Prosesdə hakimin müttəhimlər kürsüsündə əyləşmiş Türkiyə vətəndaşı Yaman Əliyə söz verməsi onun müdafiəçisi Akif Əlinin etirazına səbəb oldu. Vəkil bildirdi ki, məhkəmədə mühakimə olunan Yaman Əlinin şəxsiyyətini təsdiq edən sənəd cinayət işinin arasında yoxdur: "Yaman Əlinin kimliyini sübut etməyə ittiham tərəfi borcludur. Ona ittiham sürülməzdən əvvəl onun şəxsiyyətini təsdiq edən sənədi müəyyən etmək lazım idi. Lakin istintaq orqanı bunu etməyib. Mən həmin sənədin cinayət işinə əlavə edilməsini istəyirəm. Bundan sonra müdafiə etdiyim şəxsin dindirilməsini istəyirəm".
Məhkəmə Xarici İşlər Nazirliyinə sorğu göndərəcək
Hakim isə bildirdi ki, təqsirləndirilən şəxs Türkiyədən Çeçenistana, oradan Azərbaycana isə qardaşı Şabanın şəxsiyyət vəsiqəsi ilə gedib. Hakimin sözlərinə görə, Azərbaycanda da təqsirləndirilən şəxs qardaşının sənədi ilə tutulub: "Burada Yaman Əlini dindirək. Onun sənədlərinin müəyyən edilməsi üçün Xarici İşlər Nazirliyinə sorğu göndəriləcək. Hazırda Yaman Əli kimi ifadə versin. Sorğunun cavabını alandan sonra təqsirləndirilən şəxsin kimliyini cinayət işinə əlavə edərik".
Bundan sonra prosesdə Yaman Əlinin ifadəsi dinləndi. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyən Türkiyə vətəndaşı bildirdi ki, Azərbaycan dilini yaxşı bilmir, elə buna görə də ibtidai istintaqda ondan istədikləri formada ifadə alıblar. Onun sözlərinə görə, oxumağı bacara bilmədiyi üçün istədikləri sənədə imza etdirib, ondan etirafedici ifadə alıblar. O bildirdi ki, ittiham aktında 2003-cü ildə eyni ittihama görə Türkiyədə 3 il cəza almasını düzgün yazmayıblar: "Həmin il Türkiyədə tutulmuşdum. Amma mən "Əl-Qaidə" üzvü olduğum üçün yox, həmin vaxt həbs edilən şəxslərdən biri mənim evimdə qaldığı üçün tutulmuşdum. Məhkəmə mənim barəmdə hökm çıxarmayıb. Məhkəmə həmin ərəfədə 3 il davam edib və sonda mənim günahsız olduğum subuta yetirilib".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etdi ki, Türkiyədə Qafqaz dərnəkləri təşkilatının üzvü olub. Onun sözlərinə görə, bu təşkilatın vasitəsi ilə Çeçenistana yardım aparıb: "Həmin vaxt mən Rusiya ərazisində axtarışda olduğum üçün qardaşımın şəxsiyyət vəsiqəsi ilə getməli oldum. Ona görə də qardaşım Şabanın şəxsiyyət vəsiqəsində olan şəkilini cırdım, öz şəkilimi isə onun yerinə yapışdırdım. Yardım üçün ayrılmış pulu götürərək, Gürcüstana keçdim. Oradan da qeyri-qanuni yolla Çeçenistana getdim. Bir neçə ay orada qaldım. Bu müddət ərzində Gürcüstanda müharibə başladı və mən geri qayıda bilmədim. Buna görə də Dağıstana gəldim və oradan Azərbaycana keçmək istədim. Lakin Azərbaycana keçdikdən sonra burada tutuldum".
"Qarabağda döyüşənlərə də yardım gətirmişəm"
Təqsirləndirilən qeyd edib ki, Çeçenistanda və Dağıstanda rus qoşunlarına qarşı döyüşlərdə iştirak etməyib. Onun sözlərinə görə, Dağıstanda aparılan döyüşlərə rəhbərlik edən Abdulməcid ləqəbli İlqar Mollaçıyevi də tanımayıb: "Mən Çeçenistanda və Dağıstanda döyüşlərdə iştirak edən şəxslərə yardım aparmağı cinayət hesab etmirəm. 90-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində döyüşlərdə iştirak edən əsgərlərə də yardım gətirmişəm. Bunu cinayət hesab etməmişəm".
Dövlət ittihamçısı Mürvət Həsənov bildirdi ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında kəskin ziddiyyətlər var. Buna görə də prokuror həmin ifadələrin elan edilməsi ilə bağlı vəsatət qaldırdı. Hakimlər prokurorun vəsatətini təmin etdilər və təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. Həmin ifadədən məlum olur ki, Yaman Əli Abdulməcid ləqəbli İlqar Mollaçıyevi tanıyıb və onunla ünsiyyətdə olub. O, ifadəsində daha sonra yardım aparmaq məqsədiə Çeçenistna getməsini, oradan isə Azərbaycana gəlməsini izah edib. O, Çeçenistanda gedən döyüşlərdə iştirakını də etiraf edib. İfadəsi elan edildikdən sonra söz alan Yaman Əli elan edilmiş həmin ifadəni təkzib edib. O bildirib ki, həmin ifadə təzyiq altında alınıb.
