin tətbiq etdiyi "geyim qaydaları"na da nəzarət edir. Onlar həmin qaydaları pozan gənc qızları küçədəcə tuturlar. |