Nizaminin abidəsi niyə bu kökdə təmir olunub?
 |
Gəncəlilər postamentə təəccüblə baxırlar
Şənbə, 22.08.2009
Nüşabə FƏTULLAYEVA, Gəncə Media Mərkəzi |
mətn ölçüsü |
|
|
|
Böyük mütəfəkkirimiz Nizaminin doğma şəhərindəki, müəllifi heykəltəraş Fuad Əbdürrəhmanov olan abidəsinin postamentində və ətrafındakı ərazidə xeyli müddətdir aparılan təmir-bərpa işləri yekunlaşıb. Amma təəssüf ki, təmir hasarı götürüldükdən sonra açılan mənzərə sevinc hissinə o qədər də əsas vermir. Belə ki, abidənin postamentinə üz qatı kimi vurulan və təbii qranit olduğu söylənən materialın nəm çəkdiyi göz qabağındadır. Ətrafa döşənmiş tamet materialının da (teatr tərəfdən baxdıqda) çökdüyü, eləcə də onların tərkibindəki qələvilərin üzə çıxaraq ərpşəkilli ləkələr əmələ gətirdiyi aydın görünür.
Azərbaycan heykəltəraşlıq sənətinin ən tanınmış simalarından biri tərəfindən işlənmiş və onillərdən bəridir şəhərin simvollarından birinə çevrilmiş bu abidənin ilk növbədə Gəncənin mədəni həyatına aid olduğu məntiqi ilə məsələ barədə ilk üz tutduğumuz qurum şəhərin Mədəniyyət və Turizm İdarəsi oldu. İdarənin rəisi Mina Məlikova əvvəlcə abidənin təmirdən sonrakı vəziyyəti ilə hələ yaxından tanış olmaq imkanı tapmadığını (?!) və məsələ ilə maraqlandıqdan sonra söz deyə biləcəyini bildirdi.
İki gündən sonra isə Mina xanım bunları söylədi: "Aparılan təmir-bərpa işlərinin vəziyyəti məni bir vətəndaş kimi qane edir. Amma keyfiyyətinə gəldikdə, mən bu sahədə mütəxəssis deyiləm". Mina Məlikova abidənin şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansında olduğuna diqqət çəkərək, bütün sualları və iradları oraya ünvanlamağı məsləhət gördü.
Qəribədir, bizə isə bir vətəndaş kimi elə gəldi ki, Nizami Gəncəvinin hansısa mənzil-kommunal idarəsindən çox Azərbaycan mədəniyyətinə dəxli var. Amma neynək, sorğunun ünvanını dəyişəsi olduq.
Kommunal və İstehsalat Birliyinin sədri Abit Əliyev abidənin təmir-bərpasına 45 min manat vəsait ayrıldığını və onun postamentinin Hindistandan gətirilən ən bahalı qranitlə üzləndiyini və işin ən yüksək səviyyədə başa çatdırıldığını əminliklə söylədi: "Vaxtilə bu abidə Daşkəsəndən gətirilən, o qədər də yüksək tələblərə cavab verməyən mərmərlə üzlənmişdi. İndi bütün şəhər bizə təşəkkürünü bildirir ki, sovetlər dövründə yada düşməyən abidə və onun ətrafında təmir-bərpa işləri aparılıb". Abit Əliyev təmirin nəticələri haqda fərqli mülahizələri "xəstə təxəyyülün təzahürləri" adlandırmağı da unutmadı.
Şəhərin baş "kommunalşik"i (rəsmi operativ müşavirələrdə də işlədilən bu ifadəyə görə, yəqin, heç kim bizdən inciməz) nəmlik məsələsini abidənin yenicə təmirdən çıxması ilə bağladı və qranitin tezliklə quruyacağını və bununla da hər şeyin qaydasına düşəcəyini dedi.
Hərçənd inşaat materiallarının xüsusiyyətlərindən az-çox xəbəri olan hər kəsə məlum olmalıdır ki, ən bərk təbii tikinti materiallarından hesab olunan qranit bu cür nəmli görünüş ala bilməz. Bu halda məntiqi bir sual ortaya çıxır: postamentə vurulan, hətta lövhələrin ortasından belə nəm çəkərək "aladəmgil" hala düşən material nədir?
