Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir
 |
Novruz Məmmədov bildirir ki, münaqişənin nizamlama prosesi 15-20 ilə qədər uzana bilər
Şənbə, 15.08.2009
|
|
mətn ölçüsü |
|
|
|
Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan və Azərbaycan tərəflərinin konsepsiyalarında müəyyən fərqlər qalmaqdadır, bu barədə "Turan"a eksklüziv müsahibəsində Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirir.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi əvvəlki kimidir: "Ermənilər mərhələli şəkildə Qarabağ ətrafında işğal etdikləri əraziləri azad etməli, məcburi köçkünlər isə doğma yurdlarına qayıtmalıdır. Bundan sonra, keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi və eyni zamanda DQ və Ermənistan arasında dəhlizin formalaşdırılması mümkündür".
Bu proseslər ərazilərin minalardan təmizlənməsi, bərpa işləri ilə müşayiət olunmalıdır. Bütün bunlar 5 ildən 10 ilə qədər vaxt apara bilər.
"Sonra məcburi köçkünlər birbaşa Dağlıq Qarabağa qaytarılmalı, sülhməramlı qüvvələr yerləşdirilməlidir. 60 min azərbaycanlı oraya qayıtdıqdan və 1991-ci ildəki vəziyyət bərpa edildikdən sonra DQ-nin hüquqi statusu işlənib hazırlana bilər. Bütün bunlar 10 ilə qədər vaxt apara bilər" deyən N.Məmmədov qeyd edib ki, DQ-nin statusu müstəsna olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməlidir.
Bununla belə, o qeyd edib ki, hazırkı mərhələdə dəqiq zaman çərçivəsindən danışmaq mümkün deyil. Belə ki, proseslərin hansı formada inkişaf edəcəyi məlum deyil. Yalnız DQ ətrafındakı 7 rayona 760 min insan qayıtmalıdır.
"Orada bütün evlər, istehsalat, sənaye və sosial infrastruktur dağıdılıb. Bütün bunların bərpası bir günün işi deyil. Yalnız minalardan təmizləməyə bir neçə il lazım olacaq. Bunlar nəzərə alınmaqla, bütün nizamlanma prosesi 15-20 il uzana bilər", deyə Məmmədov bildirib.
Yenilənmiş "Madrid prinsipləri"nin təfsilatına varmayan Məmmədov bildirib ki, onlar DQ statusunun müəyyən edilməsinə, yəni qərarın nə vaxt, kimin tərəfindən və necə veriləcəyinə aiddir: "Sülhməramlı qüvvələrə, onların tərkibinə və yerləşdirilmə vaxtına aid məsələlər var, dəhlizlə bağlı müəyyən məsələlər var". Məmmədov tərəflərin razılaşmaya yaxın olması məsələsində həmsədrlərlə razıdır. Lakin bəzən kiçik bir detal bütün nizamlanma prosesinə təsir edir.
"Əlbəttə, Ermənistan DQ-nin hüquqi statusunun birinci mərhələdə müəyyən edilməsini istəyir. Lakin ümumi razılıq və həmsədrlər arasında razılıq belədir ki, əvvəlcə DQ ətrafındakı 7 rayonun hamısı azad olunmalıdır", - deyə Məmmədov bildirib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülhməramlıların tərkibində qonşu dövlətlərdən hərbçilər olmamalıdır.
"Bizim fikrimizcə, sülhməramlı missiya Avropa dövlətləri və ABŞ-ın hərbi qüvvələrinin nümayəndələrindən təşkil edilsəydi, yaxşı olardı", deyə Məmmədov bildirib. Sülhməramlı qüvvələrin yerləşdiriləcəyi yerə gəlincə, sülhməramlıların DQ və ətraf rayonların təmas xəttində yerləşdirilməsi optimal olardı.
DQ-nin statusunun müəyyən edilməsi formalarına gəlincə, bu, Azərbaycanın qüvvədə olan Konstitusiyası əsasında baş verməlidir.
"DQ-nin statusu məsələsi son mərhələdə həll edilməlidir və bu barədə müzakirələr davam etdirilir. Buna görə konkret heç nə demək olmaz", deyə Məmmədov bildirib.
Sülh prosesinin uğurlu inkişaf edəcəyi halda, ilk növbədə dəmir yol kommunikasiyaları açılacaq. Bununla yanaşı, yerli səviyyədə kommunikasiyalar bərpa edilə bilər.
