Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının (DAƏŞ) ofisində "Eurovision-2009" mahnı müsabiqəsində erməni sənətçilərə səs vermiş 43 nəfər Azərbaycan vətəndaşının hərəkətləri barədə "aktual" müzakirələr olub.
"Turan"ın məlumatında bildirilir ki, müzakirələrdə çıxış edən "əzabkeş vətənpərvər"lər "Eurovision-2009"da ermənilərə səs verənləri "vətəni, milləti, dövləti sevmək hissindən uzaq" sayıblar. Qurumun gənclər təşkilatının sədri Seymur Həsənli 43 nəfərin səsverməsini "erməni tərəfin və bəzi qrant alan müxtəlif təşkilatların təxribatı" sayıb. "Bu şəxslərin ermənilərə səs verməsi öncədən planlaşdırılıb və biliblər ki, xüsusi xidmət orqanları bu şəxslərlə maraqlanacaq, qalmaqal yaranacaq, bu qalmaqal bəzi təşkilatlara "Azərbaycanda seçim azadlığı yoxdur" deməyə əsas verəcək", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli "səsvermə mexanizmi"ni açıqlayıb.
Politoloq kimi təqdim edilən Taleh Əliyev bu məsələ ilə bağlı MTN-in araşdırmasını "vəzifə borcu" sayıb, amma məsələnin mətbuata sızaraq, qalmaqal yaratmasını təəssüflə "ermənilərin istəklərinə qismən nail olması" kimi dəyərləndirib.
Tədbirdə "alovlu" çıxış edən Azər Həsrət bu 43 nəfəri "milli mövqesizlik"də suçlayıb, MTN-in "qanunsuz heç bir hərəkətə yol vermədiyini" vurğulayıb. "Bu, milli təhlükəsizlik məsələsidir, bu məsələni mətbuata niyə çıxarırlar?" - deyə Azər Həsrət MTN-in araşdırmasına məruz qalan şəxslərin mətbuat açıqlamalarına "qəzəb və hiddətini" ifadə edib.
Bununla yanaşı, Azər Həsrət həm də Talış Mədəniyyət Mərkəzinin (TMM) rəhbəri Novruzəli Məmmədovun həbsxanadakı ölümünə dair Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) hər gün xəbər yaymasını "qəzəblə qarşılayıb".
"Novruzəli Məmmədov özü deyir ki, İranın agentidir, bu adamın həbsxanada ölməsində hakimiyyətin günahı yoxdur, Allah istədi, o da türmədə öldü", - deyə A.Həsrət N.Məmmədovun ölümünə "ədalətli münasibət" sərgiləyib. Habelə "Turan" qeyd edib ki, keçmiş jurnalist Məmmədovun nə vaxt və harada ona İran casusu olduğunu etiraf etdiyinə dəqiqlik gətirməyib.
"Azadlıq" radiosunun isə yaydığı məlumata görə, oktyabrda Yerevanda "Azərbaycan filmləri günü" keçirilicək. Bu günlər ərzində ermənilər Azərbaycan sənədli və bədii filmlərini öz ermənilərinə təqdim edəcəklər. Onu da yada salaq ki, Ermənistan "Eurovision-2009"da Azərbaycan nümayəndəsinə 1 faiz səs vermişdi. Bir qədər "psevdo patriot"luqdan kənara çəkilərək, məsələyə kimlərinsə gözünə yaxşı görünmək məqsədilə deyil, daha dərindən yanaşdıqda, əslində bu baş verənlərin fonunda Ermənistanın Azərbaycan üzərində informasiya və təbliğat müharibəsində daha bir qələbəyə imza atdığının şahidi olacağıq.
Ən azı keçirilmiş tədbirdə çox möhkəm guruldayan şəxslər prezident İlham Əliyevin və digər rəsmilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəhdləri və dilə gətirdiklərini də yada salıb daha gerçəkçi olsaydılar, yerinə düşərdi. Biz torpaqlarımızı işğal etmiş düşmənə çəkilib getməsini, Azərbaycan vətəndaşları olan ermənilərə və hətta Azərbaycan vətəndaşı olmayan hər kəsə belə bayrağımız və Konstitusiyamıza sayğı nümayiş etdirib bizimlə bu ölkədə yaşamalarını təklif edirik. Hökumət ən yüksək səviyyədə deyir ki, erməni millətindən olan vətəndaşlarımıza bütün imkanlar yaradılacaq, onların da tamhüquqlu Azərbaycan vətəndaşı kimi bu ölkənin sərhədləri daxilində istədikləri yerdə yaşamaları təmin ediləcək. Bakıda neçə min erməninin bu gün də yaşadığı xatırladılır.
Düşmənin antiazərbaycan təbliğatına yardımçı olan, onun dəyirmanına su tökən kimlərdir? Təbii ki, qarışqadan fil düzəldənlər və hay-küyçü "vətənpərvərlər"...
|