Tikinti-abadlıq işləri ilə bağlı layihələri ilə tanınan "Ocaq" Humanitar Təşkilatının sədri Şahin Ramazanov xatırlatdı ki, keyfiyyətli qranit əsrlər keçsə də öz möhkəmliyini itirmir, onun rəngi bozarmır, hətta 50 dərəcə şaxtaya belə tab gətirir: "Bu abidənin postamentinin iç hissəsi kərpicdəndir. Kərpic nəm çəkən material olduğuna görə abidənin postamenti üzlənməzdən öncə ona beton tökülməli idi. Beton isə tökülməyib. Abidənin üzlənməsi üçün qranitin keyfiyyətsiz və düzgün seçilmədiyi bu səbəbdən tez üzə çıxdı. Çünki keyfiyyətli qranit nəm çəkməz, eləcə də qranitlər örtülü və açıq havada işlədilən növləri ilə fərqlənir.
Açıq havada olan qranitlər daha dözümlü və keyfiyyətli olmalıdır". Şahin Ramazanov keyfiyyətsiz materialların nəm çəkməsi, köpük verməsi, zaman keçdikcə rəngini dəyişməsi ilə fərqləndiyini də xatırlatdı.
Kommunal və Təsərrüfat Birliyinin keçmiş baş mühəndisi Çingiz Bayramov isə sözügedən abidənin postamentinin bundan əvvəlki üzlüyünün keyfiyyətsiz olduğu haqda müasir həmkarının dediklərini təkzib edir. Deyir ki, 1990-cı ildə postament üçün Uraldan gətirilmiş, Nizami məqbərəsinin iç hissəsinin üzlənməsinə işlədilmiş mərmərdən, abidənin alt hissəsi üçünsə Leninin heykəli üçün işlədilən qaranitdən istifadə olunmuşdu: "Heykəlin postamentinin Daşkəsən mərməri ilə üzlənməsi ağ yalandır. Abidənin üzlənnməsinə Uraldan gətirilən ən möhkəm mərmərdən istifadə olunub. İndi isə heç bir texniki göstəriciləri nəzərə almadan kim nə istəyir, onu da edir. Mən nə əlavə edə bilərəm, hər şey göz qabağındadır".
Göz qabağında olanlara adi vətəndaşların reaksiyasını bilmək istədik. Onlar narazılıq ifadə edirlər. "Otuz ildən çoxdur hər gün buradan keçib, işə gedirəm. Doğrusu, abidə ətrafında təmir işləri başlananda çox sevindim ki, dahi şairimizin heykəli daha möhtəşəm şəkil alacaq. Amma təəssüf, bir Nizami sevər gəncəli kimi qəlbim qırıldı. Abidənin postamenti öz nəm ləkələrilə acınacaqlı mənzərə yaradır. Bəlkə də yeniləşdirilməsəydilər, bundan yaxşı idi" - bu sözləri şəhər sakini, 55 yaşlı Musa Kazımov dedi. Digər bir gəncəli, 25 ildən çoxdur Bakıda yaşayan Rəsmiyyə Məmmədova isə deyir ki, bu dəfə doğma Gəncəyə nəvələri ilə gəlib və Nizaminin heykəlinə onlarla birgə gül qoymağa gedərkən gördüyü mənzərədən məyus olub:
- Əlbəttə, Gəncədə son zamanlar xeyli müsbət dəyişikliklər var. Şəhər əsaslı şəkildə abadlaşdırılır və gözəlləşir. Şəhərin mərkəzində müasir Azərbaycanın qurucusu, milli liderimiz Heydər Əliyevin çox gözəl heykəli bizdə böyük qürur hissi doğurur və mən ixtisasca memar olduğumçün bunu ürəklə deyirəm. Onun postamenti də ən yüksək keyfiyyətli qranitdəndir və bütün xarici təsirlərə davamlı, nəmi yaxına buraxmayan bir materialdır. Biz hamımız mayın 25-də ölkə başçısının Gəncəyə səfərini maraqla izləmişik və onun Nizaminin abidəsinin təmirinin ən yüksək səviyyədə yerinə yetirilməsilə bağlı göstəriş verdiyini də bilirik. Amma təmirdən sonrakı görüntülər bizi məyus edir.
|
|
|
|
|
|
|