Orduda total yoxlamalar başlanır
 |
Təftiş nəticəsində hazırlanmış sənəd ölkənin strateji sənədləri - Hərbi Doktrina və Strateji Müdafiə İcmalı üçün baza rolunu oynayacaq
Şənbə, 15.08.2009
|
|
Azərbaycan hakimiyyəti ABŞ Müdafiə Nazirliyinin və NATO dairələrinin tövsiyəsi ilə Silahlı Qüvvələrdə genişmiqyaslı təftiş əməliyyatı keçirməyə hazırlaşır. Bu çərçivədə MN rəhbərliyinə ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi və ümumiyyətlə, ordudakı vəziyyətlə bağlı hesabat hazırlamaq tapşırılıb. Bu barədə eksklüziv məlumat "Ayna"ya Prezident Aparatına yaxın mənbədən daxil olub. Məlumatda o da bildirilir ki, ölkə rəhbərliyi son vaxtlar Silahlı Qüvvələrdə baş verən proseslərlə bağlı narahatlıq keçirir və vəziyyətlə bağlı detallı hesabatın hazırlanmasını istəyib.
"Ölkə rəhbərliyinə Silahlı Qüvvələrdə baş verən proseslər barədə xeyli müraciət və şikayətlər daxil olub. Bu şikayətlərin böyük hissəsi orduda korrupsiya faktları, qanunsuz göstəriş və əmrlər, əsaslandırılmamış yerdəyişmələrlə bağlıdır", - deyə mənbə bildirdi. "Müdafiə Nazirliyinin rəhbərliyi isə Silahlı Qüvvələrdə vəziyyətin qaydada olduğunu bəyan edir. Lakin ortaya çıxan faktlar vəziyyətin əksini göstərir. Bu səbəbdən hakimiyyət real vəziyyətin necə olduğunu öyrənmək istəyir", - deyən mənbə yaxın vaxtlarda Silahlı Qüvvələrin bütün hərbi hissələrində, birləşmələrdə yoxlamalara başlanacağını istisna etmir. Özü də ordudakı vəziyyətin öyrənilməsi təkcə Müdafiə Nazirliyi zabitlərinin öhdəsinə buraxılmayacaq: təftiş qrupuna MN nümayəndələri ilə yanaşı, Prezident Aparatı, Milli Təhlükəsizlik Nazirliyi, Hərbi Prokurorluq əməkdaşları daxil ediləcək.
"Bu, çox nəhəng təftiş əməliyyatı olacaq: ordudakı bütün hərbi hissələr, şəxsi heyət, maddi-texniki təchizat, şəxsi heyətin taktiki və döyüş hazırlığının vəziyyəti, kazarmaların durumu, silah-sursat və döyüş texnikasının vəziyyəti və s. yoxlama hədəfində olacaq", - deyə mənbə bildirdi. Məlumatda bildirilir ki, yoxlama komissiyası proses zamanı aşkar ediləcək faktları hesabat şəklinə salıb ölkə rəhbərliyinə çatdıracaqlar. Bunun ardınca isə ölkə rəhbərliyi ordu quruculuğunun perspektivləri ilə bağlı qərar qəbul edəcək. Bu qərarla ölkənin 2010-cu il hərbi büdcəsində Silahlı Qüvvələrin gerçək ehtiyacları nəzərə alınacaq.
Ekspertlərə görə, bu yoxlama nəticəsində hazırlanmış hesabat Azərbaycanın strateji sənədlərinin - Hərbi Doktrina və Strateji Müdafiə İcmalının hazırlanması üçün əsaslı baza rolunu oynaya bilər.
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) hesab edir ki, Silahlı Qüvvələrdə total yoxlamalar təcrübəsi ənənəyə çevrilməlidir. Mərkəzin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdi ki, NATO ölkələrində, xüsusilə ABŞ və Almaniyada Silahlı Qüvvələrdə təftiş əməliyyatları mütəmadi olaraq baş verir və nəticədə ölkənin siyasi rəhbərliyi ordunun gerçək vəziyyətindən və tələbatından xəbər tutur.
"Bu ölkələrin hərbi rəhbərliyi yoxlamalarda maraqlıdır. Çünki onların hərbi ehtiyacları ildən-ilə kəskinliklə artır və siyasi rəhbərliyi bu ehtiyacların reallığına inandırmaq yolu yalnız və yalnız təftişlər ilə mümkün olur", - deyə İ.Məmmədov bildirdi.
Ekspertin fikrincə, son illər Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarına uyğun islahatların uğurla davam etməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirilir. "Bir çox hallarda bu bəyanatların nə dərəcədə real olması şübhə doğurur. Siyasi rəhbərlik orduya vəziyyəti daim nəzarətdə saxlamağa çalışmalıdır. Bunun əsas yolu daimi yoxlamalardan keçir", - deyə o qeyd edir.
Digər hərbi ekspert, "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov orduda daim yoxlamlar keçirilməsinə tərəfdardır. Onun fikrincə, bu, Silahlı Qüvvələrə mülki nəzarətin əsas qollarından biridir: "Arzu edərdim ki, gələcəkdə bu tip yoxlamalarda müstəqil jurnalistlər də iştirak etsin. Bu orduda vəziyyətin yaxşılaşmasına, islahatların sürətlənməsinə səbəb olardı", - deyə o qeyd etdi.
Üzeyir Cəfərovun fikrincə, hakimiyyət ordudakı real vəziyyəti öyrənərkən beynəlxalq təşkilatların, müstəqil qurumların, qeyri-hökumət təşkilatlarının, hərbi ekspertlərin fikirləri ilə də tanış olmalıdır. "NATO ölkələrində Silahlı Qüvvələrin vəziyyəti öyrənilərkən rəsmi faktlarla yanaşı ictimai rəy də öyrənilir. Çünki ictimai rəydə ordu ilə bağlı mövcud problemlərin aradan qaldırılması vacib məsələlərdən biridir. Bu proses Azərbaycanda da həyata keçirilməlidir: KİV-də qeyd edilir ki, orduda neqativ hallar mövcuddur, o zaman Müdafiə Nazirliyi KİV-i qərəzli mövqe tutmaqda ittiham edir, bu isə düzgün yanaşma deyil", - deyə Üzeyir Cəfərov bildirdi.
Əldə etdiyimiz xəbərlərə görə, Silahlı Qüvvələrdə həyata keçiriləcə total yoxlamalarla bağlı bir sıra hərbi hissələrdə təmir işlərinə başlanıb...
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
Mediaya "farağat" komandası?
|
|
|