![]() |
çap et |
|
|||
Britaniya hökuməti ölkənin iqtisadi həyatını canlandırmaq üçün vergi amnistiyası elan edib. Bu günlərdə qəbul edilən qərara əsasən, pullarını offşor zonalarda saxlayanlar onları sərfəli şərtlərlə ölkədə leqallaşdıra bilərlər. Yəni indiyədək vergidən yayınanlar həmin pulun cəmi 10 faizini vergi kimi dövlətə ödəməklə vəsaitlərini leqallaşdıracaqlar. Britaniya hökuməti etiraf edir ki, bu addımı maliyyə böhranı və büdcədəki problemlərə görə atır. Hökumətdə ümid edirlər ki, amnistiya nəticəsində pulunu offşor zonalarda saxlayan 100 min nəfər dövlətə vergi ödəyəcək.
Maraqlıdır, bu təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü? Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, belə olan halda vergi ödəyicilərinin dövlətə olan inamı artar, növbəti mərhələdə isə büdcəyə vergi daxilolmalarında kəskin artım baş verə bilər. Əsas vergi ödəyiciləri debitor borclar barəsində düşünməz. Bir daha vergi borcu yaratmamaq üçün ödənişləri vaxtlı-vaxtında yerinə yetirər. İqtisadçı millət vəkili vergi daxilolmalarında mövcud problemlərin neftin qiyməti ilə bağlı yarandığını düşünür: "Neftin qiyməti dövlət büdcəsində proqnozlaşdırılandan aşağıdır. Mənfəət vergisi birbaşa neftin qiyməti ilə bağlıdır". Vahid Əhmədov düşünür ki, Vergilər Nazirliyinin saytında vergi gəlirlərinin strukturunun açıqlanmamasının mənası yoxdur. Çünki bunu hesablamalar, neftin qiyməti vasitəsilə araşdırmaq mümkündür. Burada gizlədiləcək bir şey yoxdur: "Hökumət də bilməlidir ki, vergi daxilolmaları nə qədər azalıb". İqtisadçı deyir ki, vəziyyət dəyişməzsə, oktyabr, noyabr aylarında dövlət büdcəsinə yenidən baxmaq lazım gələcək. Onun sözlərinə görə, xaricdə vergidən yayındırılmış kifayət qədər pul var. Əgər amnistiya elan edilsə, bu pulların böyük hissəsi Azərbaycana gətirilər və büdcəyə vergi daxilolmalarının həcmi artar. Bu həm də büdcəyə yenidən baxılma ehtimalını minimuma endirər. MM iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərincə, vergi borcları əsasən inhisarçı və ya iri vergi ödəyicisi hesab olunan dövlət müəssisələrinin borclarından yaranır: "Rəqəmlərin müqayisəsindən də görünür ki, özəl sektorun borcu iri dövlət müəssisələrinin borcunu ötüb keçir. Ona görə də məsələyə birtərəfli yanaşmaq düzgün olmaz. İri vergi ödəyicilərinin borcları ciddi araşdırılmalıdır. İndi borclar 4 milyard manatdan çoxdur". İqtisadçı vergi amnistiyasından çox, həmin vergilərin büdcəyə tam ödənilməsini təklif edir: "Əgər bu vəsait yığılsa, bizim neft fondundan transfertə ehtiyac qalmaz. Əsas gücü borcların yığılmasına vermək lazımdır. Bu istiqamətdə çatışmazlıqları aradan qaldırmağa çalışmaq lazımdır. Yerdə qalan kəsiri yalnız Neft Fondu vəsaitləri hesabına qarşılamaq gərəkdir. Bu həm də Azərbaycanın indiki və gələcək maraqlarına uyğun olar. Bura özəl sektoru da qatmaq lazımdır". Əli Məsimli bu sahəni tənzimləyən hüquqi sənədlərin orta səviyyədən yuxarı olduğunu söylədi. Onun bildirdiyinə görə, bəzi məqamlarda müəyyən boşluqların olması istisna edilmir. Əsas məsələ budur: ciddi siyasi mövqe ortaya qoyulmalıdır ki, problem öz həllini tapsın. İqtisadçı bu qənaətdədir ki, yaranmış borcun yığılması büdcəni canlandırar. Vergi amnistiyası isə əlavə vəsaitlərin büdcəyə daxil olmasına səbəb olar. Lakin birinci növbədə vergi borcları yığılmalıdır. Vergi amnistiyası bundan sonra da tətbiq oluna bilər. |