çap et  
Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Nazirlik rəsmisinin sözləri Azərbaycanda hərbi informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin mövcudluğunu göstərir
Şənbə, 15.08.2009

C.Məzahiroğlu

Srağagün Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu KİV və Müdafiə Nazirliyi arasında uzun həftələrdir davam edən gərginliyin bir qədər səngiməsinə dəlalət edəcək açıqlamalar verib. Məsələnin maraqlı tərəfi Sabiroğlunun APA-ya müsahibəsində səsləndirdiyi fikirlərin nazirlik rəhbərliyi ilə razılaşdırıldığı barədə məlumatlardır. Beləliklə, bu müsahibənin Müdafiə Nazirliyinin hazırki rəhbərliyinin mövqeyini ifadə etdiyini düşünmək olar.

Lakin Müdafiə Nazirliyinin ictiaiyyətə verdiyi bu cavablar gərginliyi azaltmadı və yeni suallar yaratdı.

MN Silahlı Qüvvələrlə bağlı son vaxtlar mətbuatda gedən yazıları qərəzli kampaniya adlandırır. Nazirlik son vaxtlar ölkə KİV-də ordu ilə bağlı məqalələrin sayının niyə artdığını izah edə bilmir. Açıqlamalardan o da görünür ki, MN nədənsə ayrı-ayrı şəxslərə, generallara ünvanlanmış yazı və məqalələri Silahlı Qüvvələrə ünvanlanmış kimi təqdim edir.

Müsahibədən görünür ki, MN-də heç kim orduda hər şeyin ideal olduğu və ya heç bir problemin olmadığı fikrində deyildir. Müdafiə Nazirliyinin rəsmisi orduda qəsdən adamöldürmə hallarının artdığını düşünmür. Bununla da Eldar Sabiroğlu bilərəkdən və ya bilməyərəkədən hərbi prokuror Xanlar Vəliyevin bir müddət əvvəl səsləndirdiyi məlumatları təkzib edir. Bu isə, "Səfər Əbiyevlə Xanlar Vəliyevin arasında problemlərin olmasını" israr edən KİV üçün növbəti müzakirə mövzusudur.

MN-də bu fikirdədirlər ki, "əsgəri yetişdirməyi təkcə bir qurumun üzərinə, ordu rəhbərliyinin öhdəsinə buraxmaqla kifayətlənmək olmaz. Gənc orduya çağırılan qədər müəyyən hazırlıqlara malik olmalıdır. Əsgərin vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən, cəmiyyətdən başlayaraq orduya doğru gəlməlidir".

Nazirlikdə baş verən proseslər barədə bəzi hallarda Mətbuat Xidmətinə məlumat verilmir. Müdafiə Nazirliyi rəsmisi etiraf edir ki, nazirlik tərəfindən əsassız informasiyanın təkzib edilməsi fayda vermir. "Nə qədər aydınlıq gətirsək ki, yox, vəziyyət bu cür olmayıb, yozmaların, müxtəlif cür yanaşmaların əl-ayağını yığışdırmaq olmur". Bununla da E.Sabiroğlu KİV-in Müdafiə Nazirliyinə olan inam və etimadının azaldığını etiraf edir ki, bu da müharibə şəraitində olan Azərbaycan üçün olduqca təhlükəlidir. Belə desək, Sabiroğlunun açıqlamaları Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin olduğuna bir işarədir.

Müdafiə Nazirliyində nazirin hərbi şəxs olmasının daha məqsədəmüvafiq olması fikri daha çox dəstəklənir. Eyni zamanda bildirilir ki, bu məsələ dövlətin səlahiyyətində olan bir işdir.

İctimaiyyət üçün ən maraqlı olan açıqlama nazirlikdəki islahatların təsdiqlənməsidir. Qeyd edək ki, ölkə mətbuatı, o cümlədən "Ayna" qəzeti uzun vaxtdır ki, Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin Baş Qərargahında ştat-struktur dəyişikliklərinin aparıldığını yazır. İndiyədək nazirlik rəsmiləri bu islahatların aparıldığını təsdiqləmək istəmirdilər. Amma bu dəfə Eldar Sabiroğlu bildirib ki, hazırda nazirliyin Mərkəzi Aparatında islahatlar, struktur təkmilləşdirilməsi həyata keçirilir. Nazirlikdə düşünürlər ki, bu dəyişikliklər nazirliyin fəaliyyətinə müsbət təsir göstərəcək.

Daha bir mühüm xəbər. Nazirlikdən bildirilir ki, son zamanlar bəzi rayonların hərbi komissarları həqiqətən tutduqları vəzifədən azad ediliblər. Onların bəzisi sərəncama götürülüb, bəzisi təqaüdə gedib, bəziləri isə işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Maraqlıdır ki, təxminən 11 min işarəlik müsahibənin heç bir yerində Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına dair hər hansı ifadəyə rast gəlinməyib. Bu da bir sual doğurur...