"Yaşam da eynən futbol kimidir"
 |
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin eksklüziv müsahibəsi
Şənbə, 15.08.2009
|
|
Çox-çox illər öncə uşaqlığımda sevgili atamla böyük bir həyəcanla seyr etdiyim, bir çoxunun sonu məyusluqla bitən futbol matçlarımızı xatırlayıram. Hələ də dünyanın harasında oluram-olsun, milli matçlarımızı əsla qaçırmıram, amma artıq fərqli duyğularla: udacağımızı və yenilməyəcəyimizi bilmənin duyğusu ilə, matçın son dəqiqəsində belə oyunu lehimizə çevirə biləcəyimizə duyduğumuz bir inancla.
Türk futbol həyatında bu dəyişikliyi Fatih Terim öncəsi və Fatih Terim dönəmi deyə adlandırsaq, çox da yanlış olmaz. Milli komandaya rəhbər təyin olunmasından öncə, "Qalatasaray" komandasını çalışdırdığı dönəmlərdə də Avropada bizə yaşatdığı o möhtəşəm qalibiyyətləri kim unuda bilər?
Onun müvəffəqiyyətinin sirri - intizamla çalışması, oyunçularla qurduğu ata-oğul münasibətləri və yetirmələrinə təlqin etdiyi qələbə ovqatıdır.
- Sizinlə bu gün həm Fatih Terim, həm də Fatih xoca və futbol barədə danışmaq istəyirik. Dünyanın harasına gedirsiniz-gedin, sizi və çalışmalarınızı bilməyən yoxdur. Bir Türk olaraq və ölkəmiz adına sizinlə qürur duyuruq. Heç kimsənin gerçəkləşməsini röyasında belə görə bilməyəcəyi uğurlara imza atdınız. Davranış və düşüncələriniz bizim toplumun baxış bucağına və həyata yeni anlayışlar gətirdi. Uşaqlıq çağlarınız necə keçmişdir?
- Öncəliklə bəxtəvər bir uşaqlıq yaşadım. Adanada ibtidai və orta təhsilimi tamamladıqdan sonra liseyə gəldikdə, futbol mənim həyatımda ön plana çıxmağa başladı. 16 yaşımda "Adana Dəmirspor"da futbola başladım.
- Gəncliyinizdə təsiri altında olub, özünüzə örnək qəbul etdiyiniz kimlərsə oldumu?
- Həyatım boyunca mənim üçün ən yaxşı örnək atam oldu. Əzmimdə, həyata baxışlarımda, ailəmə olan münasibətlərimdə atamı örnək aldım. Karyeramda buralara gəlməyimi təmin edən bütün açar nöqtələrdə atamın mənə öyrətdiklərini tətbiq etdim. Bu an istədiyim bir yerdəyəmsə, bunlar atamın mənə qazandırdıqları ilə qərarlaşıb və qüvvətlənib.
- 19 yaşında ilk dəfə kapitanlıq bazubəndi qolunuzda komanda çıxış tunelinə gəldikdə, dostlarınıza bir kapitanın söyləməsi lazım gələnləri söylədiniz və sürətlə meydançaya cumduqdan sonra arxaya baxdığınız zaman kimsə görünmürdü. "Elə sürətlə cummuşdum ki, kimsə mənə yetişə bilməmişdi" deyə sonralar o günləri anlatmışdınız. Yaşam, daha sürətlə irəli cuman kəsin hədəfə yetişdiyi bir oyunmu?
- Mən oynadığım hər matçı önəmli bilirəm.
Futbolda bədən çalışdığı qədər zehni olaraq da özünüzü gümrah və əzmli hiss etməniz gərəkdir. Mənim üçün yaşam da eynən futbol kimidir. Cismən və ruhən həyata hazır olmalısınız. Hər zaman bir addım irəlini düşünərək, yorulmadan irəlilədiyiniz yollarda yaxşı yerlərə gəlib çıxmaq qaçılmazdır. Nizam-intizam, taktika, strategiya və inanc sizin hədəfə varmanızda mahiyyətinizdə olmalıdır. Mən oyunları bu düşüncə tərzi ilə qazandım.
- "İnsan göydəki ay kimidir: görünməyən tərəfi var" - deyir azərbaycanlı şair Bəxtiyar Vahabzadə. Sizin görünməyən tərəfləriniz nələrdir?
- Görünməyən tərəflərimizi anlada bilsəydik... Həyatımın, özəlliklə də iş həyatımın qarşıdakı qisimləri görünməyən tərəflərdir.
- Hər mövzuda özünüzə xas inam və güvəniniz var. Bunlar haradan qaynaqlanır?
- Təbiətimdən qaynaqlandığını düşünürəm.
- Çox fərqli sahələrdə çox fərqli insanlara konfranslar verdiniz. Tələbələrdən iş adamlarınadək onları yönləndirəcək, onlara təsir edəcək mülahizələr... Bu qədər fərqli sahələrdə özünüzü necə yetişdirdiniz?
