Xalq artisti Aygün Kazımova sentyabrın 5-də Yaşıl Teatr Bakı Konsert Kompleksində "Olduğum kimi" adlı solo-konsertini təqdim edəcək. Bu konsert proqramının əsasını 20 illik yaradıcılığı boyu ifa etdiyi hit mahnıları təşkil edəcək:
- Bu konsert mənə 20 il ərzində səhnədə yaşadığım hissləri bir daha yaşamaq imkanı verəcək. Artıq bir aydır dayanmadan hazırlaşıram. İfa olunacaq mahnıların çoxunun musiqisi, orijinal quruluşu qalmaq şərti ilə yalnız texniki tərəfdən yeniləcək. Müasir dizaynlı səhnə səs və işıq effektləri ilə bol olacaq. Möhtəşəm şou təqdim edəcəyəm. Əsl xalq artisti olduğumu sübut etməyə hazıram.
Bu arada isə Aygün xanımın gündəmdən düşdüyü və konserti bu məqsədlə verəcəyi barədə xəbərlər dolaşmaqdadır. Sənətçi onun haqqında yayılan bu şayiələri doğru saymır. O deyir:
- Gündəmdən düşməyim barədə danışılanlar çox yanlış bir şeydir. Aygün Kazımova hər zaman dəbdə olub və populyardır. Danışılanlar məni, ümumiyyətlə, maraqlandırmır.
Sənətçi müasir Azərbaycan estradasında sənətinə görə onun qədər riskə gedənin olmadığını da vurğulayıb: "Bu zamana kimi heç bir müğənni səhnədə mənim etdiyim riskləri, hərəkətləri etməyib. Mən hər bir çıxışımda hansısa bir qeyri-adilik nümayiş etdirirəm. Bəlkə də bu çox böyük bir riskdir, ancaq sənətini sevən, əsl sənətçi heç bir riskə baxmamalıdır.
|