![]() |
çap et |
|
|||
Həbs edilmiş gənc bloqçular - Emin Milli və Adnan Hacızadənin Hüquqlarını Müdafiə Komitəsi bu iki gəncin müdafiəsinə qalxmaq çağırışı ilə ABŞ Konqresinə, Böyük Britaniya Parlamentinə və Avropa Birliyi ölkələri liderlərinə müraciət edib ("Turan").
"Azərbaycanda həbs edilmiş bloggerlərin müdafiəsi üçün səsinizi ucaldın. Biz sizə "OL" hərəkatına və "Alumni Network" şəbəkəsinə rəhbərlik edən Emin Milli və Adnan Hacızadənin azad olunmasına yardım xahişi ilə müraciət edirik", - deyə sözügedən müraciətdə bildirilir. Xatırladılır ki, Emin Milli əvvəllər Respublikaçılar İnstitutunda, Avropa Şurasında və ATƏT-də işləyib. Adnan Hacızadə bir sıra beynəlxalq təşkilatların tərəfdaşıdır. "Gənc fəallar iyulun 8-də saxta xuliqanlıq ittihamı ilə həbs ediliblər. Lakin ictimaiyyət və bloqçuların həmkarları əmindirlər ki, onların həbsinin əsl səbəbi demokratiya problemləri və hökumətdə korrupsiya ilə bağlı öz fikirlərini bildirmələridir. İnanırıq ki, beynəlxalq demokratik ictimaiyyətin nüfuzlu liderlərinin səsini qaldırması gənc fəalların azad olunmasına kömək edəcək", - deyə qeyd edən müəlliflər gənclərin çox uzun müddətə həbsə atılacağını da istisna etməyiblər. "Bloqçuların təqsiri sübuta yetirilərsə, onları 5 ilə qədər həbs cəzası gözləyir və məhkəmənin ədalətli olacağına heç bir ümid yoxdur. İstintaqın bütün gedişi və irəli sürülmüş ittihamlar göstərir ki, ədalət gözləməyə dəyməz", - deyə məktubda vurğulanır. Müraciətin sonunda Azərbaycan prezidentinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin elektron ünvanları qeyd edilib. Müraciət müəllifləri bu ünvanlara bloqçuların dərhal azad edilməsi tələbi ilə etiraz məktubları göndərilməsini xahiş edirlər. Qeyd edək ki, gənc bloqçular bir müddət əvvəl "Livan" restoranında tanımadıqları şəxsləri döyməkdə ittiham edilərək həbs olunublar. |