Sonra avtomobil yollarının açılması barədə məsələ qaldırıla bilər. Sonra aviasiya əlaqəsi açıla bilər. "Hesab edirəm ki, Ermənistan ilk öncə dəmir yolunun açılmasında maraqlıdır, belə ki, özünü blokadada hiss edir və bunu özü yaradıb", deyə Məmmədov bildirib.
"Xəzərdə Avropa Birliyinin təcrübəsinə ehtiyac var"
N.Məmmədov bildirib ki, Azərbaycan həmişə Xəzərin dostluq, əməkdaşlıq, tərəfdaşlıq və sülh dənizi olmasını istəyib. "Xəzərdə beynəlxalq əməkdaşlıq məhz Azərbaycanın səyləri nəticəsində baş verib. Bu prosesləri Azərbaycan bundan sonra davam etdirəcək. Xəzərin sektorlara bölünməsi, neft və qaz hasilatının həyata keçirilməsi beynəlxalq əməkdaşlığın gözəl nümunəsidir", deyə Məmmədov bildirib.
Məmmədov Rusiya prezidentinin bu günlərdə xaricdə güc tətbiqi ilə bağlı səlahiyyətlər almaqla bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirməkdən yayınıb. "Sualınız çox mürəkkəbdir. Bunlara birmənalı cavab vermək çox çətindir. Amma dünyada ölkələr və xalqlar ambisiyasız və müharibəsiz daha firəvan yaşaya bilər".
Türkmənistanın son bəyanatlarına münasibət bildirən Məmmədov deyib ki, Azərbaycan-Türkmənistan əlaqələri son dövrlər yaxşılaşıb, müəyyən məsələləri daha çətinə salmağa, daha mürəkkəbə aparmağa ehtiyac da yoxdur.
"Beynəlxalq təcrübədə müəyyən presedentlər, beynəlxalq hüquq və dənizdə onillərlə davam edən fəaliyyət forması əsas kimi götürülməlidir. Bu fəaliyyətlər tərəflər arasında, eləcə də Rusiya ilə İran arasında razılaşdırılıb", deyə o bildirib.
İkitərəfli münasibətlər perspektivinə toxunan Məmmədov bildirib ki, türkmənlər və azərbaycanlılar kökü, mədəniyyəti, dini tarixi çox yaxın olan qardaş xalqlardır: "Biz həm də qonşu xalqlarıq. Xəzər də əslində qonşuluq üçün yaxşı bir sülh ərazisidir. Bu xalqlar, dövlətlər arasında dostluğun əməkdaşlığın alternativi yoxdur. Bu gün Avropa dövlətləri Avropa İttifaqı adlı bir qurum yaradıb. Bütün münasibətlərini tənzimləyiblər və tənzimlənməyən münasibətləri isə tarixin arxivinə göndəriblər. Bizə də bu təcrübədən istifadə çox lazımdır və hesab edirəm ki, nəhayətdə bütün Xəzəryanı dövlətlər bu fikri qəbul edəcək".я
"Bloggerlər xuliqandırlar, amma onları buraxacaqlar"
Novruz Məmmədov beynəlxalq ictimaiyyətin bloggerlər Emin Milli və Adnan Hacızadənin azad edilməsi çağırışı ilə çoxsaylı müraciətlərini də şərh edib: "Çox təəssüf ki, bu gün Qərb imkanlarından istifadə edərək, kiçik bir milçəyin uçmasını böyük hadisə edərək, dünyaya yaya bilir".
"Bloggerlərin həbsi, sadəcə, bir xuliqanlıq hadisəsidir. Bir xuliqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq, onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər", - deyə Məmmədov bildirib.
"7-8 nəfər bu gənclər bir-iki nəfərə qarşı olub. Bunu beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr şişirdirlər. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar", - deyə o qeyd edib.
Azərbaycanın bloggerləri həbsdən azad etmək niyyətində olub-olmaması barədə suala cavabda Novruz Məmmədov bildirib ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq. "Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir, biz bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa, bu qəbul edilməyəcək".
Azərbaycanın xarici və daxili siyasətinə ədalətsiz kənar təsirlərin qəbul edilmədiyini deyən Məmmədov ölkədəki proseslərin qanunlarla idarə olunduğunu vurğulayıb. "Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində - demokratik, hüquqi və dünyəvi dövlət qurumunda, bütün çətinliklərə baxmayaraq, irəliləyir. Azərbaycan tezliklə Qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək", - deyə Məmmədov bildirib.
|
|
|
Oxşar xəbərlər:
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
|
|
|