çap et  
"Qızıl Minbər"in proqramı hazırlanıb
Şənbə, 22.08.2009


Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib. Festival təşkilatçılarının yaydığı məlumata görə, müsabiqənin proqramına 34 kino işi, 12 tammetrajlı, 14 sənədli və 8 qısametrajlı film daxil edilib. Xəbərdə qeyd olunur ki, müsabiqədənkənar proqrama 22 kino əsəri daxil edilib. Onlar "Tatarıstan kino günü", "Qafqaz kino günü" və "Beynəlxalq panorama" adlanan xüsusi kinoproqramlar çərçivəsində nümayiş etdiriləcək. Builki "Qızıl minbər" kinofestivalı "Mədəniyyətlər dialoqundan dialoq mədəniyyətinə" şüarı altında keçiriləcək.

Xatırladaq ki, ilk "Qızıl minbər" müsəlman kino festivalı, 2005-ci ilin sentyabrında Kazanda keçirilməyə başlayıb. "Qızıl minbər" Rusiyanın Müftilər Şurası, Tatarıstanın Mədəniyyət Nazirliyi, Kazan şəhər İcra Hakimiyyəti, Rusiyanın İslam Mədəniyyət Mərkəzi və "İslam aləmi" televideoşirkəti tərəfindən təsis edilib.