Bakıətrafı kənd və qəsəbələrdə, habelə yeni salınmış adsız qəsəbələrdə "söküntü" həyəcanı davam etməkdədir. Rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, avqustun 5-də Abşeron rayonu Hökməli kəndi ilə Binəqədi rayonu Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivi arasında salınmış yeni qəsəbədə evlərin sökülməsi zamanı sakinlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş toqquşmadan sonra Bakıətrafı yaşayış məntəqələrində qayda-qanun yaradılması işinə başlanıb.
Belə ki, artıq bütün yaşayış məntəqələrində tikililərin uçotu aparılır, onların icazəli və ya icazəsiz, habelə tikinti üçün qanunla qadağan olunan ərazilərdə inşa edilib-edilmədiyi araşdırılır. Hələlik icazəsiz tikililərin gələcək taleyi barədə qəti qərar olmasa da, hökumət bu sahədə birdəfəlik nizam-intizam yaratmaq fikrindədir.
"Ayna"ya daxil olan məlumata görə, ilkin olaraq bütün tikililərin və xüsusilə yaşayış evlərinin dəqiq uçotu aparılır. Bundan sonra isə problemin hansı şəkildəsə həlli barədə qərar veriləcək. Çünki hələ hökumətdə icazəsiz olaraq inşa edilən tikililərin və xüsusilə də yaşayış evlərinin siyahısı yoxdur.
Məlumata görə, əgər icazəsiz, amma ev tikintisi üçün yararlı olan ərazilərdə evlər tikilibsə, bu halda əsasən həmin evlərin müvafiq tikinti normalarına uyğun inşa edilib-edilmədiyi müzakirə obyekti ola bilər. Yəni bu kateqoriyaya aid olacaq evlərin sökülməsi deyil, rəsmiləşdirilməsi kimi sual ətrafında düşünüləcək. Amma evlər müvafiq tikinti normasına uyğun tikilməyibsə, habelə ev tikilən ərazi tikinti üçün yararsızdırsa, bu halda həmin evlərin sökülməsi qaçılmaz olacaq. Amma bu problemin də ağrısız həlli istiqamətində müzakirələr gedir.
Belə ki, bənzər həyəcan Bilgəh kəndində yaşanır. Bir qrup kənd sakini Abşeron rayon İcra Hakimiyyəti nümayəndələri tərəfindən narahat edilmələrilə bağlı "Turan"a müraciət ediblər.
Onların bildirdiyinə görə, kəndə Abşeron rayon polis idarəsinin 2-3 əməkdaşının müşayiətilə gələn Abşeron İcra Hakimiyyətinin xanım əməkdaşı Ruhiyyə və icra hakiminin müavini Sərvis adlı şəxs sakinlərdən tikdirdikləri evlərin sənədlərini tələb ediblər. Onlar sənədlər verilmədiyi halda evlərin "qanunsuz tikili" adı ilə söküləcəyi barədə xəbərdarlıq ediblər. Sakinlər kəndin daxilində yerləşən bu ərazidə evlərin azı 20-25 il əvvəl tikildiyini deyərək, bu müddət ərzində heç bir rəsmi qurumdan evlərin qanunsuzluğu barədə irad almadıqlarını söyləyiblər.
"Həmin şəxslər sənədlərin surətini çıxararaq, iki saat ərzində mənə qaytaracaqları adı ilə evin sənədini aldılar, amma indi nə qədər çalışıram, sənədləri ala bilmirəm", - deyə sakinlərdən 2-ci qrup Qarabağ müharibəsi əlili Məzahir İsmayılov bildirib. Sakinlərə görə, həm də ən maraqlısı budur ki, icra hakimiyyəti nümayəndələri bu sənədləri niyə tələb etdikləri barədə hər hansı açıqlama verməyiblər. Qalib Dadaşov:
- Mənim bildiyim qədər, bu ərazi Abşeronun deyil, Sabunçunun balansına daxil olmalıdır, odur ki, bu məsələdə səlahiyyəti olmayan Abşeron İcra Hakimiyyətinin evlərimizi sökəcəyilə bağlı hədə-qorxuları başa düşülmür.
Digər sakin - Nizami Əliyev də əzab-əziyyətlə tikdirdikləri evlərin "qanunsuz tikili" adı ilə sökülməsinin narahatlığa səbəb olduğunu deyib. "Biz sakinlər bu qeyri-müəyyən durumdan qurtarmaq üçün dövlət başçısı İlham Əliyevə ərazinin Sabunçu rayonunun sərəncamına verilməsilə bağlı müraciət etməli olacağıq", - deyə N.Əliyev qeyd edib.
Bilgəh bələdiyyəsindən isə "Turan"a bildiriblər ki, adıçəkilən ərazi kəndin daxili ərazisidir, təqribən 500 hektara yaxın sahədir, həmin ərazi Abşeron rayonunun balansına daxil deyil, eyni zamanda Sabunçu rayonunun da balansına daxil olunmayıb.
"Bilgəh kəndi inzibati baxımdan Sabunçu rayonuna tabe olduğu üçün Bilgəh bələdiyyəsi dövlət başçısı İlham Əliyevin 2008-ci il 13 iyul sərəncamına uyğun olaraq bu ərazinin Sabunçu rayonunun balansına verilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Torpaq və Xəritəçəkmə Komitəsinə çoxsaylı müraciətlər ünvanlayıb", - deyə mənbə bildirib.
Məsələyə dair Abşeron İcra Hakimiyyətinin mövqeyini öyrənmək isə mümkün olmayıb.
Qeyd edək ki, 1992-93-cü illərdən etibarən Bakıətrafı qəsəbə və kəndlərdə, habelə boş sahələrdə əsasən qaçqın və məcuri köçkünlər, Gürcüstan azərbaycanlıları özbaşına evlər tikməyə başlayıblar. Sonrakı illərdə Azərbaycanda hökm sürən sosial-iqtisadi problemlər nəticəsində Azərbaycanın digər bölgələrindən də paytaxta əhali axını başladı. Bu axın isə Bakıətrafı qəsəbə və kəndlərin ərazisində, habelə bu gün ciddi problemə çevrilmiş adsız yaşayış massivlərinin yaranmasına gətirib çıxarıb.
|