Buradakı binalarda əsasən məcburi köçkünlər və ətraf rayonlardan Gəncəyə gələnlər yaşayır. Son vaxtlar Gəncə şəhərində xeyli abadlıq işləri görülsə də, bura gözdən-könüldən uzaqda qalıb. Belə ki, buralara yolunuz düşsə, qarşınıza ilk əvvəl böyük zibil təpələri çıxacaq. Ətrafdan yayılan kəskin üfunətdən isə insanın nəfəsi daralır.
Buradan axan "arx"ın çirkabında cürbəcür zibillər üzür. Sakinlərin saxladığı ev quşları bu zibillərlə "qidalanırlar".
Yataqxananı isə müasir dövrlə bağlayan yeganə bir şey varsa, bu da mənzillərin girişində quraşdırılmış elektron kart tipli sayğaclardır. Hərçənd çoxdan təmir üzü görməyən bu otaqları mənzil adlandırmağa adamın dili gəlməz. İçəridəki bu "ab-hava"nı acınıcaqlı halda olan zirzəmilərdən gələn qoxu və orada, yəqin ki, rəqs edən siçovulların ciyiltiləri tamamlayır.
Binanın yaxınlığında qəribə bir "tikili" də var. 4-cü mərtəbədə yaşayan ixtiyar yaşlı məcburi köçkün ər-arvad pilləkənləri qalxa bilmədiklərini səbəb gətirərək, həyətdə metal lövhələrdən özlərinə "vaqon" tikiblər.
Bu "zona"da yaşayanlar deyirlər ki, buralara zibildaşıyan maşınlar gəlir, amma onlar zibili yığmaq əvəzinə öz "yük"lərini bura boşaldıb gedirlər.
Zibil topaları və təpələri ətrafında bu cür həyat mənzərəsini görəndə 21-ci əsrin 9-cu ilində yaşadığına şübhə edirsən.
"Şəhərdə böyük yolların yanındakı məhəllələrdə uşaqlar üçün futbol meydançaları açıblar. Nə olar, deyin ki, burda da meydança tiksinlər. Axı biz də futbol oynamaq istəyirik", - bu da zibillikdən tapdığı cırıq topu qovan bir uşağın dedikləridir.