Daha sonra prosesdə zərərçəkmiş qismində Əbu-bəkr məscidinin imamı Qamət Süleymanov ifadə verdi. O bildirdi ki, avqustun 17-də axşam namazı zamanı məscidə partlayıcı qurğu atılıb. Onun sözlərinə görə, məsciddə baş verən partlayış nəticəsində ayağından yaralanıb. Zərərçəkmiş təqsirləndirilən şəxslərlə aralarında cihad məsələsinə görə yaranan mübahisəyə də aydınlıq gətirdi. O bildirdi ki, cihad İslam dinində buyrulub. Onun sözlərinə görə, lakin həmin cihadın tətbiqi bəzi şəxslər tərəfindən düzgün həyata keçirilmir. O söylədi ki, təqsirləndirilən şəxslərdən Kamran Bozorgini və Qüdrət Məlikovu tanıyıb. Onun sözlərinə görə, adı çəkilən şəxslər Əbubəkr məscidinə tez-tez gəliblər və onunla ünsüyyətdə olublar. Quba dini icmasının üzvləri ilə aralarında yaranan mübahisələrə gəlincə, zərərçəkmiş belə bir mübahisənin olmadığını bildirdi: "Onlar məscidə gec-gec gəlirdilər, sonradan isə heç gəlmədiklərini gördüm. Buna görə də ötən ilin yayında Qubaya getdim. Orada Kamran və digər şəxslərlə görüşdüm. Lakin onlar da mənə incik düşmələrinin səbəbini açıqlamadılar".
"Heç kimi cəhənnəm köpəyinə bənzətməmişəm"
Əbubəkr məscidinin imamı daha sonra bildirdi ki, o, heç kimə "xəvaric" (yəni "cəhənnəm köpəkləri") deməyib. O bildirib ki, Dağıstanda və Çeçenistanda aparılan döyüşləri cihad kimi qəbul etməyib: "Bunu mən xütbələrimdə də qeyd etmişəm. Demişəm ki, həmin bölgələrdə döyüşənlərin əksəriyyəti əqidəsi olmayan şəxslərdir. Buna görə də onlarla münasibətimiz korlanıb. Mən heç kimi cəhənnəm köpəyinə bənzətməmişəm. Bütün bunları aydınlaşdırmaq üçün Kamranla görüşdüm. Lakin onlar məndən incik düşmələrini açıq demədilər. Çeçenistanda döyüşənlərə xəvaric demişəm. Lakin bunun mənasını da izah etmişəm. Həmin sözlərimi burada oturanlara aid etməmişəm".
Qamət Süleymanov bildirdi ki, təqsirləndirilən şəxslərdən və ya başqa şəxslərdən ona qarşı sui-qəsd hazırlanmasını gözləməyib. Təqsirləndirilən Qüdrət Məlikov isə İslam dinindən danışarkən Qamət Süleymanovu diqqətli olmağa çağırıb: "Qamət Çeçenistanda döyüşənləri "xəvaric" adlandırıb. Mənim ona yazığım gəlir. Çünki o, kimlərinsə əlində alətə çevrilib".
Zərərçəkmiş Nadir Usubəliyev isə bildirdi ki, Əbubəkr məscidində partlayış zamanı həyatını itirən Təyyarın atasıdır: "Oğlumun Əbubəkr məscidinə gedib-gəlməsindən xəbərim olmayıb. Lakin onun evdə namaz qılmasının şahidi olmuşam və onun bu hərəkətini bəyənmişəm. Mənim oğlum heç bir dini qrupun üzvü olmayıb. Oğlum Bakıelektrik şəbəkəsində işləyib".
Dəstə başçısı kimi tanınan Elnur Bəşirov zərərçəkmişin diqqətinə çatdırdı ki, məsciddə baş vermiş partlayışda onu təqsirli bilirlər: "Amma mənim heç bir günahım yoxdur. Məscidi partladıb, bizim boynumuza atıblar".
Zərərçəkmiş Nadir Usubəliyev isə bildirdi ki, oğlunun ölümündə günahı olanları cəzalandırmaq istəyir: "Mən ittiham aktını oxumuşam. Orada yazırlar ki, məscidi Elnur Bəşirov, Samir Mehdiyev və İsmayıl adlı şəxs partladıb. Mən onları cəzalandırmaq istəyirəm. Lakin hüquq-mühafizə orqanları buna imkan vermirlər. Ona görə də günahkarları Allaha tapşırmışam. Qoy onların cəzasını Allah versin. Burada oturanların günahı var, yoxsa yoxdur, bunu mən deyə bilmərəm. Mən əsl günahkarların cəzalandırılmasını istəyirəm".
Nadir Usubəliyev daha sonra qeyd etdi ki, əsl günahkar Samir Mehdiyevdir və o da istintaqdan yayınıb: "İstintaqın işindən narazıyam. O necə ölkədən qaça bilib? Hüquq-mühafizə orqanları necə işləyirlər ki, onun ölkədən qaçmasına imkan veriblər? İlqar Mollaçıyev Azərbaycanda gizlənir, hüquq-mühafizə orqanlarının əməkdaşları onu tuta bilmir. Gedib Dağıstanda onu orada rus hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb. Onlara təşəkkür etməliyik ki, bizim qisasımızı ala biliblər. Bizim hüquq-mühafizə orqanı əməkdaşlarımızın görə bilmədiyi işi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları görüb. Buna çox sağ ol demək lazımdır".