Bu yay arxeoloji qazıntıların gedişində Qəbələ ərazisində maraqlı arxeoloji tapıntılar aşkar olunub. Ölkənin digər bölgələrində aparılan işlər də beynəlxalq ekspedisiyalar üçün məhsuldar sayılır. Bu barədə məlumat verən Azərbaycan MEA müxbir üzvü, MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor İlyas Babayev deyir:
- Bu arxeoloji mövsümdə antik Qəbələdə iyun ayında başlanmış arxeoloji qazıntılar davam edir. Bildiyiniz kimi, bu il Qəbələdə arxeoloji ekspedisiyasının qazıntılara başlamasının 50-ci ilidir. Biz bu il üç dəstə halında işləmişik: antik Qəbələ ərazisində, orta əsrlər Qəbələsi ərazisində axtarışlar davam etdirilmişdir. Bu il bizə Seul Milli Universitetindən olan böyük bir arxeoloji dəstə də qoşulmuşdur (rəhbəri - Arxeologiya və İncəsənət Tarixi kafedrasının müdiri Li Sun Bok). Əldə edilən elmi nəticələr barədə bir ay əvvəl bu arxeoloqların Qəbələdə keçirdikləri konfransda məlumat verildi.
Tarixdən bəlli olduğu kimi, Qəbələ eramızdan əvvəl 4-cü yüzilin sonlarından eramızın 5-ci əsrinin ortalarına qədər tarixi Albaniya dövlətinin paytaxtı olub. Bu dövr "Antik Qəbələ" sayılır. Sonra paytaxt Bərdəyə köçürülüb. Qəbələ isə sonrakı çağlarda artıq "xəzərlərin şəhəri" kimi tanınırdı və burada həyat XVIII əsrə qədər davam etmişdi.
Antik Qəbələdə qazıntılara başçılıq edən İlyas Babayev bildirir ki, bu qazıntılar nəticəsində bütün dövrlər üzrə çox maraqlı abidələr aşkar olunub: "Məsələn, antik şəhər yerində eramızdan öncə IV-III əsrlərə aid böyük bir taxıl anbarı aşkar edildi. Burada 80-ə qədər iri küp yerə basdırılıb, görünür, o çağlar bu küplərdə taxıl saxlayırlarmış. Amma bu sahədə qazıntılar bitməyib, ərazi genişlənir, bu iş nə qədər vaxt aparacaq, sahə nə qədər genişlənəcək bilmirəm".
Bundan başqa, həmin ərazidə bir neçə oval tikintilər aşkar olunub. İlyas Babayev deyir ki, bu tapıntıların analoqları bütün Yaxın Şərqdə, Qafqazda məlum deyil. Çox nəhəng abidələrdir. Görünür, burada dövlət əhəmiyyətli yığıncaqlar, tamaşalar, mərasimlər keçirilirmiş.
Tapılan məişət qalıqları hədsiz dərəcədə çoxdur. Müxtəlif gil qablar və s.
Orta əsrlər şəhər yerində aparılan qazıntılara isə tarix elmləri doktoru Qafar Cəbiyev başçılıq edir. Bu dəstə orta əsrlərdə şəhərin su təchizatı ilə bağlı çox maraqlı tapıntılar aşkar etmişdir. Su xətti müəyyənləşdirilmişdir. Bu xətt iri saxsı borulardan ibarətdir və tunel atılaraq çəkilmişdir. Hesablamaya görə, bu xətlə şəhərə gündə 350 ton su daxil olurmuş. Bundan başqa, şəhərin şimal qapısı səmtdə bişmiş kərpicdən tikilmiş körpünün dayaq hissəsi tapılmışdır. Şəhərin yaşayış yerində müxtəlif binaların qalıqları, məişət qalıqları təsərrüfat işi ilə əlaqədar qalıqlar aşkar olunub.
Koreyalılardan ibarət dəstə Qəbələnin ilk orta əsrlər dövrü abidələrini öyrənməklə məşğul oldular. Onlar şəhərin Səlbir adlanan sahəsində bir vaxtlar aparılmış qazıntıların sahəsini genişləndirmiş və maraqlı tapıntılara çıxmışlar. İlyas Babayev koreyalılarla bu əməkdaşlığı faydalı sayır və bildirir ki, koreyalılarla bu işi davam etdirmək istəyirlər.
