"İranın Azərbaycandakı səfirliyinin binası qarşısındakı lövhədə "İranın Bakıdakı səfirliyi" yazılmasına diqqət yetirməmişəm. Bunu İran diplomatlarının bu məsələdə bilməzliyi kimi qiymətləndirmirəm".
APA-nın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov çıxış edib. Ə.Hüseynov Azərbaycan Gənclər və İdman Nazirliyi, "İrəli" İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Qazax şəhərində keçirilən "Gənc Liderlər üçün Yay Universiteti" iştirakçılarının suallarını cavablandırarkən qeyd edib ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu məsələ ilə bağlı Milli Məclis adından həmin səfirliyə və ya İrandakı həmkarlarına müraciət edə bilər.
Avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən "Gənc Liderlər üçün Yay Universiteti"ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Universitetdə gənclər üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, XX əsr Azərbaycan tarixi və azərbaycançılıq ideyası haqqında mühazirələr oxunur.
"Gənc Liderlər üçün Yay Universiteti"ndə "İnsan haqları günü" çərçivəsində MM Aparatının dövlət quruculuğu şöbəsinin müdiri Lətif Hüseynovla da görüş keçirilib.
Görüşdə Lətif Hüseynov xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlərin aparmasına qoyulan məhdudiyyətə münasibət bildirib: "Bu məhdudiyyətə qiymət verərkən, Azərbaycanda ictimai qayda və milli təhlükəsizlik üçün real təhlükə törədən amilləri nəzərə almamaq düzgün olmazdı. Məlumdur ki, xaricdə dini təhsil alan şəxslər bir çox hallarda ölkəmizdə təhlükəli cərəyanların və ideyaların yayılmasına cəlb olunurlar. Qanunda əslində bu şəxslərin ölkəmizdə dini fəaliyyətinə qadağa qoyulmur və belə bir qadağa qoyula da bilməz. Məhdudiyyət həmin şəxslərin dini ayinlər və mərasimlər aparması ilə bağlıdır
L.Hüseynov seçki qanunvericiliyi ilə də danışıb: "Venesiya Komissiyası da Azərbaycanın seçki qanunvericiliyini müsbət dəyərləndirib. Həmin qurum da hesab edir ki, bu seçki qanunvericiliyi demokratik, beynəlxalq səviyyədə seçki keçirməyə imkan verir". Görüşdə yaşamaq, cinayət, əmək hüququ, beynəlxalq qanunvericilik və dövlət quruculuğundan da söz açılıb.
Görüşdə çıxış edən Əli Hüseynov daha sonra bildirib ki, ölüm cəzasının ləğv edən ilk postsovet ölkələrindən biri də Azərbaycan olub və ölkə ən çətin vaxtlarda Avropa Şurası qarşısında öhdəlik götürərək bu quruma daxil olub. Dağlıq Qarabağ münaqişəsindən danışan deputat vurğulayıb ki, bu münaqişədə çoxlu hüquqlar pozulub. Nədənsə Ermənistandan qaçqın düşən azərbaycanlılar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmir. Acınacaqlı hal odur ki, erməni diaspora təşkilatları bu məsələdə aktivdirlər".
Ə.Hüseynov parlament üzvlərinin dövlət orqanlarında və ali məktəblərdə rektor kimi fəaliyyət göstərməsi ilə də bağlı mövqeyini açıqlayıb: "Rektor həm də elmi vəzifə olduğundan dövlət qulluğu sistemində deyil. Fikrimcə, iş adamlarının da deputat olması problem deyil. Almaniyada deputat həm də xarici işlər nazirinin müavini kimi çalışır".
Komitə sədri siqaret çəkilməsi ilə bağlı məhdudiyyətin qanunda tətbiqinin əleyhinə olduğunu da deyib: "Bu həm iqtisadi, həm də mənəvi baxımdan düzgün deyil. Ticarət müəssisələri üçün isə rüşvətə, korrupsiyaya yol aça bilər".
|