Yaxın günlərdə növbəti qrup iritutumlu avtobusun müxtəlif marşrut xətlərində istifadəyə verilməsi nəzərdə tutulur. "Bakısərnişinnəqliyyat" avtobuslarla sərnişindaşımaların təşkili şöbəsinin müdiri Yunus Abdullayevin dediyinə görə, istifadəyə 50-70 ədəd "Daewoo" markalı avtobus buraxılacaq. Avtobusların hansı marşrut xəttinə buraxılacağı barədə məlumat verməyən şöbə müdiri prosesin tədricən getdiyini deyir. Şəhərətrafı qəsəbələrə işləyən kiçiktutumlu avtobuslar tədricən tam yığışdırılacaq.
Avtobusların dayanacaqdan kənarda saxlanması problemi qalır. Yunus Abdullayev bu problemə görə sərnişinləri də təqsirləndirir. Çünki onlar sürücüdən avtobusu istənilən yerdə saxlamağı tələb edir: "Sürücü bu tələbə əməl etmədikdə isə sərnişinlər sürücülərin kobudluğu ilə bağlı quruma şikayət edirlər".