çap et  
AFFA legioner limitini dəyişdi
AFFA legioner limitini dəyişdi
Şənbə, 15.08.2009

İ.Rəfiyev
I.Rəfiyev

Dünən AFFA-nın inzibati binasında təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib. Assosiasiyanın rəsmi saytının məlumatına görə, komitə üzvləri gündəlikdə duran məsələləri iki saatdan artıq müzakirə ediblər. Nəticədə bir sıra qərarlar qəbul olunub. Bunlardan ən mühümü legioner futbolçularla bağlı çıxarılan qərardır. Belə ki, 2010/11-ci illər mövsümündən etibarən Premyer Liqada əcnəbilərə məhdudiyyət qoyulacaq. Daha doğrusu, bir klub oyun zamanı start heyətdə maksimum 8 əcnəbi futbolçunu meydançaya çıxara biləcək. Limit "8+3" sisteminə uyğun müəyyənləşdirilib. Xatırladaq ki, əvvəllər klublarda 3, daha sonra 5 legionerin oynamasına icazə verilmiş, sonra isə "5+2" prinsipi müəyyənləşdirilmişdi. Sonuncu dəfə isə AFFA əcnəbi futbolçulara qoyulan limiti ləğv etmişdi.

Bundan başqa, I divizionda birinci və ikinci yeri tutan klublara pul mükafatlarının verilməsi haqda da qərar çıxarılıb. Belə ki, AFFA birinci yerin sahibinə 100, ikinci yeri tutan komandaya isə 70 min manat mükafat verəcək.

İclasda Azərbaycan klublarının lisenziyalaşdarılması ilə bağlı Elxan Məmmədovun hesabatı dinlənib. Sonra "Standard-Sumqayıt" klubuna müvafiq sənədləri hazırlamaq üçün 10 sentyabr 2009-cu ilə qədər möhlət verilib.

Bundan başqa, 13 və 15 yaşlı futbolçular arasında keçiriləcək respublika birinciliyi üçün tələbə liqası və fondu yaradılması haqda qərar verilib. Başqa bir qərara görə, Tofiq Fətullayev və Yaşar Şamilova Azərbaycan futbolunun veteranları kimi xüsusi pensiya ayrılacaq.