Muğam müsabiqəsi finalçılarından Qoçaq Əsgərov Böyük Britaniyada keçirilən "Womad" Beynəlxalq dünya musiqisi, mədəniyyəti və rəqsləri festivalında iştirak edib. Bu günlərdə səfərdən qayıdan xanəndə təəssüratlarını bölüşdü. Bildirdi ki, Setenham şəhərində keçirilən festivalda onun çıxışını 6 min tamaşaçı izləyib. Xanəndə festival üçün hazırladığı "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Mürği səhər" və bir çox təsnifləri səsləndirib. Onu tarda Əliağa Sədiyev, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov, kamançada Elşən Mansurov müşayiət ediblər.
Gənc xanəndənin sözlərinə görə, bu təklif ona BBC-i radiosundan gəlib. YUNESKO-nun eksperti Sənubər Bağırovanın yaxından dəstəyi ilə azərbaycanlı təmsilçilər festivalda uğurla çıxış ediblər.
Qoçaq Əsgərov söylədi ki, festival çərçivəsində hazırlanmış bukletlərində onun haqqında geniş bilgilər yer alıb. Bu ərəfədə BBC radiosunda qonaq olan Qoçaq Əsgərov yarım saatlıq canlı proqramla çıxış edib. Onun ifasında səslənən Azərbaycan muğamını bütün dünya dinləyib. Festival haqqında yazan populyar qəzetlər azərbaycanlı iştirakçının ifasını yüksək qiymətləndiriblər. Eyni zamanda qeyd ediblər ki, Qoçaq Əsgərov Alim Qasımovdan sonra ikinci nəsil muğam ifaçısıdır ki, Azərbaycan musiqisini "Womad" festivalından avropalılara çatdırır.
Xatırladaq ki, "Womad - The Tower Festival" çərçivəsində keçirilən növbəti tədbir sentyabrın 19-dan 20-dək davam edəcək. Burada da Azərbaycan musiqiçilərinin iştirakı gözlənir.
Qoçaq Əsgərov bu ayın sonunda növbəti qastrol səfərinə yollanır.