Azərbaycan Jurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Hüquq Mərkəzi Cənub bölgəsi üzrə beş rayonda fəaliyyət göstərən KİV-lərdə çalışan 25 jurnalist arasında "regional mediada informasiya mənbələrinin şəffaflığı" mövzusunda sorğu keçirib. Bölgədə fəaliyyət göstərən jurnalistlər sorğudakı sualları cavablandırıblar və bu zaman maraqlı nəticələr üzə çıxıb.
"Çalışdığınız KİV-in rayonun icra strukturları ilə münasibətləri necədir?" sualını respondentlərin 20 faizi "yaxşı", 53 faizi "normal", 26 faizi "arzuolunan səviyyədə deyil" kimi cavablandırıb. "İcra strukturlarında informasiya məsələləri üzrə vəzifəli və ya məsul şəxs varmı?" sualına jurnalistlərin 60 faizi "bəli", 40 faizi isə "xeyr" cavabını verib. "İnformasiyanı necə əldə edirsiniz?" sualına jurnalistlərin 13,3 faizi "Müvafiq icra orqanlarından alıram" deyib, 20 faizi "etibarlı mənbələrimdən əldə edirəm" bildirib, 53,3 faiz isə "daha çox şəxsi münasibətlərdən asılıdır" kimi cavablandırıb.
Jurnalistlərin 40 faizi hesab edir ki, "İnformasiya alarkən ayrı-seçkilik təzahürlərinə məruz qalırlar". 40 faizi əksinə düşünür, 20 faiz isə hesab edir ki, "müstəqil mətbuata informasiya vermirlər". "Məlumat əldə etmənin hansı üsullarından istifadə edirsiniz" sualına jurnalistlərin 100 faizi "Şifahi formada - vəzifəli şəxslərə birbaşa müraciət etməklə" kimi cavablandırıb.
Rəyi soruşulan jurnalistlərin 26,6 faizi yazılı məlumat sorğusu ilə icra strukturlarına müraciət edib. 73,3 faizi bunu etməyib. "İşlədiyiniz rayonda icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanı varmı?" sualına jurnalistlərin 26,6 faizi "bəli", 46,6 faizi " xeyr", 26,6 faiz "çətinliklə bəzi sənədlərlə tanış olmaq imkanı yaradılır" kimi cavablandırıb.
Rəyi soruşulanların 53,3 faizi "İnformasiya vermədikləri təqdirdə icra orqanlarını məhkəməyə verməyə cəhd etmişsinizmi?" sualına "xeyr" cavabını verib. 26,6 faiz "bunun mənası yoxdur", 20 faiz isə "münasibətlərin pozulmasını istəmirəm" deyib.
"Dövlət qurumları ilə KİV arasında qarşılıqlı etimada söykənən əməkdaşlıq münasibətlərinin qurulması üçün nə etmək lazımdır" sualına təkliflər müxtəlif olub.
Jurnalistlər əsas olaraq təkliflərində media ilə oxucu problemini qeyd ediblər, təkliflərdə o cümlədən regional qəzetlərdə jurnalist həmrəyliyinə nail olmaq, icra strukturlarında KİV-lə bağlı məsul şəxsin təyin edilməsini, münasibətlərdə qərəzsiz olmaq və təmənna güdməmək öz əksini tapıb. KİV işçilərinin əksəriyyəti obyektivlik prinsiplərinə əməl olunmasını və media qanunvericiliyi və hüquqları sahəsində maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıblar.
|