Dünən Azərbaycan futbol çempionatında növbəti mövsümün ilk oyunu keçirildi. Premyer Liqanın 2009/10 mövsümü Salyan Olimpiya Kompleksinin stadionunda keçirilən "Muğan" - "Standard" matçı ilə başlandı.
Açılış matçında hər iki komadanın baş məşqçisi ölkəmizdə debüt etdi. Azərbaycanda çalışan ilk bosniyalı mütəxəssis Kemal Alispahiçin çalışdırdığı "Muğan" Latviyanın Azərbaycanda ilk məşqçisi Valdas İvanauskasın klubunu üstələməyə çalışacaq. Bu matç həm də qonaqların Sumqayıt təmsilçisi kimi keçirdiyi ilk oyun kimi yadda qalacaq.
"Şəfa" stadionu elə ilk turdan yüklənməyə məruz qalacaq. Belə ki, bu gün "İnter", sabah isə "Olimpik" ev oyununu bu stadionda keçirəcək. Kaxaber Sxadadzenin yeni klubda Premyer Liqaya qayıdışı "Karvan"la görüşə təsadüf edəcəksə, paytaxt derbisində köhnə tanışlar üz-üzə gələcəklər. Turun daha bir oyunu Mingəçevirdə baş tutacaq. Doğma stadionda təmir işləri aparan "Qəbələ" "Simurq"la başqa məkanda üz-üzə gələcək.
Futbol tariximizdə ilk dəfədir ki, ölkə çempionatının oyunları avrokuboklarla paralel keçiriləcək. Buna səbəb "Bakı" və "Qarabağ"ın Avropa Liqası yarışlarında çıxışını davam etdirməsidir. Elə bu səbəbdən də ilk turda keçirilməli olan "Xəzər-Lənkəran" - "Bakı" və "Turan" - "Qarabağ" matçları başqa vaxta keçirilib.
Bu mövsüm Premyer Liqada 12 komanda 4 dövrədə mübarizə aparacaq. Turun oyunları cümə, şənbə və bazar günləri keçiriləcək. İlk iki dövrənin yekunlarına görə, daha çox xal toplayan 6 komanda medallar, sonrakı 6 komanda isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar.
Çempionatla bağlı proqnozlara gəlincə, indidən konkret nə isə söyləmək çətindir. Amma "Bakı", "İnter", "Simurq", "Qarabağ", "Neftçi" və "Xəzər-Lənkəran"ın ilk altılıqda yer alaraq çempionatın medalları uğrunda mübarizəni davam etdirəcəyi gözlənilir. Hərçənd "Olimpik Şüvəlan", "Standard", "Karvan" və "Qəbələ"nin də ilk altılığa düşəcəyini ehtimal etmək olar. Yeri gəlmişkən, ötən il özünün ən pis mövsümünü keçirən "Neftçi" və mükafatçılar sırasına düşə bilməyən "Xəzər-Lənkəran" klublarının yeni çempionatda necə oynayacağı böyük maraqla gözlənilir.
Avrokuboklarda mübarizəni davam etdirən "Bakı" və "Qarabağ" ilə keçirilməli olan matçlar təxirə salındığından, ilk turda cəmi 4 görüş baş tutacaq.
15 avqust - "İnter" - "Karvan";
16 avqust - "Qəbələ" - "Simurq",
"Olimpik Şüvəlan" -"Neftçi".
|