Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
 |
Və öz sənətinə layiqli qiymət verilməsini arzu edir
Şənbə, 22.08.2009
|
|
Nüşabə Ələsgərli ilə "Art-klub"dakı görüşümüzdə birbaşa söhbətə körpü saldıq və yaradıcılıq planları ilə maraqlandıq. Soruşduq: nə yeniliklər var? Öz növbəsində, Nüşabə xanım da birbaşa mətləbə keçərək dedi:
- Mən hər zaman repertuarımda retro mahnılara müraciət etmişəm. Həmin mahnıların sırasında Ramiz Mirişlinin "Küsüb məndən", Cahangir Cahangirovun "Ay qız" mahnıları var. Ramiz Mirişlinin Əlağa Tənhanın sözlərinə olan yeni "Azərbaycan" mahnısını artıq yazdırmışıq. Mahnıları "Muğam" teatrının nəzdində fəaliyyət göstərən, Ağacəbrayıl müəllimin rəhbərliyi altında çalışan ansamblla bərabər yazdıracağıq. Bildiyiniz kimi, mən Konservatoriyanın "Xor dirijorluğu" fakültəsini bitirmişəm. Teymur Göyçayevə müraciət etmək istəyirəm, çünki M. Maqomayev adına Dövlət Filarmoniyasında Kamera Orkestrinin müşayiəti ilə bir konsert proqramı təqdim etmək arzum var. Həm də bütün tələbə yoldaşlarımı dəvət edəcəyəm, qoy bu görüş məzunların görüşünə çevrilsin.
- Sizin "Göz dəyməsin" adlı proqram verilişiniz vardı. Bu gün bir çox sənətçilər gündəlik proqram veriliş aparır, bəs sizin proqram nəyə görə qısaömürlü oldu?
- Bu verilişin müəllifi bizim gözəl yumoristimiz Əhməd Orucoğlu idi. O proqramın ssenarisini elə qurmuşdu ki, musiqi və qoyulmuş mövzuların müzakirəsi ilə yanaşı studiyaya gələn qonaqların və seyrçilərin arasında oyunlar da keçirilirdi. Canlı ansambl proqram boyu bizi müşayiət edirdi. Mən proqrama başlayanda buna tələbat vardı. Özü də elə bir görkəmli incəsənət xadimlərimiz qalmamışdı ki, onları dəvət etməyim. Ona görə ki, təkrarlanmaq istəmirdim.
Gündəlik aparılan bu tip proqram verilişlərə qalınca, əgər hər gün eyni boş söhbətlər, eyni mövzular müzakirə olunacaqsa, eyni qonaqlar dəvət ediləcəksə, o proqramın hər gün yayılmağının nə mənası var? Hər bədii proqramı baxımlı etmək çox çətindir, bunun üçün güclü ssenariçilər gərəkdir.
- Bəs, proqram verilişin adını özünüz fikirləşmişdiniz? Ümumiyyətlə, gözə, bəd nəzərə və falçılara inanırsız?
- Yox, elə Əhməd müəllim fikirləşmişdi. Amma gözə, bəd nəzərə inanıram. Hərdən elə olub ki, özüm özümü gözə gətirmişəm (gülür). Bir də görürsünüz səhnəyə çıxıram, səsim gözəl işləyir və birdən boğazımdan ağrı keçir. Falçılara isə inanmıram.
- Bir ara çox hirsli idiniz və söyləyirdiniz ki, bir də səhnəyə çıxmayacaqsınız. Bəs necə oldu ki, fikrinizi dəyişdiniz və bu qədər hirslənməyinizə əsas səbəb nəydi?
- Həvəsdən düşmüşdüm. Şükür Allaha, həyatımdan şikayətim yoxdur. Firavanlıq içində yaşayırıq, bir sənət adamı kimi daim konsertlərdə, proqramlarda, tədbilərdə iştirak edirəm. Şikayətlənməyə haqqım yoxdur. Diasporlarımız xaricə dəvət edirlər, cannan-başnan yollanıram, doğrudur, Mədəniyyət və Turizm Nazirliyi məni heç yerə göndərmir, amma çağırılan yerə hər zaman gedirəm. Sadəcə, bəzən inciyirəm. Mən artıq 15 ildir incəsənətimizə xidmət edirəm, ali savadlıyam. Mən sıravi yox, peşəkar müğənniyəm. Və bir sıra sənət dostlarıma fəxri ad verildi, mən isə "yaddan çıxdım". Mənə görə hər hansı fəxri ad sənət adamına böyük diqqət və mənəvi dəstəkdir. Allaha şükür, maddiyyatdan şikayətim yoxdur, amma mənəvi dəstəyə hər zaman ehtiyacım var.
- Siz həm də biznes-ledisiz, faəliyyət göstərən gözəllik salonunuz da var. Bu biznesi necə başlamışdınız?
- Sənətçilər arasında bizneslə məşğul olan demək olar birinci mən idim. Əslində gündə şou-proqramlarda çıxış etdiyim üçün salona getməyə məcbur idim, ona görə də istədim "öz" salonum olsun. Bu gün bütün üzdə olan sənət adamlarının ilk istifadə etdiyi xidmətlər gözəllik salonlarının göstərdiyi xidmətlərdir. Gözəl və yaraşıqlı görünmək istəyən hər kəs bu salonlara üz tutur. Gözə çarpmasa da, salon biznesi lazımi gəlir gətirir.
- Oğlunuzun kiçik toyuna türk sənətçi İbrahim Tatlısəsi dəvət etmişdiniz. Nəyə görə məhz onu? Biz bilən, Türkiyə şou-biznesində bir çoxları ilə tanışlığınız var.
- Doğrudur, bir çox türk sənətçiləri ilə tanışlığım var. Amma İbrahim Tatlısəs sənətinin pərəstişkarıyam. Bu insan 40 ildən artıqdır səhnədədir, amma səs diapazonu batmaq əvəzinə daha da genişlənir. Özü də onunla tanışlığım vardı..
|
|
|
Oxşar xəbərlər:
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
|
|
|