"Cırtdan partiyalar" paradı, yoxsa...
|
Siyasi partiyalar dövlət yardımı almasalar, ölkədə "partiya" böhranı qaçılmaz olacaq
Şənbə, 15.08.2009
X.Səfəroğlu |
mətn ölçüsü |
|
|
|
Müxalifət düşərgəsində son illər müşahidə olunan passivlik siyasi partiyaların fəaliyyəti ilə bağlı bir sıra sualları gündəmə gətirib. Artıq siyasi təşkilatların 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində müşahidə edilən aktivliyi ən aşağı həddə çatıb. Bunun səbəbləri müxtəlifdir. Hakimiyyətin basqılarından tutmuş siyasi partiyaların resurslarının tükənməsinə qədər bir çox məsələlərdən söz gedir.
Siyasi partiyalar 2002-ci il referendumundan sonra öz cazibədarlığını itirməyə başladılar. O zamankı avqust referendumundan sonra seçkilərin yalnız majoritar qaydada keçirilməsi saxlandı. Proporsional seçki sisteminin ləğvi ölkənin siyasi palitrasında bir sıra ciddi dəyişikliklər yaratdı. Siyasi partiyaların "qara günləri" məhz həmin vaxtdan başlandı. Buna qədər isə partiyalarda parlament seçkiləri zamanı siyahıda yer tutmaq üçün əməlli-başlı rəqabət gedirdi. Partiya işində fərqlənmək və diqqət cəlb etməklə siyasi karyera qurmaq cəlbedici işə çevrilmişdi. Bunun üçün müəyyən imkanlar da vardı. Müsavat və AXCP-də "siyahı müharibələri" dəbdə olan mövzular idi və bu rəqabət çox ciddi qüvvələri əhatə edirdi. Eyni zamanda siyasi partiyaların malik olduqları yetərli ziyalı kadrları ölkənin siyasi idarəetməsinə müncər olunmuşdu. Onlarla hesablaşmamaq, sadəcə, mümkün deyildi.
Qərb ölkələri fəal şəkildə siyasi partiyalarla işləyirdi və partiya rəhbərləri mütəmadi olaraq xarici ölkələrə ən yüksək şəkildə dəvət edilən səfərlərə gedirdi. Məsələn, AXCP sədri mərhum Əbülfəz Elçibəyin Türkiyədə olan görüşləri, Müsavat başqanı İsa Qəmbərin Yaponiyanın nufuzlu "Sasakava" mükafatını alması, AMİP sədrinin Beynəlxalq Demokratlar İttifaqının Cənubi Qafqazdan yeganə partiya olaraq üzv qəbul olunması o zaman müxalifət düşərgəsinin ciddi uğurları hesab olunurdu. Türkiyənin ölkəmizə gələn rəhbərlərinin müxalifət liderləri ilə görüşləri isə zəruri protokol qaydası halını almışdı. Təsadüfi deyil ki, ABŞ-ın burada olan bütün səfirlərinin müxalifət düşərgəsi ilə münasibətləri isti xarakter almışdı. Bütün bu mənzərə vətəndaşlar arasında partiyalarda təmsil olunmaq həvəsi yaradırdı. Son nəticədə partiyanın mərkəzi aparatından tutmuş yerli təşkilatına qədər yeni üzvlər sahəsində korluq çəkmirdilər.
Lakin 2003-cü ildən başlayaraq siyasi partiyaların həyatında ciddi dəyişiklik baş verdi. Partiyadan qopmalar və siyasi düşərgə dəyişiklikləri o qədər sürətlə gedirdi ki, ortaya təhlükəli nüanslar çıxmışdı. Ötən bu illər ərzində ölkənin iri müxalifət partiyaları bir çox parametrlər üzrə geriləyiblər.
Hakimiyyətin təpkiləri sayəsində normal partiya strukturları formalaşdırmaq imkanından məhrum olan partiya rəhbərləri digər tərəfdən siyasi təşkilatda olan passivliyi aradan qaldıra bilməyiblər. Siyasi partiyaların ən ağrılı yeri rayon təşkilatlarıdır. Burada vəziyyət çox mürəkkəbdir və böyük partiyaların rayon təşkilatlarında idarəçilik yalnız entuziastların əlindədir. Bu isə ölkədə baş verən ciddi kampaniyalar zamanı ortaya əngəllər çıxarır.
"Siyasi partiyalar haqqında" yeni qanun məhz belə bir şəraitdə müzakirə obyektinə çevrilib. İqtidar bu qanun layihəsi ətrafında açılan müzakirələrdə bir şeyi nəzərə almalıdır ki, hazırda ölkədə siyasi partiya sistemi özünün böhranlı dövrünü yaşayır. Dövlət yardımı ölkənin demokratikliyinin nümunəsi sayılan çoxpartiyalılıq kimi vacib amilin inkişafına yönəldilməlidir. Əgər yeni qanun və dövlət maliyyələşdirilməsi "siyasi cırtdanlar klubu"nun formalaşdırılmasına həsr ediləcəksə, o zaman Azərbaycanın siyasi palitrasını silinmiş saymaq olar.
|
|
|
Oxşar xəbərlər:
Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
|
|
|