- Çox fərqli auditoriyalara verdiyim konfransların mövzuları - liderlik, komanda birliyi, cəsarət... Bu mövzular mənim ixtisas sahəmə daxildir.
- Türkiyədə həm inanılmaz başarılara imza atdınız, həm də tənqid olundunuz. İdman adamlarını bir gündə dağın zirvəsinə çıxarıb, ertəsi gün dağın ətəklərinə endirirlər. Bu o qədər də ədalətli görünmür. Nə deyərdiniz?
- Əsaslı tənqidlərə hər zaman açığam. Sonucda bizi təqib edən milyonlarca insan, milyonlarca göz var. Hər insan fərqli yerdən fərqli nöqtələri tuta bilir. Hər tənqiddən müsbət bir pay hasil etməyə çalışıram, amma nə edim ki, yıxıcı tənqidlərə dözə bilmirəm. Zatən edilən haqsızlıq qarşısında susqun qalmaq xarakterimə uyğun deyil.
Mən Türkiyənin həsrət qaldığı başarılara imza atmış bir mütəxəssisəm. Bu tərzdə çıxışlarla bir gün göylərdə olmaq, bir gün ətəklərdə olmaq, təbii ki, mənə də xoş deyil və bunu heç də ədalətli görmürəm.
- Milli komandanı çalışdırmaqla liqa komandasını çalışdırmaq arasında mənəvi baxımdan çiyninizə daha yüksək məsuliyyət yükləndiyini söyləyə bilərsinizmi?
- Mənim üçün hər iş önəmlidir. Milli komanda olduqda bütün ölkə qarşısında məsuliyyət sahibisən. Üzərinə daha çox iş və yük almış olursan. Amma liqadakı bir komandanı çalışdırdıqda, sadəcə, o komandanın tərəfdarları və oyunçuları qarşısında məsulsan. Təbii ki, ikisi də çox önəmli, amma yüklədikləri stress fərqlidir.
- Qardaş ölkə Azərbaycanda da çox sevilib-sayılırsınız. Onlar da sizinlə bağlı hər şeylə maraqlanırlar. Bakıda "Ayna" qəzetində yayımlanacaq bu müsahibə vasitəsilə Azərbaycana necə bir ismarıc göndərmək istərdiniz?
- Qardaş ölkə Azərbaycanın şəxsimə göstərdiyi sevgi və sayğıya təşəkkür etmək istərdim.
- Kayseridə keçirilən Türkiyə-Azərbaycan dostluq matçında "Bu dostluq matçı deyil, qardaşlıq matçıdır" sözünüzlə iki ölkə arasındakı münasibətləri çox gözəl vurğuladınız. Futbolda münasibətləri inkişaf etdirmək baxımından nələr edilməlidir?
- Mən bu matça çıxarkən "gerçəkdən qardaşlıq matçına çıxırıq" sözüylə başladım. Mənimlə birlikdə futbolçularımın da bunu içdən hiss etdiklərinə inanıram. Futbol intizam və sayğı işidir. Bunu əsas aldıqda, əlaqələri inkişaf etdirməkdə problem yaşamayacağımızı düşünürəm.
- Mövsüm içində günlük proqramınız nə şəkildədir?
- Türkiyə Futbol Federasiyasında gün içində işimizin gedişində yer alan çalışmalara görə proqramlarımı tuturam. Heyətə daxil olan əməkdaşlarla birlikdə çalışaraq layihələr tuturuq.
- Sahəyə çıxardığınız komandanı qurarkən oyunçunun düşərgədəki oyun xarakteristikaları, yoxsa mövsüm ərzindəki oyununumu düşünərək qərar verirsiniz?
- Hər oyunçunun bizimlə məşqləri və düşərgədəki göstəriciləri önəmlidir. Mövsüm ərzindəki oyunu da diqqətə alınır.
- Gənclərə yaxşı futbolçu ola bilmələri üçün nə təklif edirsiniz?
- Öyrənərək, çalışaraq və gəlib çıxdığı mövqeyi yetərli görməyərək başarılı fərdi namizəd ola bilərlər.
- Bütün bu sərt görüntünüzün altında duyğulu və ata məhəbbəti ilə dolu bir qəlbin varlığını söyləməmiz yanlış olmazdı. Nə deyərdiniz?
- Mənim görünüşümə və olaylara verdiyim təpkilərə baxaraq sərt bir insan kimi görə bilərsiniz. İnsan elə hey gülə bilərmi? Mənim sərt bir adam olduğum barədə fikirlə razılaşa bilmərəm. Əksinə, duyğulu bir adamam. Çünki mənim işim duyğularla görülən bir iş...
|
|
|
Oxşar xəbərlər:
"Bakı" növbəti mərhələnin bir addımlığında
|
|
|