Fürsətdən istifadə edib Şəmkirin Qaracaəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntıların gedişi ilə maraqlandıq. Hazırda bu obyektdə olan İlyas Babayev dedi:
- Almaniyanın ən qədim Heydelberq Universiteti və Münxen Universitetindən olan arxeoloqlar qrupu ilə işləyirik. Biz burada arxeoloji qazıntıları 2006-cı ildən aparırıq. Burada eramızdan öncə I minilliyin ortalarına aid böyük bir saray qalığı aşkar etmişik. Biz artıq burada dördüncü ildir işləyirik və gələcəkdə də bir neçə il burada işləməyi planlaşdırırıq.
Bəlli olduğu kimi, keçən mövsümdə burada çoxlu sütunaltlıqlar və s. aşkar edilmişdi. Bu çox böyük elmi maraq doğuran tapıntılar barədə keçən il mediada məlumat verilmişdi. Açılan qalıntıların əvvəl saray olduğu güman edilib, sonra isə müəyyən etmişlər ki, bura yalnız saraya girişdir. Əsas bina 220-230 metr aralıdadır. Şurf qoyulmuş, qazıntı aparılmış və buna əmin olmuşdular. "Gerda Henkel Fondu" (Gerda Nenkel Faundation) alman tərəfi qazıntı işləri üçün üç illiyə vəsait ayırmağa razılaşmışdı.
İlyas Babayev deyir ki, bu birgə qazıntılar dünya elm ictimaiyyətinin diqqət mərkəzindədir. Bu işlərə dair Avropanın elmi jurnallarında, ingilis və alman dillərində məqalələrimiz çap olunmuşdur. "Hazırda biz çöldəyik, saray ərazisində qazıntıları davam etdiririk, ayın sonlarına qədər burada olacağıq" - deyə arxeoloq bildirir.
"Bizim başqa bir dəstəmiz almanlarla birgə başqa bir yerdə işləyir. Amerikan, fransız, yapon arxeoloqlar ilə başqa ekspedisiyalarımız var. Məndə olan bilgilərə görə, Azərbaycanın bir sıra bölgələrində aparılan arxeoloji qazıntılarda bütün dövrlərə aid maraqlı tapıntılar əldə edilmişdir", - deyə İlyas Babayev sözlərinə əlavə etdi.
Əldə etdiyimiz bilgiyə görə, azərbaycanlı və fransız arxeoloqlar Tovuz rayonu ərazisində qədim yaşayış yerində qazıntı işlərini davam etdirir. Hesab edilir ki, bura Qafqazda ən qədim yaşayış yerlərindən biridir. Rayon ərazisində aşkar olunmuş kurqanların birində də qazıntı işləri aparılmış və xeyli tapıntılar əldə edilmişdir.
Naxçıvan ərazisində iş aparan ekspedisiya isə Naxçıvançay vadisində Meydantəpə adlı yerdə antik dövrə aid qədim şəhərin tikililərini üzə çıxarmışdır. Ekspedisiyanın rəhbəri Əkbər Bədəlov "İnterfaks"a bildirib ki, bu tapıntılar diyarın şəhər mədəniyyətinin öyrənilməsində önəm kəsb edir. Başqa bir qədim yaşayış məskəni Ağcabədinin Salambəyli kəndi ərazisində aşkar edilib. Burada arxeoloqların "Mil-Qarabağ" ekspedisiyası antik dönəmlə orta əsrlərin kəsişməsində mövcud olmuş şəhərin bəzi tikililərinin üstünü açmışdır. İlkin qənaətə görə, burada yaşayış eramızdan öncə IV yüzildən eramızın XIII yüzilinə qədər davam etmişdir.
Əlavə edək ki, işğal altında olan Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında da arxeoloji qazıntılar davam edir və erməni KİV-inin verdiyi xəbərə görə, burada "beynəlxalq ekspedisiya" işləyir, lakin ekspedisiyanın tərkibi barədə söz edilmir...