Bu sənət əsəri memarların deyil, zərgərin əlindən çıxdı. 12 ildir zərgərlik sənəti ilə məşğul olan Gəncə şəhər sakini Arzu Əliyev ötən ilin Ramazan ayından bəri Gəncənin Şah Abbas məscidinin kiçik maketini hazırlayıb. 8 ay vaxt tələb edən bu sənət əsərinin çəkisi 3 kiloqramdır. Əsərin müəllifinin dediyinə görə, ümumi sahəsi 400 kv santimetr olan məscid modelinin hündürlüyü 15 santimetrdir. Onun hazırlanması üçün 900 qram yüksək əyarlı gümüş, 15 qram 583 əyarlı qızıl, 302 qram mis, sink və latun kimi metallardan istifadə olunmuşdur.
Zərgər onu da bildirdi ki, "məscid"in divarlarının hazırlanması üçün eni 1, uzunluğu isə 3 mm ölçüdə kəsilən 10 min ədəd mis "kərpic"dən istifadə olunub və üst-üstə qoyulmuş bu "kərpic"lər bir-birinə gümüş piltələrlə birləşdirilib. Təxminən 200 dəfə kiçildilən məscidin pəncərələri, iç divarları və günbəz hissəsi gümüşdən hazırlanıb, giriş qapısının yuxarı hissəsində isə ərəb əlifbası ilə Quran ayələri yazılıb. Gümüşdən hazırlanan günbəzin aşağı dairəvi hissəsində Ayətül-kürsü, məscidin Cavad xan məqbərəsinə baxan hissəsində isə eyvanın baş tərəfində qızıldan Məhəmməd peyğəmbərin adı yazılıb. Müəllif bu nadir zərgərlik əsərini Heydər Əliyev Fonduna təqdim edəcəyini bildirdi.
|