çap et  
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər
Şənbə, 15.08.2009

C.Məzahiroğlu
Məzahir

Dünən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyi "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsi ilə bağlı mətbuat konfransı keçirdi.

"Doktrina" mərkəzinin rəhbəri, "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı Cəsur Sümərinli bildirdi ki, 6 ay davam edəcək layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilir. 4 min ABŞ dolları həcmində büdcəsi olan bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın vətəndaş cəmiyyətinin hərbi sahədə aparılan islahatlar və baş verən hadisələr barədə məlumat almaq hüququ barədə maarifləndirməkdir.

Cəsur Sümərinli bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar prosesi maraq kəsb edir. Odur ki, ictimai məlumatlandırma həmişə vacib görünür. "Təəssüf ki, bir çox hallarda bir sıra güc strukturları, xüsusilə Müdafiə Nazirliyi islahatlar, ordudakı vəziyyətlə bağlı ictimaiyyətə davamlı məlumatlar verməkdən çəkinir. Bu isə yolverilməz hesab edilir" - C.Sümərinli hesab edir ki, Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına orduya demokratik vətəndaş nəzarətinin tətbiqi çərçivəsində yanaşmaq lazımdır.

Layihənin həyata keçirilməsində tərəfdaş təşkilat qismində çıxış edən "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərov Azərbaycanda hərbi əsahədə informasiya əldə edilərkən xeyli sayda problemlərin ortaya çıxdığını bildirdi. Onun sözlərinə görə, güc strukturları, xüsusilə də MN bu gün Silahlı Qüvvələrdə baş verən prosesləri ictimaiyyətdən qapalı saxlayır. "Güc strukturları əksər vaxtlarda ölkənin müharibə şəraitində olduğunu əsas gətirərək informasiya verməkdən çəkinirlər. Bu isə əsassız arqumentdir. Çünki, ictimaiyyət hərbi sirr barədə deyil, Silahlı Qüvvələrdə həyata keçirilən islahatlarla maraqlanır. Düşünürəm ki, güc strukturlarının müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslər barədə cəmiyyətə məlumat vermədiyi əslində ölkənin müdafiə qüdrətinə zərbədir. Çünki belə olduqda ictimaiyyət Silahlı Qüvvələr quruculuğunda iştirak edə bilmir", - deyə o bildirdi.

Tədbirdə deyildi ki, layihə çərçivəsində mövzu ilə əlaqədar 3 debat nəzərdə tutulur. Bundan başqa, müxtəlif dəyirmi masalar, müzakirələr də keçiriləcək.