çap et  
Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib
Şənbə, 15.08.2009

Səid
Səid

Hindistan sahillərində həbs olunmuş Türkiyə gəmisində olan Azərbaycan vətəndaşları gəmini istənilən an tərk edə bilər. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Elxan Poluxov bildirib ki, Türkiyə gəmisinin göyərtəsində olan azərbaycanlılarda "dənizçi pasportu" deyilən sənəd var: "Bu sənədlə onlar istənilən an gəmini tərk edərək sahilə çıxa və vətənə qayıda bilərlər. Amma bizdə olan məlumata görə, maliyyə olmadığı üçün onlar geri qayıda bilmirlər. Çünki gördükləri işin müqabilində onlara əməkhaqqı ödənilməyib".

Elxan Poluxov əlavə edib ki, Azərbaycan XİN-də olan məlumata görə, işçi vizasının uzadılması üçün Türkiyə agentliyinə verdikləri pasportlar da Azərbaycan vətəndaşlarına qaytarılmayıb: "Bununla əlaqədar Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib. Türkiyənin xarici siyasət idarəsindən məsələyə baxılacağı və tezliklə həll olunacağı vədi verilib".

Xatırladaq ki, Türkiyənin "ECE A Tanker Group" şirkətinə məxsus gəmi texniki çatışmazlıqlarla əlaqədar Hindistan sahillərində həbs olunub. Türkiyə bayrağı altında üzən gəminin heyəti 10 Türkiyə, 5 Azərbaycan və 1 Gürcüstan vətəndaşından ibarətdir.