Cümə axşamı Füzuli rayonu Qaraxanbəyli kəndi ərazisində (hərbiçilərin nəzarətində olan ərazidə) Füzuli rayonu Əhmədalılar kənd sakini Cəfər Məhərrəmov traktorla yer şumlayarkən tank əleyhinə minaya düşərək, qarın nahiyəsindən və qolundan xəsarət alıb. Bu hadisə barədə Turan agentliyinə ANAMA-dan bildiriblər.
Xəbərə görə, agentlik tərəfindən həmin ərazilərin təhlükəli olduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, bu ərazilərdə kənd təsərrüfatı işlərinin aparılması davam edir.
ANAMA minalar əleyhinə Milli Komitəsi Dağlıq Qarabağa bitişik rayonlarda ilin əvvəlindən bu yana 7 partlayış halı qeydə alındığını bildirir. 10 kənd sakini tarlada iş görərkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son dəfə isə iyulun 16-da Ağdam və Xocavənd rayonları arasında kombayn minaya düşərək partlayıb. Nəticədə, kombaynın sürücüsü və köməkçisi yaralanıblar.
Müxtəlif məlumatlara əsasən, 2001-ci ildən bu yana Azərbaycanda mina partlayışı nəticəsində 61 nəfər həlak olub, 148 nəfər yaralanıb.
1992-94-cü illərdə Qarabağ zonasındakı döyüşlərdən sonra burada partlamamış minlərcə mina qalmışdır ki, onların aşkarlanması hələ müntəzəm olaraq davam edir. Təkcə bu ilin iyulunda 10.560 partlamamış döyüş sursatı və mina zərərsizləşdirilib, deyə xəbərdə bildirilir.
|